Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:00

Kiçik Nazarbayev gəlir


Nursultan Nazarbayevin və nəvəsi Aisultan (sağda), 1997
Nursultan Nazarbayevin və nəvəsi Aisultan (sağda), 1997

Cəld və qabadır. Hakimiyyətə susamış birisidir. Daim kiminləsə ədavətdədir və bundan zövq alır. Özünü hər kəsə elə göstərir ki, sanki ölkədə elitanı və oliqarxları görməyə gözü yoxdur. Hərçənd özü Qazaxıstanın ən elitar ailəsinin övladı olub, ən nüfuzlu oliqarx dairədəndir.

Nəyin bahasına olursa-olsun

Daim prezidentə sadiqliyindən danışır. Həmişə deyir ki, prezident Nursultan Abishevich yaxşıdır, amma öz kareyasından və puldan savayı heç nə düşünməyən nalayiq adamlarla əhatələnib. Hər fürsətdə, ancaq özəlliklə, münaqişəli durumlarda prezidentin adını çəkir, onun nüfuzunun arxasına sığınır.

Buna da bax: Balaca Heydər: Pambıq müşavirəsində parlayan ulduz

Ümumiyyətlə, kiminləsə şəxsi ədavəti varsa, dərhal bunu həmin şəxsin prezidentlə münaqişəsi kimi qələmə verir. Hansı yolla olursa-olsun, hədəfinə çatmağa çalışır.

Bu yolda özünə düşmən seçdiyi şəxsləri ictimaiyyətə prezidentin düşmənləri kimi təqdim edir. Futbolu çox sevir və ölkəsində bu sahəyə rəhbərlik etmək istəyir.

Rahat Aliev
Rahat Aliev

Bu personaj sizə kimisə xatırladırmı?

Yuxarıdakı xarakteristikanı Qazaxıstanda kimə nəql etsəniz, dərhal Rahat Aliyev-dən danışdığınızı söyləyərlər. O Rahat Aliyev-dən ki, 25 ildir ölkəni idarə edən Nursultan Nazarbayev-in kürəkəni kimi bir vaxtlar ölkənin ən nüfuzlu biznesmen-diplomatı olub.

2007-ci ildə prezidentlə münaqişəsindən sonra Avstriyaya sığınaraq, 2015-ci ildə orada həbsxanada naməlum şəraitdə ölüb. Əslində isə, söhbət heç də ondan yox, hər addımı, hər xüsusiyyəti ilə atasını xatırladan oğlu Aisultan-dan gedir.

Buna da bax: İlham Əliyev prezidentliyə namizəd oldu

Bəli, Aisultan Nazarbayev indi Qazaxıstanın tutqun üfüqündə parıldayan yeni ulduzdur. Onun ulduzunun trayektoriyası atasınınkına çox bənzəyir, atasınınkı kimi parlaqlıq və gözlənilməzlik vəd edir.

Aisultan-ın ictimaiyyətə "təqdimatı"

Aisultan-ın ictimaiyyətə "təqdimatı" çox sürətli olub. Rəsmi bioqrafiyasına görə, İngiltərədə hərbi akademiyanı bitirəndən sonra qısa müddətə hansısa xüsusi xidmət orqanında çalışıb.

Yaxşı bir ailənin qızı ilə evlənməsi ölkənin internet məkanına səs saldıqdan sonra bu şöhrətpərəst gənc artıq siyasət meydanına atılmağın vaxtı çatdığına qərar verib və Qazaxıstanın Futbol Federasiyasının prezidenti olmaq istəyini açıqlayıb.

Qazaxıstan Futbol Federasiyasının prezidenti Erlan Kozhagapanov
Qazaxıstan Futbol Federasiyasının prezidenti Erlan Kozhagapanov

Ancaq məsələ burasındadır ki, federasiya prezidenti seçkili vəzifədir, üstəlik də, dünya üzrə bu vəzifədə olanların orta yaşı 40-dır. Aisultan-ın isə, hələlik, 25 yaşı var. Lakin o bunu əngəl saymır və federasiyanın hazırkı prezidenti Kojaqapanova od püskürür. Çox keçmir ki, istədiyinə qismən nail olur – Kojagapanov müəmmalı təhsil məzuniyyəti ilə bağlı vəzifəsindən istefa verir.

Böyük tarixin başlanğıcı

Balaca Nazarbayev-in iddiası, hələ ki, futbolla məhdudlaşır. Amma hamıya aydındır ki, bu, böyük yolun və deyəsən, növbəti böyük tarixin başlanğıcıdır.

Ən əsası, bütün bu proseslərdə bulanıq da olsa, bir deja-vü hissi aydın sezilir. Atası Rahat Aliyev istər biznesini, istərsə də siyasi karyerasını daim darısqal sayıb.

Rəqibini özünün nəzarəti altındakı media orqanları vasitəsilə qaralayaraq, güc strukturlarının köməyilə "boğub" sıradan çıxardıqdan dərhal sonra özünə yeni rəqib tapır və bundan sanki zövq alırdı. Eynən atası kimi, Aisultan da Kojagapanov-un istefasından sonra siyasi elitanın başqa üzvlərinə nifrət saçıb, onları “orta əsr təfəkkürlü insanlar” adlandırıb.

Rakhat Aliev və Nursultan Nazarbaev, Astana, 2001
Rakhat Aliev və Nursultan Nazarbaev, Astana, 2001

Onun məmurlar haqda dediklərinin həqiqət olmadığını söyləməyə adamın dili dönmür. Ancaq burda əsas məsələ nəyin söylənməsi yox, söylənilənlərin arxasında hansı ambisiyaların durmasıdır.

Prezident ailəsi üzvünün hədsiz ambisiyalarının və azğın temperamentinin təkcə onun özünü yox, həm də bütöv ölkəni haralara apara biləcəyini isə qazaxıstanlılar hələ də unutmayıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG