Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:15

'Bir dəfə qaz balonu alışdı, götürüb beşinci mərtəbədən tulladıq çölə...'


Arxiv fotosu

Arxiv fotosu

Köçkünlər: “Qaz balonu partladı, yanğın oldu”

“Gəlib binada qapı-qapı düşüb bildiriş paylayırlar ki, “referendum olacaq, gələrsən, səs verərsən”. Deyirəm, “srağagün gələydiniz, buralar od tutub yanırdı”. O balonun partlamasında da, yanğının baş verməsinin ən böyük günahkarı da elə bu hökumətdir. Dünyaya qaz paylayır, 23 ildir məskunlaşdığımız bu binaya qaz çəkmir, qaz balonlarının ümidinə qalmışıq, həyatımız göz görə-görə məhv olur”.

“BİNADA 150 QAZ BALONU VAR”

Sentyabrın 17-də Buzovnadakı Xəzər sanatoriyası ərazisində - beşmərtəbəli binanın 2-ci mərtəbəsinin dəhlizində yanğın baş verib.

Buzovna qəsəbəsindəki "Xəzər” sanatoriyasının ərazisində məskunlaşan Səlimə Əvəzovadı danışan. Bu sanatoriyada köçkünlər dövlətin qarşısında normal şəraitli evlə təmin olunmaq tələbi qoyublar. 3 gün əvvəl binada baş vermiş partlayış onları daha da qəzəbləndirib.

Buna da bax:​ «Qaz xətti çəkilən kənddə niyə qaz balonu partlasın ki?»

Səlimə Əvəzova:

“Qaz balonu partladı. Partlayışdan binanın bir hissəsi tamam yararsız hala düşdü. Başqa cür də ola bilərdi. Bütün bina göyə uçardı. Özünüz düşünün, 150 ailənin hamısı qaz balonundan istifadə edir. Bu da bir binada 150 qaz balonunun eyni vaxtda istifadəsi deməkdir”.

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb ki, sentyabrın 17-də Buzovnadakı Xəzər sanatoriyası ərazisində - beşmərtəbəli binanın 2-ci mərtəbəsinin dəhlizində yanğın baş verib. Köçkünlərə məxsus ev əşyaları yanıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının başqa mənzillərə keçməsinin qarşısı alınıb.

“QAZ BALONU ÇÖLDƏ PARTLADI”

"O balonun partlamasında da, yanğının baş verməsinin ən böyük günahkarı da elə bu hökumətdir..."

Azı 20 ildir ki, sanatoriyanın ərazisində 150 köçkün ailəsi məskunlaşıb və AzadlıqRadiosu-na demələrinə görə, yaşayışları ürəkaçan deyil. Köçkün Səlimə Əvəzova binada su, kanalizasiya xətlərinin dağıldığını, qaz xəttinin isə yerli-dibli olmadığını deyir:

“Yay-qış – bütün ili İran istehsalı olan qaz balonlarının ümidinə qalırıq. Bir dəfə qaz balonu alışdı, götürüb beşinci mərtəbənin pəncərəsindən tulladıq çölə, çöldə partladı. Yaxşı ki, qış vaxtı idi, axşam idi və çöldə heç kəs yox idi. Səhərdən axşamacan bu beşmərtəbəli binanın bütün mənzillərində qaz balonları işlək vəziyyətdə olur. Elə ailələr var ki, qışda gecələri də söndürmürlər, üstünə bir dəmir parçası atırlar ki, ev soyumasın”.

Buna da bax:​ "Bakının mərkəzində 15-ci mərtəbədə qaz balonu işlədirik"

“SƏHƏRƏ QƏDƏR GÖZÜMÜ YUMMURAM”

“Yay-qış – bütün ili İran istehsalı olan qaz balonlarının ümidinə qalırıq".

Binanın başqa sakini Cəmilə Həsənova da burada ən böyük təhlükənin otaqlardakı qaz balonları olduğunu təsdiqləyir:

“23 ildir ki, valideynlərimlə burada məskunlaşmışam, elə buradaca ailə qurmuşam, üç övlad dünyaya gətirmişəm, 18 yaşlı qızımı köçürmüşəm, indi bir nəvəm də var... Və bütün bu illər ərzində “Qaçqınkom”un yalançı vədlərindən başqa heç nə eşitməmişəm. Darısqal otaqda, ortalıqda da qaz balonu, səhərə qədər gözümü yummuram ki, bir hadisə çıxar, məhv olarıq”.

Köçkünlər sanatoriya ərazisindəki qəzalı, şəraitsiz binadan tezliklə köçürülmələrini tələb edirlər.

Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsi isə köçkünlərə səbir etməyi məsləhət görür. Komitədən “Qaynar xətt”ə bildirilib ki, köçkünlər üçün inşa olunan şəhərciklərə öncə inzibati binalarda məskunlaşanlar köçürülür. Gələcəkdə Xəzər sanatoriyası ərazisində məskunlaşmış köçkünlərin köçürülməsi də nəzərdə tutulub.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG