Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:04

'Türk axını' Azərbaycan layihələrini dəfn edə bilərmi?


Qaz kəməri tikintisi

Qaz kəməri tikintisi

İqtisadçı ekspert şərhi

Türkiyə ilə Rusiya “Türk axını” layihəsinin reallaşdırılması yönündə razılığa gəldilər. Amma bəzi ekspertlər bu layihənin qazını Avropaya çıxarmağa hazırlaşan Azərbaycana ciddi rəqib olduğunu düşünürlər. Nə qədər haqlıdırlar? Bu suala enerji məsələləri üzrə ekspert İlham Şaban cavab verir:

– Buna gərək bir neçə aspektdən yanaşaq. Hər bir layihənin müəyyən təsirləri olur. İş burasındadır ki, bu layihə – “Türk axını” iki boru kəmərindən ibarət olmalıdır. Birinci boru kəməri Rusiyayla Türkiyəni birləşdirir və əsas məqsədi Rusiya qazını Türkiyəyə tranzit ölkələr olmadan çatdırmaqdır. Həcmi 15,75 milyard kubmetrdir. Bu, son 3 ildə Trans Balkan qaz kəmərinin üzərindən keçən həcmlərlə müqayisədə təqribən 1,5-2 milyard kubmetr artıqdır. Hökumətlərarası sazişdə göstərilir ki, boru kəmərinin çəkilişi 2019-cu ilin dekabrında başa çatmalı və kəmər istismara verilməlidir. Beləliklə də, kəmər 2020-2021-ci illərdə işə düşəcək. Ona görə Türkiyə bazarına daxil olan həcmlər elə də təsir gücünə malik olmayacaq. Ancaq ikinci boru kəməriylə bağlı bəzi məqamlar var.

Buna da bax:​ Rusiya və Türkiyə 'Türk axını'nı imzaladı

İlham Şaban

İlham Şaban

– Söhbət nədən gedir?

– İkinci boru kəməri Rusiya qazının Türkiyədən keçməklə Avropaya daşımaq üçündür. Ancaq hələ o da bəlli deyil ki, bu boru kəməri hansı məntəqələrə çıxacaq. Və hansı yolla Avropa ölkələrinə gedəcək. Düzdür, bundan öncə, yəni 2015-ci ilin fevralında Avropa və Türkiyə rəsmiləri bir marşrut müəyyənləşdirmişdilər. Həmin marşruta əsasən, bu boru kəməri Türkiyə Yunanıstan sərhədində Spala deyilən bir məntəqədən Avropaya daxil olacaq. Həmin məntəqə TANAP-la TAP-ın qovuşduğu yerdir həm də. Niyə bu məntəqə seçilib? Həmin məntəqədən sonra Yunanıstanda müxtəlif istiqamətlərə manevr imkanları açılır. Onu həm İtaliyaya, həm Bolqarıstana, Adriatik dənizinə, həm də Balkan ölkələrinə çıxarmağa relyef gözəl imkanlar verir. Eyni zamanda, ordakı daxili qaz şəbəkəsi, qazötürmə stansiyaları, yeni qurulacaq infrastruktur da buna əl verir. Amma belə bir sual da yaranır, Rusiya 2019-cu ildən sonra Ukrayna ilə tranzit müqaviləsini imzalamasa, həcmləri minimum azaltsa, ümumiyyətlə, Bolqarıstana da qaz verməsə, onda onun heç həmin boru kəmərini Spalaya qədər uzatmasına ehtiyac qalmayacaq. TransBalkanı relyef istiqamətində istifadə etmək də olar. Boru kəməri Avropa hissəsinə çıxarılır və Bolqarıstana ötürülür, burdan da Serbiyaya çəkilir. Burdan başqa ölkələrə də aparıla bilər. Ona görə də bu məsələ hələ açıqdır. İkincisi, Rusiyanın Avropaya qaz ötürməsi üçün Rusiyayla Avropa Komissiyası arasında razılaşma gərəkdir. Belə razılaşma olmasa, ikinci boru kəmərinin tikintisi haqqında qərar qəbul edilməyəcək.

Buna da bax:​ Çavuşoğlu “Türk axını”nın TANAP-a qoşulmasını təklif edir

– Yəni ortada həll olunası xeyli məsələ var.

– Bəli. Özü də bu məsələlər bir qədər sonra həllini tapacaq. Ancaq bunun həllini tapması üçün təkcə Türkiyə, Rusiya və Avropa Komissiyası kontekstində baxmaq düz olmazdı. Bunun spektri genişdir. Hökmən Rusiya ilə Avropa Komissiyası arasında Ukraynadan keçəcək tranzit həcmləri razılaşdırmaq lazımdır. Söhbət 2019-cu ildə müqavilə başa çatandan sonra onun uzadılıb-uzadılmamasından, hansı həcmlərin saxlanılmasından və ya dayandırılmasından gedir. Məsələ mürəkkəbdir. Bu da Ukraynanın Şərqindəki vəziyyətdən asılı olacaq. Ukrayna ilə Rusiya arasında yığılan borc məsələsi də həllini gözləyir. Məsələ çoxdur. İkinci məsələ “Şimal axını -2” layihəsidir. Baltik dənizinin dibindən yeni, paralel qaz kəmərinin Avropaya çıxarılmasından söhbət gedir. Görürsünüz, ortada Rusiyanın həll edəcəyi məsələlər var ki, “Türk axını”nın ikinci qolunu ərsəyə gətirsin. Bu, heç də asan məsələ deyil.

– Ona görə də bu məsələlər həllini tapanadək “Azərbaycanın qaz layihələrinə təhlükə yoxdur” deyə bilərik?

– “Türk axını”nın “Cənub” qaz dəhlizinə təhlükəsindən, ona çox böyük fəsadlar yaratmasından qorxmaq lazım deyil. Ancaq o da var ki, Rusiya sadə oyunçu deyil. “Karnegi” Fondunun araşdırmasına görə, Rusiya avqustdan başlayaraq, Avropada, o cümlədən Almaniyada qazı maya dəyərindən ucuz satıb. Məqsəd də ABŞ-dan bir neçə partiya gətirilən maye qazın Avropa bazarında satılmasını əngəlləməkdir.

Buna da bax:​ Azərbaycan ciddi sınaq qarşısında

– İlham bəy, şimaldan, cənubdan Avropaya layihələr gerçəkləşdirməyə hazırlaşan Rusiyanın Azərbaycanın layihələrini də dəfn edəcəyini düşünənlər nə qədər haqsızdırlar?

– Onlar bunu hansı məntiqlə deyir, bilmirəm. Sadəcə, regional bazarda qazın həcmi artırsa, bu, qiymətlərə təsir göstərir. Ancaq nəzərə alınmalıdır ki, 2015-ci ilin yekunlarına görə, Türkiyə bazarında Rusiya qazının həcmi 55,3 faiz olub. 2020-ci ildə isə bu bazarda Azərbaycan qazının həcmi 6 milyard kubmetrdən 12 milyarda qədər artacaq. Bu da Rusiya qazının həcminın bu bazarda azalması hesabına mümkün olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG