Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:33

«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanuna dəyişiklik oktyabrın 21-dən qüvvəyə minib.

Qanunun tətbiqi haqqında dərc olunan fərmana əsasən, səhmlərin dövriyyədən çıxarılmasına dair arayışı Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) verir.

Həmin qanuna görə, hüquqi şəxs səhmdar cəmiyyətidirsə, onun ləğv prosesində olması barədə məlumatların dövlət reyestrinə daxil edilməsi üçün buraxdığı qiymətli kağızlar (səhm) dövriyyədən çıxarılmalıdır. İndiyədək bu arayışı ləğv olunmuş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) verirdi. Publik hüquqi şəxs statusunda olan MBNP 2016-cı ilin əvvəlində həm də bu qurumun bazasında yaradılıb.

Buna da bax:​ Bakıdakı o məşhur ünvanda daha bir "sirli" şirkət quruldu

Amma məsələ burasındadır ki, qiymətli kağızlar təkcə bu halda dövriyyədən çıxarılmır. Mütəxəssislər deyirlər ki, bəzən səhmdar cəmiyyətinin təsisçiləri bölünmə haqqında qərar verirlər. Di gəl ki, müəyyən hallarda Vergilər Nazirliyi bu qərarı dövlət reyestrində qeydə almaqdan imtina edir. Mərəkə də bundan sonra başlayır.

«Qeydiyyatdakı səhmlərin sayı nizamnamə kapitalı ilə üst-üstə düşmür»

«Mənə məlum olub ki, səhmdarı olduğum «İstehsalat Xidməti Bazası» ASC-nin səhmlərinin 83 faizi ləğv olunub və dövriyyədən çıxarılıb. Bu haqda qərarı cəmiyyətin rəhbərliyi Vergilər Nazirliyinə təqdim edib. Nazirlik sənədləri araşdırıb, müəyyən edib ki, bölünmə qanunu pozmaqla aparılıb. İndi qəribə bir vəziyyət yaranıb: ASC-nin qeydiyyatda olan səhmlərinin sayı onun nizamnamə kapitalı ilə üst-üstə düşmür».

Bunu AzadlıqRadiosu-na həmin səhmdar cəmiyyətinin səhmdarı Vüqar İsmayılov deyib.

Buna da bax: Dəbdəbəli kurortun tikintisində "məxfi" yenilik

Mülki Məcəlləyə əsasən, səhmdar cəmiyyətinin nizamnamə kapitalı onun dövriyyədə olan səhmlərindən formalaşır. Yəni, səhmlərin sayı və toplam qiyməti nədirsə, nizamnamə kapitalı da o qədər olmalıdır.

Ekspertlər qanunvericilikdə bu tipli məsələləri tənzimləməkdə boşluğun olduğunu təsdiq edirlər. Onlar deyir ki, hazırda MBNP-nin tətbiq etdiyi normativ akt köhnədir və Palata yenisinin üzərində işləyir.

ASC-də yollar axtarırlar, çünki...

«İstehsalat Xidməti Bazası» ASC İdarə Heyətinin sədri vəzifəsini icra edən Güloğlan İbrahimovun AzadlıqRadiosu-na deməsinə görə, onlar hələ ki, nə edəcəklərini müəyyən etməyiblər. «Ola bilsin ki, çıxış yolunu tapmaq üçün MBNP-yə müraciət etdik».

Buna da bax:​ Pambıqtəmizləmə zavodlarının hamısı özəlləşdirilib, birindən başqa

Səhmdar Vüqar İsmayılov isə keçmiş QKDK-nın qərarını əsas götürən səhmlərin 83 faizinin sahibi olan şəxsin «İstehsalat Xidməti Bazası» ASC-nin torpağında daşı-daş üstə qoymadığını deyir: «Məqsədi burada çoxmərtəbəli yaşayış evləri tikmək idi. Bölünmə baş tutmadığından bu niyyəti baş tutmayıb».

Palatanın məlumat bazası boşdur

«Qiymətli kağızlar bazarı haqqında» qanuna əsasən, MBNP qiymətli kağızların dövlət reyestrini, orada edilən mühüm dəyişiklikləri ictimaiyyət açıqlamalıdır. Hələlik, Palatanın məlumat bazasında bu bölmə boşdur. Palatanın sözçüsü Rüfət Abbasov müəyyən texniki məsələlər həll olunduqdan sonra qiymətli kağızların dövlət reyestrinin sayta yerləşdiriləcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG