Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 12:19

LAVROV BİR ŞEY DEYİR, TƏRƏFLƏR TAM BAŞQA...

Bəlkə də Dağlıq Qarabağ mövzusuna ötücü bir ara vermək olardı, amma Minsk Qrupu həmsədrlərinin ilk dəfə Ankaraya - Qarabağ problemini müzakirə etməyə yollanacaqları xəbəri gəldi... Üstəlik, xarici işlər naziri S.Lavrov-un Ermənistanla Azərbaycana səfərindən sonra indi diqqət daha çox prezidentlərin yaxın vaxtlara planlaşdırılan görüşünə yönəlib.

Görüşün harada baş tutacağı hələ dəqiq məlum deyil. Daha çox Fransanın adı hallansa da, bəzi qaynaqlar birmənalı bu ölkənin adını xəbərləsələr də, hər an ünvan dəyişə və görüş başqa yerdə gerçəkləşə bilər...

Düzdür, danışıqlar prosesi aramsızlaşıb ki, prezidentlərin görüşü ilə bağlı hər hansı narahatlıq da yaşanmır. İndilik bir şey aydındır ki, onları bir daha görüşdürmək həmsədrlərə çətin olmayacaq. Əsas olan nəticədir. Görəsən, bir irəliləyiş baş verəcəkmi? S.Lavrov Bakıya son səfərində tərəflərin uğura əvvəlki vaxtlardan daha çox yaxın olduğunu demişdi. Rusiyanın baş diplomatı danışıq detallarının hələ ictimaiyyətə açıqlanmayacağını da vurğulamışdı. Bu son fikir məni daha çox maraqlandırdı. Bir tərəfdən hansı rayonların, hətta nə vaxt və hansı ardıcıllıqla «qaytarılacağı» bildirilir, o biri tərəfdən ictimaiyyəti də prosesə qoşmağa cəhdlər göstərilir, digər tərəfdən də, guya, hər şey gizli saxlanılır?!.

Təbii suallar doğur: Danışıq detallarının bilinməsi məsləhət deyilsə, onda Bakıda dövlət rəsmilərinin dilindən səslənən bəzi ilginc «təfərrüat»lar haradan qaynaqlanır? Üstəlik, insanlar, heç olmasa, prosesin ümumi cizgilərindən xəbərsizdirlərsə,, prosesə töhfələrini necə verə bilərlər?

Bəli, deyirlər ki, detallar «açıqlanmır!». Amma hər iki tərəfdə - istər Azərbaycanda, istərsə Ermənistanda prezidentlər kəskin bəyanatlar verir və əvvəlki mövqelərində israr edirlər. Rusiya xarici işlər naziri nikbin görünsə də, prezidentlərin bəyanatlarına diqqət yetirən adamda belə təəssürat yaranır ki, əslində, heç bir irəliləyiş yoxdur və hər şey elə əvvəllər olduğu kimi, «dalana dirənməkdədir», çünki... Çünki müxtəlif tərəflərdən sərgilənən mövqelər o qədər də yaxın görünmür...

RUSİYA NİYƏ BU QƏDƏR FƏALLIQ GÖSTƏRİR?

Amma Rusiya çox dəridən-qabıqdan çıxır. Məni də bir az şübhələndirən budur. Nə baş verir? Doğrudanmı Rusiya heç nə ummadan və məsələni birdəfəlik çözmək istəyir?

Buna da bax: S.Lavrov-un Bakıya gəlişinin niyəsi

Nə deyirsiniz-deyin, buna inana bilmirəm. İnana bilmirəm ki, Rusiya bu məsələdə tam təmənnasız olsun və indiyədək Azərbaycanla Ermənistanın ipini əlində saxlamağa imkan verən «göy muncuq»la - Dağlıq Qarabağla belə asanlıqla vidalaşsın! Heç gerçəyə bənzəmir.

İndi Ermənistan bir neçə rayonun boşaldılması müqabilində Dağlıq Qarabağa etibarlı təhlükəsizlik təminatları istəyir. Bir tərəfdən belə bir təsəvvür yaranır ki, məhz Dağlıq Qarabağa nəzərdə tutulan «möhkəm aralıq status» bu təminatı verə bilər. Amma Ermənistan bununla bağlı çox tərəddüd keçirir. Həm də sual yaranır ki, bəs bu halda Rusiyanın qazancı nə olacaq? Elə bu səbəbdən də düşünürəm ki, məsələ sülhməramlı qüvvələr olmadan keçinməyəcək. Bəli, bölgəyə ayırıcı qüvvə kimi rusiyalı sülhməramlıların gətirilməsi həm Ermənistanı, həm də Rusiyanı qane edərdi. Əks təqdirdə, Rusiya bu qədər fəallıq göstərməzdi. Ən azı ona görə ki, böyük siyasətdə altrurizm (heç bir umacaqsız yaxşılıq –red.) elə çox təsadüf olunan şey deyil, ələlxüsus Rusiyanın siyasətində...

Bəs Azərbaycan nə edə bilər? İndi Rusiya da, Minsk qrupu da sanki Türkiyəni ilk dəfə kəşf ediblər. Türkiyəyə marağın da səbəbi aydındır. Həmsədrlər də, Rusiya da Türkiyənin Azərbaycana təsirindən yararlanmaq istəyirlər. Türkiyənin prosesə cəlb olunması kommunikasiyaların açılması, blokadanın götürülməsi ilə də bağlıdır.

Azərbaycan prosesdə baş verən bu dəyişiklikdən maksimum yararlanmağa çalışmalıdır. Əvvəllər Türkiyəni prosesdən tam kənar saxlamağa çalışan ölkələr bu gün onsuz keçinməyin mümkün olmadığını dərk edirlərsə, Azərbaycan bundan niyə yararlanmasın?

Fikrimcə, sülhməramlıların gəlməsi qaçılmazdırsa, rəsmi Bakı onların tərkibcə beynəlmiləl olmasını (bu, hələ 90-cı illərdə keçirilən Budapeşt sammitində də qərara alınmışdı)və bu prosesə mütləq Türkiyənin də qatılmasını istəməli və buna nail olmalıdır. Niyə? Axı Gürcüstandakı münaqişələrin timsalında rusiyalı sülhməramlıları yetərincə görmüşük. Azərbaycan bu ssenarini özündə təkrar etməməlidir...

Buna da bax: Qarabağa bütün sülh planları xəritələrdə (İnfoqrafika)

Türkiyəyə gəlincə, təbii ki, bu ölkə Azərbaycanın cəhdlərini heç bir halda cavabsız qoymaz. Əsas odur ki, Türkiyənin özündə sabitlik və əmin-amanlıq olsun. Bu günlər baş verən qarışıqlıq və hərbi çevriliş cəhdi Azərbaycanda da böyük üzüntü, narahatlıqla qarşılandı, insanlar,sözün əsl mənasında, təlaşlı anlar yaşadılar...

BİRİ QƏRBİ, O BİRİ DƏ RUSİYANI ABIRA SALARDI...

Rəsmi Bakı Rusiya ilə o qədər ehtiyatla davranır ki, adam həm şübhələnir, həm də bunu görməkdən lap dilxor olur. Təsəvvür edin, Ukrayna prezidentinin səfəri ərəfəsində Bakını ən çox narahat edən bu idi ki, görəsən, prezident P.Poroshenko burada Rusiya əleyhinə şüar və ya bəyanatlar səsləndirməz ki?..

Halbuki səfərdə bundan da çox vacib məsələlər vardı və yaxud ola bilərdi. Məncə, indi Azərbaycanın Rusiya siyasətini də bir qədər əlaqələndirməyin əsl vaxtıdır.

Bəli, Ukraynaya Qərbin böyük diqqəti fonunda Azərbaycanın, Gürcüstanın və təbii ki, Moldovanın da problemləri aktuallaşa bilərdi. Axı bu problemlərin hamısını ortaq bir özəllik birləşdirir – onların hamısı bu və digər dərəcədə Rusiyanın bölgədəki bölücülük siyasətinin nəticəsidir...

Elə bu üzdən, son vaxtlar, sanki tam unudulmuş GUAM-a bir az dinamizm gətirmək heç də ziyanlı olmazdı.

Məsələ başqa yöndən də önəmlidir. Türkiyə ilə Rusiya arasındakı barışdırıcılıq cəhdlərini Rusiya, Gürcüstan və Ukrayna münasibətlərinə də köçürməyə çalışmaq olardı.

Elə bir vəziyyət yarana bilərdi ki, Qərbin Azərbaycana nisbətən soyuq münasibəti Ukraynanın hesabına bir az isinər və əksinə, Rusiyanın Ukrayna və Gürcüstanla qaynar siyasəti Azərbaycanın sayəsində mülayimləşərdi. Di gəl, birgə mətbuat konfransında GUAM adı bircə dəfə hallandı - Ukrayna prezidenti ötəri dedi ki, Azərbaycanın GUAM-da sədrlik məsələsinə də toxunduq...

Qərəz, insanlar yay aylarında, adətən, siyasət və siyasi proseslərin bir qədər səngiməsinə, ara verməsinə alışsalar da, bu yayın siyasət və diplomatiya baxımından qızmar keçəcəyi görünür. Hələ indən belə çox detal gündəmə gələcək. Diplomatlar bunu istəməsələr də...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

S.Lavrov: "Müsbət nəticəyə indiyədək olduğundan daha çox yaxınıq"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG