Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:04

-

Çayı qaynar içirsinizsə, bu yazını mütləq oxuyun. Alimlər belə qənaətə gəliblər ki, qaynar içmə vərdişi kanserogen təsir imkanına malikdir.

Bu qənaətə alimlər içkinin çox isti içilməsinin mümkün fəsadları barədə indiyədək aparılmış 1000-dən artıq araşdırmanın ümumiləşdirilməsindən sonra gəliblər.

Ümumdünya Səhiyyə Təşkilatının Xərçəng Xəstəliyi üzrə Beynəlxalq Tədqiqat Agentliyi bu barədə məlumat yayıb. Agentliyin direktoru Christopher Wild-in sözlərinə görə, həmin araşdırmalardan belə nəticəyə gəlmək olar ki, çox isti içki içmək qida borusu xərçənginin əsas səbəblərindən biridir.

ÇAYI Kİ İSTİ İÇMƏDİN...

Alimlərin bu qənaətə gəlməsi iranlılar üçün heç ürəkaçan olmayacaq. Çünki samovar çayı onların məişətinin və mədəniyyətinin ayrılmaz hissəsini təşkil edir. Hətta bir çox çay aludəçisi düşünür ki, çayı ən yaxşı məhz İranda dəmləyirlər. Lakin İran həm də çayın ən isti içildiyi bir yerdir. Bu ölkədə hesab edirlər ki, qaynayan çayı soyutmaq üçün onu nəlbəkiyə tökmək yetər. Burdakı çaybazlar belə fikirləşir ki, çayı nəlbəkiyə süzən kimi dərhal içmək olar.

Hətta iranlı alimlər soydaşlarının bu vərdişi ilə əlaqədar 2009-cu ildə bir elmi araşdırma da aparıblar. Nəticələri «British Medical Journal» nəşrində açıqlanan həmin araşdırma zamanı bəlli olmuşdu ki, qaynar çay qırtlaq xərçəngi riskini artırır.

Tədqiqatçılar qaynar çay içənlərin ən yüksək olduğu İranın şimalındakı Gülüstan əyalətinin sakinləri arasında da tədqiqat aparıblar.Alimlər 300 xərçəng xəstəsinin və xərçəngə tutulma riski olan 571 nəfərin çayı necə içmələrini araşdırıb. Araşdırmaya könüllü razı olan bu adamların, demək olar, hamısı qara çay içirmiş. Araşdırma nəticəsində qaynar şəkildə stəkana tökülən və bir neçə dəqiqə ərzində içilən çayın xərçəng riskini 5 dəfə artırdığı məlum olub. İsti içki içmənin niyə görə xərçəngə səbəb olması isə elə istinin təsiri ilə bağlıdır.

Gülüstan həm də dünyada qida borusu xərçəngi xəstəliyinin ən çox rast gəlindiyi yerlərdən biridir. Burada insanların çay içmə vərdişləri, konkret olaraq, çayı nə qədər isti içmələri öyrənilib. Qərb ölkələrində qida borusu xərçənginin əsas səbəbləri alkoqollu içkilər və tütün məhsullarıdır.

Gülüstanda spirtli içki və tütün istehlakı çox aşağıdır. Ona görə də, bu xəstəliyin başlıca səbəbkarı çayı qaynar, yəni 70 dərəcədən də çox isti içməkdir. Hər halda bu elm adamlarının qənaətidir.

65-70 DƏRƏCƏ İSTİLİK XƏRÇƏNG RİSKİNİ 2-8 DƏFƏ ARTIRIRMIŞ

Araşdırmanın nəticələrinə uyğun olaraq, alimlər çayın temperaturu ilə onun daşıdığı riskin bağlılığını üç qrupda müəyyənləşdiriblər. İstiliyi 65 dərəcəyədək, 65-69 dərəcə arasında və 70 dərəcədən artıq olan çay.

Araşdırma müəlliflərinin fikrincə, 65-69 dərəcə temperaturda olan çay qırtlaq xərçəngi riskini 2 dəfə, 70 dərəcədən artıq çay isə 8 dəfə artırır. Elm adamları 50 min evdə içilən çayın həqiqi istiliyini də ölçüblər. İstiliyin 60 dərəcədən, azı, 70 dərəcəyə qədər dəyişdiyi ortaya çıxıb.

Ümumiyyətlə, xərçəng riski baxımından, qaynayan çayı süzəndən 2 dəqiqə sonra içmək onu 4 dəqiqə sonra içməkdən 5 dəfə daha risklidir. Ona görə də, qaynar çayı süzəndən bir neçə dəqiqə sonra içmək məsləhətdir.

Qərbdə, eləcə də Hindistanda çayı soyutmaq üçün ona soyuq süd əlavə edirlər.

Ancaq çayın çox içilib-içilməməsinin xərçəng riski ilə heç bir əlaqəsi yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG