Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:17

Noyabrın 24-də Avropa Liqasının qrup mərhələsində keçirilən oyunlar Azərbaycan komandaları üçün uğursuzluqla başa çatıb. «Qarabağ» rəqibinə 3-0, «Qəbələ» 3-1 hesabı ilə uduzub.

«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli oyunu belə qiymətləndirir:

– «Qarabağ» öz imkanlarından çox aşağı səviyyədə oynadı. Açığı, bu cür oyunu heç kim gözləmirdi, nə jurnalistlər, nə azarkeşlər, nə də, mənə elə gəlir, baş məşqçi Qurban Qurbanov özü. Komanda ilk künc zərbəsini səhv etmirəmsə, 75-ci dəqiqədə qaldırdı. Bundan başqa, rəqib qapısı qarşısında, demək olar, bircə dənə də təhlükəli vəziyyət yarada bilmədi.

– Niyə belə alındı?

– İzah etmək çətindir. Mənə elə gəlir, «Slovan» «Qarabağ»ı daha yaxşı öyrənmişdi, o bu oyuna «Qarabağ»dan daha yaxşı hazırlaşmışdı. Başqa izah tapmıram.

– Bəlkə komandada arxayınlıq yaranıb?

– Yox, arxayınlıq deyildi. «Qarabağ» Avropa nəhəngi deyil ki, hansısa rəqibə yuxarıdan aşağı baxsın. Eyni zamanda, «Slovan»la Bakıdakı qarşılaşma heç-heçə başa çatmışdı. Artıq «Qarabağ» rəqibinin gücünə bələd idi. İnanmıram ki, iki qələbədən sonra «Qarabağ»da arxayınlıq yaransın. Yenə də o fikirdəyəm ki, rəqib «Qarabağ»ı daha yaxşı öyrənmişdi.

– Bəs «Qəbələ»nin məğlubiyyətini necə izah etmək olar?

– «Qəbələ» yetərincə yaxşı oynadı. Yenə, əvvəlki oyunlarda olduğu kimi, xırda detalların qurbanına çevrildi. Buna görə də hər dəfə komanda uduzur. Bu dəfə də Roman Hrygorchuk çox böyük səhvə yol verdi – komanda hesabı bərabərləşdirib, oyunun sonuna 20 dəqiqə qalmış penalti vurmaq imkanı qazanıb. Bu halda penaltini dəqiq yerinə yetirən futbolçuya həvalə etmədi. Həmin an Ruslan Qurbanov da meydanda idi və penaltini dəqiq yerinə yetirə bilərdi. Amma ona imkan vermədi. Bir onda kobud səhvə yol verildi, bir də hakim futbolçudan penaltini təkrarlamağı tələb etdi, Hrygorchuk da buna imkan verdi. Başqa bir səhv, oyunun sonuna yaxın Rəşad Eyyubovun yorulduğu açıq-aydın hiss edilirdi, məşqçi onu əvəzləmək əvəzinə meydanda saxladı. O da adi bir epizodda qırmızı vərəqə aldı, bunun nəticəsində rəqib cərimə zərbəsini yerinə yetirməklə irəli çıxdı. Üçüncü qol formal xarakter daşıyırdı. «Qəbələ» artıq sınmışdı.

– Bu oyunlardan sonra komandaların şansı nə yerdədir?

– «Qəbələ»nin şansı onsuz da bitmişdi. Dördüncü turdan sonra «Qarabağ»ın mərhələni adlamaq şansı 85-90 faiziydisə, dünənki oyundan sonra bu şans çox düşüb. Mən hətta 20-30 faiz olduğunu deyərdim. «Qarabağ»ın növbəti oyunda «Fiorentina»nı udmaqdan başqa çarəsi yoxdur. Bu halda mərhələni adlaya biləcək. Ancaq heç-heçə olacağı halda taleyi o biri oyunun nəticəsindən asılı olacaq.

– «Fiorentina»nı məğlub etmək nə qədər realdır?

– Mən bu imkanı yüksək qiymətləndirmirəm. Əgər «Fiorentina» uduzmasaydı, ona indi xal lazım olmasaydı, bəlkə də Bakıya əvəzedici heyətlə gələ bilərdi və qələbəyə ümid etmək olardı. Amma iş ondadır ki, indi «Fiorentina» özü də növbəti mərhələyə adlamayıb, italyanlar Bakıda xal qazanmaqdan ötrü bütün gücləriylə oynayacaqlar. Bu halda «Qarabağ»ın qələbəyə gücü çatacağına ümid etmirəm, amma heç-heçə edə bilərlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG