Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

'Qaynar xətt'lər: 'Xahiş edirik, bir qədər də gözləyəsiniz...'


"Azəriqaz"ın Qaynar xətt xidməti

"Azəriqaz"ın Qaynar xətt xidməti

“Mahnı qoyublar, gözlə ki cavab verəcəklər”

Bakının Dadaş Bünyadzadə küçəsində yaşayan Adilə Nağıyeva bir-iki gün öncə mənzilində elektrik qutusunun alovlanmasından təlaşlanaraq, dərhal bildiyi qaynar xətt nömrələrini yığıb: “122; 199; 101-ə zəng elədim. Hamısı mənimlə elə yüksək tonda danışırdırlar ki, sanki operator mənəm, onlar abonentdir. Biri də kiminləsə danışıb, məni telefonda xeyli gözlədəndən sonra cavab verdi”. Adilə Nağıyeva zəng etdiyi nömrələrdən gərəkli cavab almadığından, alışıb yanan elektrik qutusunu özü söndürmək istəyərək, üstünə su töküb: “Sonra mənə dedilər ki, su tökmək olmazmış. Elektrik cərəyanı vura bilərmiş”. O, xətadan bəlasız ötüşdürdüyünə sevinir.

Buna da bax:​ Çarxı sakinləri: 'Qaz xətti var, nə olsun, qaz ki yoxdur...'

AzadlıqRadiosu-nun “qaynar xətt”inə telefon açan Maştağa sakinləri isə “Azəriqaz”ın qaynar xəttindən gileylənirlər: “Mahnı qoyublar, gözlə ki cavab verəcəklər”.

“Qaynar xətt” – vətəndaşın əlini dövlət qurumuna çatdıran ən qısa yoldur. Qısa olmağına qısadır, bəs əlçatan yoldurmu? Bu sualı cavablamaq istəyən AzadlıqRadiosu bir neçə dövlət qurumunun qaynar xəttinə zəng etməyə çalışıb.

“Operatorlar məşğuldur”

“Azəriqaz”ın 185 saylı “qaynar xətt”inə zəng çatınca, bunu eşidirsən: “Salam, siz Azəriqaz İstehsalat Birliyinə zəng etmisiniz. Qəza xidməti barədə 1-i, digər məsələlərlə bağlı 2-ni yığın”. “2”ni yığınca, “operatorlar məşğul olduğu üçün xahiş edirik, bir qədər gözləyəsiniz” cavabı səslənir. Bu xəbərdarlıq hər iki dəqiqədən bir təkrarlanır və həzin musiqi səninlə danışacaq operatoru gözlərkən, vaxt itkisini unutdurur. Amma musiqi təkrarlandıqca, həzinliyi də, gözəlliyi də adamı bezikdirir, həsrətlə gözlədiyin “operator”dansa soraq gəlmir ki gəlmir...

Buna da bax: Qaz idarəsinin işçiləri niyə döyülür?

Qəza xidmətini – “1” rəqəmini yığınca dərhal “alo” cavabı eşidilir.

“Azərenerji”nin qaynat xəttindən “Xidmətlərimizin keyfiyyətini artırmaq məqsədilə danışığınız qeydə alınır” xəbərdarlığı o ümidi yaradır ki, xəttin o başından səni intizarda qoymayacaqlar, amma… Amma ardından səsyazısı eşidilir: “Xətlərimiz məşğuldur, bir azdan əlaqə saxlayın”. İkinci cəhd də uğursuz olur...

“Azərişıq”ın “199” qəza xidmətindən dərhal cavab verilsə də, qurumun rəsmi saytında texniki məsələlərlə bağlı “qaynar xətt” nömrəsi kimi göstərilən 440 2921-də dəstəyi qaldıran tapılmır.

İkisi birində…

“Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzadlıqRadiosu-na açıqlamasında bunun səbəbinə aydınlıq gətirərək deyir ki, artıq qəza xidməti və qaynar xətt “199” çağrı mərkəzində birləşdirilib: “Burda operatorlar zəng edən şəxsi lazimi istiqamətə yönəldirlər. Qaynar xətdirsə - oraya, satışla bağlıdırsa - satışa, texniki məsələdirsə - həmin yerə, sosial məsələdirsə - ona məsul işçilərə yönəldilir”.

