Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 15:50

V.PUTIN-İN MÜƏMMALI BƏYANATI

Bakıya səfəri ərəfəsində «Biz tərəflərə hazır reseptlər təklif etmək niyyətində deyilik» sözlərini dilə gətirən Rusiya prezidenti, az da olsa, yenə ümidsizlik toxumu səpmişdi. Çoxları bunu Ermənistandakı son olaylara bağlamışdı, amma... Amma söhbət adi diplomatik fənddən də gedə bilərdi. Xarici siyasətdə var belə üsul. Vasitəçilər həmişə çalışırlar ki, tərəflər onların pressinqini, hətta iştirakını sezməsin və onlarda belə bir fikir yaransın ki, heç kimin təhriki olmadan qərarı özləri verirlər. Bu səbəbdən, bəzən, vasitəçilər müəlliflik məsələsində də israrlı görünmürlər. Görünmürlər ki, hər bir münaqişə tərəfi təklif olunan çözüm variantını öz variantı kimi qəbul edə bilsin.

Bax buna görə, V.Putin-in sözlərinə gərəkdiyindən çox önəm vermədim və səbirlə Bakı görüşündə səslənən bəyanatları izlədim.

Məlum oldu ki, V.Putin İ.Əliyevlə Qarabağ problemini də dartışıb. Bu isə Rusiyanın öz planını qəbul etdirməkdə israrlı davrandığını göstərir. Hələlik, ən azı, avqustda prezidentlərin görüşü çətin baş tuta. Düzdür, bəziləri hələ də ümidini itirmir və düşünür ki,prinsipcə, görüşü elə bu ay da gerçəkləşdirmək olar. Amma mənə payız ayları daha real görünür. Çox güman, görüş payızda baş tutar və «Putin planı»na münasibət də elə o zaman tam aydınlaşar...

Burada bir məqamı da gözardı etmək olmaz. Son olayların ardından istər Ermənistanın, istərsə Türkiyənin normal həyat ritminə qayıtması da vaxt istəyir...

TÜRKİYƏ AVRASİYA BİRLİYİNƏ QOŞULA BİLƏR?

Türkiyəni Rusiyaya yaxınlaşdırmaq gücündə olan və bu iki ölkə arasındakı münasibətləri canlandıran amillər sayca artsa da, bunun özü də bir qədər zaman tələb edən məsələdir.

Bu da var ki, prosesə baxanda, elə indidən çox böyük nikbinlik gözə çarpır. Düzünü deyim ki,belə nikbinlik, arada-sırada da olsa, şəxsən mənə sadəlövhlük kimi gəlir. Axı bir də görürsən ki, ağzıgöyçəyin biri tam ciddi şəkildə Türkiyənin Avrasiya Birliyinə üzvlüyündən də söz açır...

Təbii ki, məsələ heç vaxt bu həddə çatmaz və düşünürəm ki, indi Avrasiya Birliyinin yüksəlişindən danışmaq xeyli yersizdir. Ən azı ona görə ki, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi qonşuluqda – Avrasiya Birliyində də bəlli tərəddüdlər doğurub.

Buna da bax - Putin Bakıya 'salam və sağ ol'a gəlməz

Üstəlik, Avrasiya Birliyinin oluşması istiqamətində hələ siyasi qərar və bəyanatlardan başqa heç nə yoxdursa, Türkiyənin belə bir ölü quruma marağı necə inandırıcı görünə bilər?! Türkiyə prezidentinin çıxışlarında get-gedə qabaran antiqərb notları hədsiz dərəcədə uzaqgedən nəticələr çıxarmağa yetərli deyil...

Ayrıca Azərbaycanın gözləntiləri kontekstində bir amili də unutmaq olmaz – İranı!..

İRAN DA İSTƏSƏ, ÇOX İŞ GÖRƏ BİLƏR

Etiraf edim ki, Rusiya prezidentinin səfəri fonunda İran prezidentinin gəlişi bir qədər kölgədə qaldı. Halbuki İran prezidenti Bakıya öz rusiyalı həmkarından bir gün əvvəl gəlmişdi.

Azərbaycan, İran və Rusiyanın müzakirə edəcəyi məsələlər çox idi – buraya Şimal-Cənub dəhlizi də daxil idi, Xəzərin hüquqi statusu da...

Di gəl, bir məsələnin Azərbaycandan ötrü ayrıca önəmi vardı. Söhbət, təbii ki, Qarabağ problemindən gedir. Üzərindən sanksiyalar götürüləndən və ölkə normal sosial-siyasi həyat ritminə qayıdandan sonra İranın Qarabağ probleminə münasibətdə daha qətiyyətli olacağı gümanlaşdırılırdı. Axı sanksiyalar qaldıqca, İran siyasətçilərinin bəhanəsi vardı. Deyirdilər ki, sanksiyalar iqtisadi tərəfdaş seçmək imkanlarımızı məhdudlaşdırır. Budur, artıq sanksiyalar yoxdur və İran da bəzi məsələlərdə daha qətiyyətli ola bilər...

Təbii ki, İranın Ermənistana təsiri Rusiyanın təsiri qədər deyil. Amma arada elə kəskin fərq də yoxdur.

İran Ermənistanın bölgədə iki əsas iqtisadi çıxışından biridir. Bəli, hamı bilir ki, bu çıxışlardan biri Gürcüstandırsa, digəri İrandır...

Buna da bax - S.Lavrov: 'Müsbət nəticəyə indiyədək olduğundan daha çox yaxınıq'

Bu üzdən, İran istəsə, Ermənistana ciddi təsir göstərə və onu Qarabağ məsələsində güzəştə getməyə vadar edə bilər. Düzdür, bu ölkə Ermənistanı təcavüzkar kimi tanıyıb və bir neçə dəfə bununla bağlı siyasi bəyanatlar da verib. Amma bunlar elə həmin Ermənistanla geniş iqtisadi əlaqələri də əngəlləməyib. Artıq İran bu əlaqələrə yenidən baxa bilər. Özünü gerçəkdən Azərbaycanın dostu sayırsa, baxmalıdır da...

TEHRAN-ANKARA-MOSKVA

İran mediasını az-çox izləyənlərə heç də təzə xəbər deyil: Bu ölkə Azərbaycanla Türkiyənin yaxınlığına, çox qabartmasa da, qısqanc yanaşır. Ancaq münasibətlərdə simmetriya yaratmaq və Azərbaycana Türkiyə qədər yaxın olmaq istəyirsə, o halda Türkiyənin etdiklərinin, heç olmasa, yarısını da İran etməlidir...

Elə bu səbəbdən Bakı-Tehran-Moskva siyasi üçbucağına böyük ümidlə baxır və düşünürəm ki, bu üçbucaq Bakı – Ankara - Tbilisi üçbucağı ilə qovuşsa, bunun bölgəyə böyük faydaları dəyə bilər.

Bir daha deyirəm: Məsələ onda deyil ki, İran və ya Türkiyə durub Avrasiya Birliyinə üzv olacaq. Əslinə qalsa, bunu heç nəzəri baxımdan da düşünmək istəmirəm, amma... Amma Qarabağ problemi Tehran- Ankara – Moskva formatında çözülə bilər. Ən azı ona görə ki, bunların üçü də birbaşa region dövlətidir və hətta Azərbaycanın xəritədə harada yerləşdiyini bilməyən bəzi Minsk Qrupu ölkələrindən fərqli olaraq, onlar Azərbaycana, eləcə də Ermənistana bir köynək yaxındır. Önəmlisi odur ki, həmin bu üçlük Qarabağ problemini gerçəkdən çözmək niyyətində olsun.

Maraqlıdır ki, dünən – avqustun 9-da Sankt-Peterburqda keçirilən mətbuat konfransında V.Putin və R.T.Erdoğan bildiriblər ki, Qarabağ problemini çözməkdən ötrü ayrıca Azərbaycan – Rusiya - Türkiyə mexanizmi qurmaq niyyətindədirlər. Məncə, bu formulu Tehranla da tamamlamaq olar. Düzdür, bu kontekstdə Türkiyə sarıdan hər hansı nigarançılığım yoxsa da, Rusiya və İrandan da arxayın olduğumu deyə bilmərəm...

Amma fikrimcə, diplomatiyanın bir missiyası da münasibətlərdəki şübhəli məqam və tərəddüdləri aradan qaldırmaqdır. Bu, nədən mümkün olmasın ki?!. Axıheç bir dövlətin nə əbədi dostu var, nə də əbədi düşməni. Sadəcə, əbədi maraqlar var. Bu, İrana da aiddir, Rusiyaya da...

Üstəlik, bir bölgədə yerləşmək və qonşu yaşamaq da maraqların formalaşmasına çox ciddi təsir göstərir. Bundan yararlanmamaq da günahdır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG