Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:51

'Qərar böyük villaları, bağ evləri olanlara aiddir' [video]


Ölkədə yeni bahalaşma dalğası gözlənilir. Tarif Şurasının qazın və işığın qiymətlərinin qaldırılması ilə bağlı qərarını şərh edən müstəqil iqtisadçılar bu qənaətdədirlər.

Tarif Şurası Dövlət Neft Şirkəti, “Azərenerji” və “Azərişıq”-ın müraciətinə əsasən, elektrikin, təbii qazın pərakəndə satışı ilə bağlı yeni tariflər müəyyən edib.

YENİ QİYMƏT NECƏ HESABLANMALI?

İldə 1500 kubmetrdən çox qaz işlədənlər əvvəlki kimi qazın hər kub metrinə görə 10 qəpik deyil, 2 dəfə çox - 20 qəpik ödəyəcəklər. Bu isə o deməkdir ki, kimsə qaza ildə 360 manat xərcləyirdisə, yeni qiymətlərlə 570 manat ödəyəcəklər. İllik qaz sərfiyyatı 1500 kubmetrdən az olanlar üçün qiymət eyni qalır.

Buna da bax:​ Qaz və elektrik tarifləri qaldırıldı

Ayda 250 kilovat-saatdan az elektrik işlədənlər üçün qiymət dəyişmir. Amma ayda 250 kilovat-saatdan çox elektrik işlədənlər hər əlavə kilovat-saata görə indiki kimi 7 qəpik deyil, 11 qəpik ödəyəcəklər. Yəni, məsələn, indiyəcən ayda 28 manat işıq pulu ödəyən yeni qiymətlərlə ayda 44 manat ödəməli olacaq.

"ƏHALİ NƏ VƏZİYYƏTƏ DÜŞƏCƏK BUNU BİR ALLAH BİLİR"

6 nəfərlik ailənin başçısı - Səfər Yarəliyev ayda 20 manat işıq pulu, 15 manat isə qaz pulu ödədiyini deyir. Bildirir ki, qış aylarında sərfiyyat daha çox olur. Aylıq qazancı 600 manat olan Səfər kişi deyir ki, ailənin xərcləri durmadan artır, bahalaşma təkcə qaz, işıqla bitsəydi nə varıydı ki:

"İşığın, qazın qiyməti artırsa, digər məhsulların da qiyməti istər-istəməz artacaq. Çünki hər şey qazla, elektriklə əlaqədardır. Təkcə bunlar artsaydı, eybi yox deyib, bir təhər dözərdik. Ərzağın da qiyməti artanda bu əhali nə vəziyyətə düşəcək, bunu bir allah bilir. Gərək dövlət bu haqda fikirləşib, hakimiyyətə öz göstərişlərini versin".

Buna da bax:​ Çörək də bahalaşa bilər, ya da...

Tarif Şurası Dövlət Neft Şirkətinin məlumatına əsasən bildirir ki, ölkə əhalisinin 62 faizi ildə 1500 kubmetrdən az qaz yandırır. Amma müstəqil iqtisadçılar bununla razılaşmırlar.

"QAZ ƏHALİYƏ PULSUZ VERİLƏ BİLƏR"

İqtisadçı Natiq Cəfərlinin təqribi hesablamalarına görə, son qiymət artımından dövlət büdcəsinə əlavə 300 milyon manat vəsait daxil ola bilər. Halbuki Azərbaycan qazı əhaliyə pulsuz da verə bilər:

"Çünki Beynəlxalq Əməliyyat Şirkəti 1994-cü ilin sazişinə görə, səmt qazını Azərbaycana pulsuz verir. İldə təxminən 2,5 milyard kubmetr havayı qaz alırlar. Bəs niyə bu qazı əhaliyə pulsuz vermirlər? Əhalinin istehlakı bu həcmdən bir az çoxdur və bu məntiqlə, biz qazı pulsuz almalıyıq".

Sosial şəbəkə istifadəçiləri qiymət artımı qərarına görə tənqidi statuslar yazıblar. Özü qaz istehsalçısı olan Azərbaycanın öz əhalisi üçün qazı bahalaşdırmasına görə hökuməti qınayıblar.

Buna da bax:​ Qatarların qiyməti də qalxacaq

Bir neçə gün öncə isə Ermənistan əhali üçün mavi yanacağın qiymətini endirən qərar verib.

Azərbaycanda qaz və işığın qiymətinin artırılması ilə bağlı Tarif Şurasının qərarı xeyli suallar yaradır. amma Şuradan bu sualları cavablayacaq kimsə tapılmır. Mətbuat xidməti telefonun dəstəyini qaldırmır.

Millət vəkillərinin qərara münasibətləri fərqlidir. Müstəqil ekspertlər isə düşünürlər ki, artımın heç bir əsası yoxdur, məqsəd boşalan dövlət büdcəsini vətəndaşların hesabına doldurmaqdır.

Buna da bax: Bahalaşmanın səbəbi təkcə dollardırmı? [video]

İSRAFÇILIQDAN SÖZ BELƏ GEDƏ BİLMƏZ

İqtisadçı Rövşən Ağayev rəsmi statistika əsasında bir nəfərin aylıq işıq və qaz sərfiyyatını hesablayıb. Çıxardığı nəticə odur ki, əhalinin israfçılığından danışmaq yersizdir. Rövşən Ağayevin təxmini hesablamasına görə, bir nəfər aya ortalama 27 kub metr qaz, 64 kilovat-saat işıq istifadə edir. Bu da nazirlər Kabinetinin təsdiqlədiyi minimum istehlak həddinə çox yaxındır.

İqtisadçı Natiq Cəfərli bildirir ki, son iki ildə dünyada əhaliyə satılan qızın qiyməti sürətlə ucuzlaşır. Tutalım, 2014-cü ildə Avropa ölkələrində alınan qazın ortalama qiyməti 420-430 dollar idisə, indi 220 dollara enib. Hətta Azərbaycanın özünün qaz satdığı ölkələrdə belə qazın qiyməti ucuzlaşıb. Məsələn, Türkiyədə, Gürcüstanda da qaz ucuzlaşıb. Natiq Cəfərli Azərbaycanda qazın qiymətinin artmasını bir neçə səbəblə bağlayır:

Buna da bax: Azadlıq Radiosunun və 'Amerikanın səsi'nin saytları bloklanıb?

"Birincisi büdcədə yaranmış problemlərlə bağlıdır. Azərbaycan hökuməti ciddi islahatlar aparmaqdansa, iqtisadiyyatı canlandırmaqdansa, primitiv yol seçib bu yükü də əhalinin çiyninə qoydu. Amma digər məsələlərdə də var. Əvvəla, Azərbaycan hökuməti Rusiyadan 3 milyard kub metr qaz almağı planlaşdırır. Mən şəxsən bunu mədəni rüşvət adlandırardım. Azərbaycanın buna ciddi ehtiyacı yoxdur. Amma Azərbaycan Rusiyadan gələn il bu qazı almaqla üzərinə düşən öhdəliyi gerçəkləşdirmiş olacaq. İkincisi, Azərbaycan həm Gürcüstan, həm də Rusiya qarşısında öhdəlik götürüb. Azərbaycan bu iki ölkəyə satdığı qazın həcmini artırmağı öz üzərinə götürüb. Üçüncü məsələ kredit müqavilələridir. Azərbaycan hökuməti ciddi şəkildə beynəlxalq maliyyə qurumları ilə kredit müqavilələrinin bağlanmasına çalışır".

Buna da bax:​ Qubad İbadoğlu: 'Qiymətlər daha sürətlə qalxacaq'

Natiq Cəfərli bildirir ki, kredit müqaviləsinin bağlanması şərtlərindən biri də kommunal xidmətlərin qiymətinin artırılmasıdır. Amma onun fikrincə, Azərbaycan iqtisadiyyatın liberallaşdırılması, qanunun aliliyinin təminatı, Ümumdünya Ticarət Təşkilatına üzv olmaqla bağlı tələbləri bir kənara atıb özünə sərf edən tələbi gerçəkləşdirir.

Millət vəkilləri də yerli mediaya müsahibələr veriblər. Deputat Rüfət Quliyev hesab edir ki, bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək. Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Onun həmkarı Tahir Rzayev isə düşünür ki, bu qərar aztəminatlı ailələrə o qədər də ziyan vurmayacaq. Qərar əsasən, böyük villaları, bağ evləri olanlara aiddir.

Bakı sakinlərindən də soruşmuşuq ki, yeni tariflər onların ailə büdcəsinə necə təsir edəcək? Artan xərcləri necə qarşılayacaqlar? Baxaq...

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlunun fikrincə, maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlər bahalaşacaq. Daha çox təsirə məruz qalan çörək bişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq.

Buna da bax: Heydər Əliyev: 'Nə qədər ki varam, nə metro, nə də çörək bahalaşacaq'

Millət vəkili Əli Məsimli isə bildirib ki, Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətini qaldırması ölkədə kataklizmlərə yol aça bilər. Əli Məsimli də hesab edir ki, manatın ucuzlaşması fonunda enerji daşıyıcılarından istifadənin qiymətinin qaldırılması ölkədə sürətli bahalaşmaya təkan verəcək və böhranı bir az da dərinləşdirəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG