Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:31

Kartının vaxtı bitmiş lənkəranlı Qarabağ əlilinin başına gələnlər


Qarabağ əlili İlham Səmədov

Qarabağ əlili İlham Səmədov

«Bankın binasına girib 2-ci mərtəbəyə qalxmalıydım. Arabayla necə qalxım? Xəbər yolladım ki, nə sənəd varsa, gətirsinlər, elə çöldə qol çəkim, kartımı versinlər, gedim. Dedilər, “yox, özün birtəhər 2-ci mərtəbəyə çıxıb sənədləri imzalamalısan”».

Təqaüd kartının müddəti bitdiyi üçün “Kapitalbank”ın Lənkəran filialına müraciət edən Qarabağ əlili İlham Səmədov AzadlıqRadiosu-na başına gələnlərdən söz açır. Deyir, əvvəl filiala zəng vurub, durumu haqqında bank işçisinə məlumat verib və xahiş edib ki, imzalamalı olduğu sənədləri evə ya poçt vasitəsiylə göndərsinlər, ya da, zəhmətdən keçib, əməkdaşlar özləri gətirsin. Bank işçisi bildirib ki, onlarda belə xidmət yoxdur, özü mütləq filiala gəlməli, sənədləri imzalamalıdır. Ya da notariat kontora gedib kiməsə etibarnamə verməlidir ki, sənədləşmə işlərini həmin şəxs gerçəkləşdirsin.

Buna da bax:​ Əlillər yeni keçidlərdən istifadə edə bilmirlər

“DEDİLƏR, ANLAŞILMAZLIQ OLUB”

«Dedim, notariat kontora getmək imkanım olsaydı, elə filiala gələrdim. Nə isə, tanışlar məni arabaqarışıq 4-cü mərtəbədən düşürüb maşına qoydular. Filiala gəldim, məni arabaqarışıq maşından düşürdülər. İçəri xəbər göndərdim ki, nə sənəd varsa, gətirsinlər, imzalayım. Çünki ikinci mərtəbəyə qalxmağa pandus yox idi. Yarım saatdan sonra cavab gəldi ki, “birtəhər özü qalxsın, işçi aşağı düşə bilməz”».

İlham Səmədov filialın qarşısında gözləməyin mənasız olduğunu görəndə yoldan keçən bir neçə nəfərə ağız açır. Həmin adamlar köməkləşərək onu arabaqarışıq ikinci mərtəbəyə çıxarırlar. Əsəblərini cilovlaya bilməyən əlil necə deyərlər, “ağzını yumub gözünü açır”. Onu buna məcbur edənsə filial müdirinin otağına girib narazılığını bildirmək istəyərkən qarşısını kəsən işçilər olur:

“Müdir özü səs-küyə çıxdı. Dedim, “bu boyda bankın filialında bir pandus yoxdur ki, əlil ona-buna yalvarmadan, özü rahat ikinci mərtəbəyə qalxa bilsin”. Bunlar necə insandılar, mən bunlardan ötrü müharibədə sağlamlığımı itirmişəm, əlil olmuşam, bunlar mənə görə bir mərtəbə aşağı düşmək istəmirlər. Müdir məni sakitləşdirdi, dedi, bir anlaşılmazlıqdır, olub, belə texniki məsələləri mütləq həll edəcəklər”.

Buna da bax: Eskalator, yoxsa pilləkən?

“SANKİ ƏLİLLƏR CƏMİYYƏTİN ÜZVLƏRİ DEYİLLƏR”

İlham Səmədov deyir, dərd təkcə bankdakı olsa, nə var ki... Apteklərdə, mağazalarda, metrolarda, parklarda və başqa yerlərdə də əlillərin rahat hərəkətinə texniki şərait yaradılmayıb. Sanki əlillər bu cəmiyyətin üzvləri deyil:

“Mən ağır müharibə görmüşəm, sağlamlığımı tamamilə itirmişəm, cəmiyyətdən belə münasibət görəndə mənə ikiqat zərbə olur. Əlilə belə münasibət təkcə bizim ölkədədir. Müalicəyə tez-tez başqa ölkələrə gedirəm, oralarda hələ indiyədək arabayla hərəkətdə çətinliyim olmayıb. Hər yerdə panduslar var”.

Buna da bax:​ Arabadakı əlil bir gün bordürları qırdı

“Kapitalbank”ın Lənkəran filialından “Qaynar xətt”ə bildirilib ki, filiala müraciət edən əlilə hər hansı xoşagəlməz münasibət olubsa, buna görə üzr istəməyə hazırdılar: “Ancaq heç bir kobudluq olmayıb, anlaşılmazlıq olub, məsələ aydınlaşıb. Həqiqətən də əlillərin arabayla hərəkətində texniki problemlər var, yəqin ki, nəzərə alınar”.

Hüquqşünas Vaqif Alıyev deyir, "Əlillərin cəmiyyətə inteqrasiyası haqqında qanunu"na görə, arabaya təhkim olunan əlillərin ictimai yerlərdə sərbəst hərəkətinə texniki imkanlar yaradılmalı, əsasən də, panduslar olmalıdır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG