Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:13

Qaraçuxur qəsəbəsində Əhməd Mehbalıyev küçəsindəki 34 və 36 saylı binaların bir qrup sakini evlərindən məcburən çıxarıldıqlarını bildirirlər.

Sakinlər deyir ki, 1955-1956-cı illərdə inşa edilmiş həmin ikimərtəbəli binalarda 16 mənzil var. Bu ilin aprelindən özlərini təqdim etməyən adamlar evlərinə gələrək, onları müvəqqəti köçməyə razı salmağa çalışırlar. Həmin yerdə tikiləcək yeni binalarda onların mənzil alacaqları deyilir.

«BİZİ SIXIŞDIRIRLAR…»

«Artıq bir neçə ailə köçüb. Boşaldılan mənzillərin dərhal qapı, pəncərələri çıxarılır ki, bu da digər mənzillər üçün təhlükə törədir. Qaz və su verilməsində fasilə yaranıb. Bizi, sadəcə, sıxışdırırlar. Heç kim bizimlə rəsmi söhbət aparmır», - sakin Lüdmila Borkova bildirib.

Sakinlər təklif olunan kompensasiyanın həcminin az olmasından narazıdır.

«Biz kirayədə yaşamaq istəmirik. Nəyə görə dəfələrlə köçməliyik? Mənzil kirayəsinə görə pulun sonadək ödəniləcəyinə zəmanət varmı? Kim bilir, bu tikinti nə qədər davam edəcək? Qoy, bizə yazılı zəmanət versinlər. Müqavilə bağlasınlar və ya artıq hazır evlərdə mənzil təqdim etsinlər», - Xədicə Eminova deyib.

Buna da bax - Bakıda 1000 binanın sökülməsi gözlənir (Video)

Fövqəladə Hallar Nazirliyinin bu evlərin qəzalı olması ilə bağlı rəyi var. Ancaq sakinlər bu rəy ilə razı deyil.

Suraxanı rayon İcra Hakimiyyətindən sözügedən evlərin sökülməsini Nazirlər Kabinetinin bu il fevralın 25-də verdiyi qərar ilə izah edirlər. Qərar Bakı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə əlavə tədbirlər çərçivəsində köhnə evlərin sökülməsini nəzərdə tutur.

«ETİBARLI» ŞİRKƏTİ...

Rayon icra hakimiyyətinin şöbə müdiri Bərxudar Bərxudarovun «Turan»a deməsinə görə, bu rayonda 3 min 828 nəfərin yaşadığı 63 binanın söküntüsü nəzərdə tutulur.

Məmurun bildirməsinə görə, söküntü-tikinti işləri ilə özəl şirkətlər məşğul olur. 34 və 36 saylı binaların yerində iki 12- və 14-mərtəbəli binaların inşası planlaşdırılır. Bu binalarda sakinlərə yeni mənzillər vəd edilir.

Öz növbəsində, Suraxanı rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynov «Turan»a bildirib ki, tikinti ilə «Etibarlı» şirkəti məşğul olur. Şirkət nümayəndələri gələn həftə sakinlərlə görüşməlidir. Yeni mənzillərdə sakinlərə öncə sahib olduqlarından 25 faiz çox sahə veriləcək.

«Etibarlı» şirkətinin icraçı katibi Rafiq Məmmədov isə bildirib ki, müqavilələrdə bütün şərtlər razılaşdırılacaq və qarant kimi icra hakimiyyəti çıxış edəcək. Çünki layihə Nazirlər Kabinetinin qərarına uyğun həyata keçirilir.

R.Məmmədov deyib ki, bəzi sakinlər hər kvadratmetrə görə 2000 manat tələb edirlər. Bu da onun fikrincə, indiki bazar qiymətlərinə uyğun deyil.

'Sovetski'də söküntü davam edir, hələ də yaşayış olsa belə

Günün bütün mövzuları

XS
SM
MD
LG