Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 21:03

Tofiq Zülfüqarov: 'Əmr olsaydı, xüsusitəyinatlılar bir az da irəli gedərdilər'


Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov

►"Bryza demiş, kimisə provokasiyaya çəkməyə ehtiyac yoxdur"

“Azərbaycan ermənilərin təhlükəsizliyini təmin etmək qarşılığında işğal edilmiş torpaqların bir qismini geri ala bilər. İndi sual odur: “bir qisim” deyəndə nələr nəzərdə tutula bilər ilkin addım olaraq? Bir rayon, iki rayon, beş, ya yeddi? Bunun əvəzinə hansı təminatlar veriləcək?”

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AzadlıqRadiosuna müsahibəsində ABŞ-ın ölkədəki keçmiş səfiri Matthew Bryza-nın iki rayonun qaytarılması haqda yazdıqlarına münasibət bildirib. Keçmiş səfir və bir müddət ATƏT-in Minsk Qrupunda ABŞ-ın adından danışıqlarda iştirak edən Bryza Rusiya prezidentinin işğal olunmuş iki rayonun Azərbaycana qaytarılmasını təklif etdiyini bildirir.

– Tofiq bəy, Bryza prezidentlərin bu təklifi alqışladıqlarını deyir, sizcə, nə qədər keçərli təklifdir? Bryza-nın dediyi kimi, Putin blef edir, ya?..

– Birincisi, hər yerdə yayılan məluma görə, ilkin mərhələdə söhbət beş rayonun qaytarılmasından gedir. Ermənilər də beş rayonun əvəzində müəyyən təhlükəsizlik qarantiyası almaq istəyirlər. Bu baxımdan, bu, məntiqli addım sayıla bilər. İki rayondan söhbət gedəndə isə ortaya sual çıxır: nəyi nəzərdə tuturlar? Təbii ki, məsələyə kompleks şəkildə baxılmalıdır. Söhbət iki rayondan getsə belə, orda elə mexanizm qurulmalıdır ki, proses ardıcıl şəkildə davam edə bilsin. Yəni məsələ iki rayonun qaytarılması ilə həll oluna bilməz. Bu baxımdan, belə təklif varsa, onunla yanaşı nələr təklif edilir, onlara baxılmalıdır. Əsas tələb bu olmalıdır ki, proses ardıcıl getsin. Bəllidir ki, Azərbaycan indiki mərhələdə Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etməlidir. Təhlükəsizlik istəyirlərsə, deməli, nəyisə verməlidirlər. Şübhə etmirəm ki, bu təklif ilkin addım kimi qəbul edilə bilər, amma yenə deyirəm, onunla yanaşı hansısa şərtlərlə. Əfsuslar olsun ki, məlumat azdır, müxtəlif fərziyyələr səslənir. Məlumat az olduğundan nəticəyə gəlmək olmur.

Buna da bax: Ermənistanın rəsmisi: 'Güzəştdən danışmaq təslimçilik deməkdir'

– Sizcə, Azərbaycana iki rayonla yanaşı nə təklif edilə bilər? İndiyədək 5 rayonun geri qaytarılması ətrafında müzakirə gedirdi. Birdən-birə Bryza iki rayondan danışır. Azərbaycan hansı şərtlərlə danışıqlara getməlidir?

– Artiq birinci addım atılıb, aprel döyüşlərindən sonra vəziyyət dəyişib. Azərbaycan ermənilərin təhlükəsizliyini təmin etmək qarşılığında işğal edilmiş torpaqların bir qismini geri ala bilər. İndi sual odur: “bir qisim” deyəndə nələr nəzərdə tutula bilər ilkin addım olaraq? Bir rayon, iki rayon, beş, ya yeddi? Bunun əvəzinə hansı təminatlar veriləcək? İndiki həmsədrlərin fəallığı onunla bağlıdır ki, onlar bundan əvvəlki qüvvələr balansının pozulduğunu başa düşürlər. Azərbaycanın qüvvəsi ermənilərinkindən qat-qat çoxdur. Bunu əvəzləmək və gələcəkdə müharibənin başlamasının, eləcə də Ermənistanın məğlubiyyətini önləməkdən ötrü bir sıra siyasi addımlar atılmalıdır.

– Söhbət hansı addımlardan gedir?

– Ermənistanın qarşısında tələb qoyulur ki, “ya siz sülh prosesi çərçivəsində şərtləri qəbul edirsiz və qarşılığında təhlükəsizliyinizə təminat alırsız, ya da proses tam idarəolunmaz şəkil alır, müharibə başlayır, siz də məğlub olursuz”. Məntiq bunu deyir. İlkin mərhələdə bir, iki, üç rayon qaytarıla bilər. Onsuz da Azərbaycanın məqsədi bəllidir: işğal edilmiş torpaqlar azad olunmalıdır! Ondan sonra növbə Dağlıq Qarabağa gəlir. İndiki mərhələdə Azərbaycan da, Ermənistan da həmsədrlərdən öz hüquqlarını tələb edir. İndi kimsə ilkin mərhələdə iki rayon deyir, kimsə beş.

Buna da bax: Azərbaycan Rusiyayla İranı ələ alır

Mathew Bryza

Mathew Bryza

– Qayıdıram yenə Matthew Bryza-nın yazdıqlarına, onun dediyinə görə, Azərbaycan iki rayonun geri qaytarılması əvəzində Ermənistanla tranzit və iqtisadi əlaqələri bərpa etməlidir. Azərbaycandan istənilən çox deyilmi?

– Proses getsə, Azərbaycan da Ermənistanla iqtisadi və başqa əlaqələri bərpa etməkdə maraqlıdır. Bu yolla ermənilərə göstərəcəklər ki, sülhün əvəzində nə alacaqsız. Bu, bizim tərəfdən idarə olunan prosesdir. Nəyisə bəyənməsək, prosesi dayandıra bilərik. Digər tərəfdən, onlara Gürcüstan modelini göstərə bilərik.

– Bryza məqaləsinin sonunda Putinin blef etdiyini yazsa da, əlavə edir ki, Vaşinqton bundan istifadə edərək danışıqları canlandırmalıdır. Bu danışıqlarda bir müddət iştirak etmiş diplomat kimi siz nə düşünürsüz, Dağlıq Qarabağ ətrafında nəsə baş verirmi, danışıqlarda canlanma varmı, ya bu da görüntüdür? Sizin müşahidəniz nədir?

– İndiki mərhələdə bu prosesin canlanması birbaşa apreldəki döyüşlərlə bağlıdır. Başa düşürlər ki, proses onlar tərəfindən tam idarə olunmur. İllərlə deyirdilər ki, “o xətti keçmək olmaz”, amma iki saat ərzində Azərbaycan xüsusitəyinatlıları o ərazini götürdülər. Əmr olsaydı, bir az da irəli gedəcəkdilər. Həmsədrlər prosesi idarə edə biləcəklərini göstərmək üçün fəallaşıblar indi, danışıqları canlandırıblar. Onlar prosesi idarə edə bilməsə, daha çox Azərbaycanın idarə edəcəyi proses başlayacaq. Məhz ona görə də danışıqlar bərpa olundu. Buna görə, Bryza demiş, kimisə provokasiyaya çəkməyə ehtiyac yoxdur.

Şərhləri göstər

XS
SM
MD
LG