Buna da bax:​ 'Şikayət etdim, ailəlikcə işsiz qaldıq...'


Tanrıverdi Mustafayev günboyu nə qədər adamın “qaynar xətt”ə üz tutduğunu və qaldırılan neçə problemə əlac tapıldığını deməyə çətinlik çəkir. Deyir ki, hazırda əlinin altında bu rəqəmlər yoxdur: “Əlbəttə, zənglər olur, 2 milyon abonent var, “qaynar xətt”ə çox zənglər olur”.

“Dövlət qurumundan asılıdır”

“Transparency International”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Rəna Səfərəliyeva bir neçə il əvvəl dövlət strukturlarında “qaynar xətt”lə bağlı araşdırma apardıqlarını, amma son illər hər hansı tədqiqatlarının olmadığını söyləyir:

“Dövlət qurumlarının qaynar xətlərinin necə işlədiyini söyləməkdən ötrü ayrıca araşdırma aparılmalıdır. Üstəlik, bu suala birmənalı cavab vermək mümkün deyil, çünki cavab dövlət qurumundan asılıdır”.

Buna da bax:​ Xəstənin pul kisəsi tükənsə də, özü sağalmır

Rəna Səfərəliyeva şəxsi müşahidəsinə dayanaraq, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluq Yanında Korrupsiya Əleyhinə Mübarizə İdarəsinin qaynar xətlərinin yaxşı işlədiyini deyir və fikrini belə tamamlayır: “Ancaq mənzərə bütün dövlət qurumlarında eyni deyil”.

“Çevik reaksiya yoxdur”

“Təəssüf ki, qaynar xətlərin 85 faizi yarıtmaz vəziyyətdir”, - Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözləridir. O, operatorların istehlakçıya cavab vermədiyini, ya da istehlakçını narazıya çevirəcək dərəcədə çək-çevirə saldığını deyir. Eyyub Hüseynovun sözlərinə görə, “qaynar xətt”ə zəng edən abonentin şikayətinə, sualına çevik reaksiya vermək əvəzinə, bir çox hallarda süründürməçiliyə başlayırlar: “Bir dəfə yolda qarşıda gedən sürücünün maşını təhlükəli sürdüyünü və qəza yarada biləcəyini görüb dərhal “102”yə zəng elədim. Yerimi də dedim, qarşıda post olduğunu da və onu da dedim ki, sürücünü saxlayın. Mənə dedilər, gəlin, ərizə yazın. İndi mən hər üzləşdiyim hadisə ilə bağlı məlumat vermək üçün gedib ərizə yazmalıyam?”.

Eyyub Hüseynovun fikrincə, istər dövlət, istərsə biznes qurumlarının qaynar xətlərinin monitorinqi aparılmalı və nöqsanlar dəqiq göstərilməlidir. O, dövlət qurumlarının qaynar xətlərdə daha çevik reaksiya verməyi öyrənməsini çox önəmli sayır və bunu belə əsaslandırır: “Qaynar xətt elektron hökumətin tərkib hissəsidir”.

Buna da bax:​ Səhiyyə Nazirliyi: 'Ölüm özəl klinikada baş verib'

“Səhiyyə Nazirliyinin “qaynar xətt”inə şikayət etdim, dərhal...”

Ancaq qaynar xəttə şikayət edib nəticəsini görənlər də yox deyil. Baki sakini Təranə Məmmədova AzadlıqRadiosu-na danışır ki, bir müddət öncə dövlət səhiyyə müəssisələrinin birində ondan qanunsuz şəkildə pul istədilər: “Uşaqdan analiz götürüləcəkdi və mən də həkimə “hörmət” edəcəkdim. Onların nə qədər maaş aldığını hamımız bilirik. Ancaq mənə toxunan o oldu ki, qapıda oturan qız heç nədən çəkinmədən konkret məbləğ istədi, verməsəm, analiz götürülməyəcəyini dedi”.

Təranə Məmmədovanın sözlərinə görə, o, həmin məbləği ödəyib və dərhal Səhiyyə Nazirliyinin “qaynar xətt”inə zəng edib. Az keçmədən onunla əlaqə saxlayaraq, sözügedən xəstəxananın baş həkimi ilə görüş təyin ediblər. Ödədiyi pulu da həmin görüşdə geri qaytarıblar...

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG