Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:07

Qazax xəstəxanasız qalıb


İllüstrasiya
İllüstrasiya

►Sakinlərin sözlərinə görə, 3 il olar, ağır xəstələri qonşu rayonlara aparmaq məcburiyyətində qalıblar

“Özümüz də bilmirik, bu boyda xəstəxana niyə darmadağın edildi. Ağır xəstələrimizi Ağstafaya, Tovuza aparırıq”.

Qazax sakini Həsən Həsənli AzadlıqRadiosuna Qazax rayonunun xəstəxanasız qaldığını deyir.

Onun sözlərinə görə, xəstəxana söküləndən 3 ildən çox ötsə də, yenisinin tikintisi təməldən o yana keçməyib. O gün-bu gün, xəstəxana tikintisi daşa dirənib:

“AVADANLIĞI DA SATIBLAR”

“Köhnə xəstəxananın şəraiti pis deyildi. Sökülüb yenisinin tikilməsinə ehtiyac yox idi. Elə yüngülvari təmir, bir də təzə avadanlıq yetərli olardı. Qəflətən təmirə dayandı, sonra da təməlinəcən sökdülər. Yalan-doğru, deyilənə görə, o vaxt avadanlığı da satıblar. 3 ildir əziyyət çəkirik. Bu boyda rayonun xəstələri başqa rayonlara üz tutur. Ağır xəstələr yolda keçinir. Gecə birini ağrı tutanda, gərək səhəri gözləyək ki, başqa rayon xəstəxanalarına aparaq”.

Buna da bax: 'Adamın sağlam ayağını kəsdilər, sonra da...'

Rayon sakini Valeh Əsgərov deyir, ötən il xanımı Sevda Əsgərova, qonşu rayona apararkən, elə “Niva”daca doğub:

“XƏSTƏXANAYA EHTİYAC QALMADI”

“Yolda doğdu, xəstəxanaya aparmağa ehtiyac qalmadı, qaytarıb gətirdik evə... Rayonda doğum evi var, ancaq təmirə üzündən Mərkəzi Xəstəxanın şöbələri də ora köçürülüb deyə, sıxlıqdır”.

Rayonda diaqnostika mərkəzi var, ancaq xəstələr oraya yalnız müayinəyə gedə bilirlər. Müalicəyə görəsə qonşu rayonlara üz tuturlar.

Sakinlərin fikrincə, buradakı kəndlər erməni hərbçilərinin bir addımlığında olduğundan, Qazaxda xəstəxananın olmaması ağlasığmazdır.

Onlar xəstəxana tikintisinə ayrılan pulların ötən il olimpiyada oyunlarına xərcləndiyini düşünürlər.

Buna da bax: Vərəm üçün daha sürətli və ucuz müalicə

“PUL AYRILACAQ, XƏSTƏXANA TİKİLƏCƏK”

Qazax Rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, xəstəxana tikintisinin ləngiməsi vəsait çatışmazlığından qaynaqlanır: “Yaxın aylarda pul ayrılacaq, müasir, hər cür avadanlıqla təchiz olunmuş, hər bir şəraiti olan xəstəxana rayon sakinlərinin istifadəsinə veriləcək”.

TENDERİ KİM UDUB?

3 il öncə tender.gov.az saytında Qazax Rayon Mərkəzi Xəstəxanası təmir və avadanlıqla təchizat üçün açıq tender elan etmişdi. İstər Qazax Rayon İcra Hakimiyyəti, istərsə həmin xəstəxana tenderi udan şirkətin adını AzadlıqRadiosuna açıqlamayıb.

Qaynar.info saytı yazır ki, Daşkəsən Rayon Mərkəzi Xəstəxanası və rayon səhiyyə şöbəsinin əksər satınalmaları "Tərəqqi-2015” adlı MMC-yə həvalə olunub.

Ötən il yaradılan şirkət elə həmin il də dəyəri yüz min manatlarla ölçülən bir sıra tenderlərin qalibinə çevrilib.

Goranboy Rayon Mərkəzi Xəstəxanasının yüzminlərcə manatlıq ötənilki tenderlərini də məhz həmin ildə qurulan şirkətlərin qazandığı onların adlarından da görünür:

“Turan M-2015 MMC” və “El-sun 2015 MMC”.

XS
SM
MD
LG