Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:55

Qarabağda müharibə Gürcüstana necə təsir edərdi?


Gia Nodia, Gürcü eksperti
Gia Nodia, Gürcü eksperti

Ermənistan-Azərbaycan münaqişəsinin son eskalasiyası cəmi bir neçə gün çəksə də dünyada və regionda analitikləri iki ölkə arasında əsl müharibənin başlanması ehtimalı barədə düşünməyə vadar etdi. Gürcüstan təhlilçisi Gia Nodia hesab edir ki, bu ssenari Gürcüstan üçün xüsusilə təhlükəlidir.

O, bunu bir neçə amillə izah edir: Birincisi Gürcüstanın öz ərazisində xüsusi bir şey baş verməsə də o münaqişələrlə ad çıxarmış Qafqaz regionunun bir hissəsi kimi nəzərdən keçirilir. Bu isə həm ciddi investorları, həm də siyasətçiləri qorxudur. Təhlilçi xəbərdar edir ki, bu, Gürcüstan üçün xüsusi əhəmiyyət kəsb edən avrointeqrasiya layiələrinə mənfi təsir göstərə bilər. Rusiyayla müharibəyə, dondurulmuş münaqişələrə baxmayaraq son 20 ildə pis-yaxşı, müəyyən bir strateji balans formalaşmışdı ki, bu da ölkənin inkişafına şərait yaratmışdı. Ekspertin fikrincə yeni münaqişə Gürcüstanı xeyli geri sala bilər.

Gürcüstan Qafqaz və Mərkəzi Asiya üçün tranzit dəhlizi rolunu oynayır. Ölkənin Avropa Birliyi ilə imzaladığı assosiasiya sazişi və azad ticarət müqavilələri isə onu Avropa bazarına çıxmaq istəyən investor üçün forposta çevirə bilər. Bu, Gürcüstan üçün çox yaxşı fürsətdir. Ancaq ekspertin fikrincə müharibənin qızışması bir iqtisadi imkanlar regionu kimi Cənubi Qafqazın dəyərini aşağı sala bilər.

Müəllif yazır ki, bütün bu müddət ərzində ilk baxışdan istər ərazi bütövlüyü prinsipi, istərsə də ümumi strateji oriyentasiya Gürcüstanı Azərbaycanla yaxınlaşdırsa da onun hər iki tərəflə münasibəti yaxıdır. Gürcüstanda hamı anlayır ki, Qarabağ münaqişəsində hər hansı bir tərəfin yanında ola bilməz. Ancaq mümkün müharibə şəraitində bu mövqeyi qoruyub saxlamaq çox çətin olacaq.

Gia Nodia Gürcüstanda həm etnik ermənilərin, həm də azərbaycanlıların yaşaması amilini də diqqətdən qaçırmayıb. O deyir ki, Gürcüstanda yaşayan azərbaycanlılarla ermənilər bu vaxta qədər öz aralarında dinc münasibətləri saxlasalar da müharibənin başlayacağı təqdirdə bunun belə davam edəcəyinə qarantiya verə bilmərik.

Gürcüstanda yaşayan azərbaycanlılarla ermənilər bu vaxta qədər öz aralarında dinc münasibətləri saxlayıblar...

Müharibənin başlanacağı halda gürcüstanlı ermənilərin və azərbaycanlıların öz soydaşlarının tərəfində vuruşmaq istəyi Gürcüstan hökumətini çətin vəziyyətdə qoya bilər. Gürcüstan öz vətəndaşlarının öz soydaşlarına kömək etmək istəyinə nə dərəcədə mane ola bilər?

Dağlıq Qarabağ münaqişəsinin son 20 ildə ən genişmiqyaslı və qanlı eskalasiyası rus-türk münasibətlərinin kəskinləşməsi fonunda baş verib. Müəllif yazır ki, hətta 90-cı illərin əvvəllərində belə belə bir şey olmayıb. Ekspert sual edir ki, birdən regionun böyük dövlətləri - Türkiyə və Rusiya "özününkülərə" kömək etmək istəyərsə bu Gürcüstana necə təsir edə bilər. Belə ki, Rusiyadan Ermənistana, Türkiyədən Azərbaycana gedən ən qısa yol Gürcüstan ərazisindən keçir. "İki hörmətli qonşu Gürcüstan vuruşan tərəflər üçün nəzərdə tutulmuş mühüm yükləri öz ərazisindən quru, yaxud hava yolu ilə keçirməyi xahiş etsə o nə etməlidir?" deyə müəllif soruşur.

Bütün bunlar münaqişənin eskalasiyası kontekstində gürcü təhlilçilərin müzakirə etdiyi ən qaranlıq ssenarilərdir. Real hadisələr nadir hallarda ekspertlərin ehtimallarına uyğun olur. «Ancaq Qarabağ döyüşləri Cənubi Qafqazda sülhün nə dərəcədə kövrək olduğu və onun qorunmasının nə qədər vacib olduğu barədə düşünməyə vadar edir», deyə Gia Nodia qeyd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG