Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 02:06

«Yas mağarı ortalıqda, plov qazanları qazda, gəldilər, 35 manat borca görə qazı kəsib getdilər».

«14 KİLO DÜYÜ ƏZİLDİ»

Ağdamın Xındırıstan kəndinin sakinləri AzadlıqRadiosunun «Qaynar xətt»inə yerli qaz idarəsindən şikayətçi düşüblər.

Dünyasını dəyişmiş gənc oğlunun yas mərasimi zamanı qaz işçilərinin gəlib qaz xəttini kəsib getmələri kənd sakini Ədilə Həsənovaya pis təsir edib. Deməsinə görə, qaz xətti kəsiləndə xəbərdarlıq da olunmayıb ki, ailə dərhal borcu ödəsin və məclisdə narahatçılıq yaranmasın: «Bir də gördük ki, qaz sönüb. 14 kilo düyü əzildi, yararsız hala düşdü. Ehsan verə bilmədik. Nə vaxt gəlib kəsib gediblərsə, heç kəsin xəbəri olmayıb. Ən azı, görsəydik, borcu ödəyərdik. Üstəlik də, hələ ayın sonuna bir həftə vardı, ödəməyə vaxtımız kifayət qədər idi».

«50 MANAT BORCUMUZ VƏ ÖDƏMƏYƏ VAXTIMIZ VARDI»

Avqustun 22-də mavi qazın qəfil kəsilməsi ilə təkcə bu ailə qarşılaşmayıb. Kənd sakini Müşfiq Abışov buna görə qaz idarəsinin işçiləri ilə xırda mübahisəyə də girib. Ancaq faydası olmayıb: «Əvvəla, ayın sonuna hələ bir həftə qalırdı. Bir də gördük qaz kəsildi, küçəyə çıxdım, gördüm qaz idarəsinin işçiləri yola düzəlib gedirlər. Soruşdum ki, «neynirsiz?». Dedilər, «borcunuz var, ona görə də qazı kəsdik». 50 manat borcumuz var, ancaq hələ ki, ödəməyə vaxt vardı. Üstəlik, xəbərdarlıqsız bunu necə etmək olar?».

Kənddə, ümumilikdə, 20-dən çox evə gedən qaz xətləri borca görə kəsilib. Sakinlərin bir qismi borclarını ödəyərək mavi yanacağın verilişini bərpa etdirə biliblər. Ancaq onlar xəttin xəbərdarlıqsız kəsilməsi ilə razılaşmırlar.

«MÜSƏLMANÇILIQDIR, OLA BİLMƏZ»

Ağdamın qaz idarəsindən «Qaynar xətt»ə bildiriblər ki, qaz kəsilməmişdən abonentlərə borclarını ödəmək barədə bildirişlər göndərilib.

– Abonentlər şikayətçidirlər ki, ayın sonu çatmamış qaz kəsilib.

– Söhbət bu ayın borcundan getmir ki... Bundan əvvəlki borclara görə kəsilib. Yas məclisinə gəlincə, ola bilməz. Müsəlmançılıqdır, bizim işçilər elə şey eləməzlər. Yenə də araşdırarıq.

Xındırıstanlılar təkcə mavi yanacaqsız qalmaqdan gileylənmirlər. Onlar əkin sahələrinin susuzluqdan məhv olduğunu və məhsulsuz qaldıqlarını bildirirlər. Demələrinə görə, kənddəki artezian quyularının azlığı suvarma işini görməyə imkan vermir. İçməli suyu isə vaxtaşırı kəndə gələn su maşınlarından alırlar.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG