Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:22

Pasportlar və şəxsiyyət vəsiqələri ilə bağlı xətalar və onların cərimələri


-



"İnzibati Xətalar Məcəlləsi"ndən çıxarış.

Məcəlləni tam şəkildə buradan endir.
Bu sənəddə 2013-cü ilin yanvarına qədər olan düzəlişlər əksini tapıb. Bu tarixdən sonra edilmiş düzəlişlərlə birlikdə Məcəllənin yenilənmş mətnini Ədliyyə Nazirliyinin bu saytından əldə edə bilərsən.



Maddə 327. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması
327.1. Fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə —

xəbərdarlıq edilir və ya otuz manat miqdarında cərimə edilir.

327.2. Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunda nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə —

yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir

Maddə 329. Şəxsiyyət vəsiqəsi olmadan və ya yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşama
Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına, habelə həmin müddət ərzində yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə —

xəbərdarlıq edilir və ya iyirmi manat miqdarında cərimə edilir

Maddə 331. Şəxsiyyət vəsiqəsinin pasportun, dənizçinin şəxsiyyət sənədinin, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın və Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərin itirilməsi və ya qəsdən korlanması
Şəxsiyyət vəsiqəsinin pasportun, dənizçinin şəxsiyyət sənədinin, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın və Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərin itirilməsinə və ya qəsdən korlanmasına görə —

otuz manat miqdarındacərimə edilir

Maddə 332. Şəxsiyyət vəsiqəsinin, pasportun və ya dənizçinin şəxsiyyət sənədinin verilməsi qaydalarının pozulması, qanunsuz alınması və ya girov götürülməsi, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydalarının pozulması
332.1. Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə —

səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

332.2. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onun verilməsində süründürməçiliyə yol verilməsinə görə —

səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

332.3. Dənizçinin şəxsiyyət sənədinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün dənizçidən qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb olunmasına və ya şəxsiyyət sənədinin verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə, habelə onun verilməsi qaydalarının pozulmasına görə —

səksən beş manatdan doxsan manatadək cərimə edilir

Maddə 333. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılması
Vətəndaşın Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasına görə —

səksən manatdan doxsan manatadək miqdarda cərimə edilir

Maddə 334. Sərhədboyu rejiminin pozulması
334.1. Sərhədboyu zonaya daxil olma və ya orada yaşama, yaxud qeydiyyata alınma qaydalarının pozulmasına görə —

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

334.2. Sərhədboyu zolağa icazəsiz daxil olmağa, sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında lazımi icazəsi olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılmasına, mal-qaranın saxlanılmasına və otarılmasına, kütləvi-ictimai tədbirlərin keçirilməsinə görə —

fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir

Maddə 335. Azərbaycan Respublikasının sərhəd sularında (Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində) sərhədboyu rejiminin pozulması
Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda lazımi icazəsi olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə —

gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir

Maddə 336. Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulması
Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimin pozulmasına görə —

vətəndaşlar yüz manatdan iki yüz manatadək miqdarda cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilməklə onlar Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qayadada çıxarılır.

Maddə 336-1. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində fiziki və hüquqi şəxslərdən əşyaların qanunsuz olaraq götürülməsi
336-1.1. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları («normativ hüquqi aktları» dedikdə, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında» 1997-ci il 24 iyun tarixli 609 nömrəli, «Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanları və «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 may tarixli 105 nömrəli qərarı nəzərdə tutulur) ilə gətirilməsinə və ya aparılmasına qadağa qoyulan, xüsusi icazə tələb olunan və ya məhdudiyyət qoyulan əşyaların protokol tərtib edilmədən fiziki və hüquqi şəxslərdən qanunsuz olaraq götürülməsinə görə —

vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə edilir.

336-1.2. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə gətirilməsinə və ya aparılmasına qadağa qoyulmayan, xüsusi icazə tələb olunmayan, məhdudiyyət qoyulmayan əşyaların fiziki və hüquqi şəxslərdən qanunsuz olaraq götürülməsinə görə —

vəzifəli şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.

Maddə 338. Diplomatik və ya xidməti pasport sahiblərinə lazımi kömək göstərilməməsi
Diplomatik və ya xidməti pasport sahibinə zəruri hallarda kömək və havadarlıq göstərilməməsinə görə —

vəzifəli şəxslər əlli beş manatdan səksən manatadək miqdarda cərimə edilir

Maddə 339. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaşaması, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarının pozulması

339.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikası ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni:

339.1.1. Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşamasına;

339.1.2. etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına;

339.1.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu və ya müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olmasına;

339.1.4. işə düzələrkən qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmasına;
339.1.5. bir yerdən başqa yerə getmə və yaşayış yeri seçmə üçün qanunvericilikdə müəyyən olunmuş qaydaya əməl etməməsinə;

339.1.6. qanunvericilikdə müəyyən edilmiş qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına;

339.1.7. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə —

əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.

339.2. Əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət etmiş və onlara yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən həmin şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bitdikdən sonra müəyyən olunmuş qaydada vaxtında ölkə ərazisindən çıxmasının təmin edilməsi üçün tədbir görülməməsinə görə —

üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.

339.3. Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən və onların Azərbaycan Respublikasında olması, yaşaması və ya Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin müəyyən edilmiş qaydalarının pozulmasına görə —

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Maddə 340. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsi

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş vətəndaşlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada onların vaxtında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər görməməsinə görə —

üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG