Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:05

►“Bizim bina iki gün polis nəzarətində olub, bizə mənəvi zərbə dəyib. Bu mənəvi sarsıntının kompensasiyasını tələb edəcəyik.

Bir də mülkiyyət hüququnun pozulması ilə bağlı məhkəməyə üz tutacağıq”

Ötən həftəsonu “Qanun” nəşriyyatında “bomba axtarışına” gəldiyini deyən polis çap və yarımçap məhsullarını müsadirə edərək binanı tərk etdi.

Daha sonra məlum oldu ki, müsadirə edilənlər arasında həbsdəki REAL hərəkatının sədri İlqar Məmmədovun doğum günü münasibətilə hazırlanmış flayerlər də varmış. REAL-ın yaydığı bəyanatda deyilir ki, axtarılan “bomba” elə flayerlərmiş.

Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu ilə bu haqda danışırıq. Hərçənd onun irəli sürdüyü başqa ehtimallar da var.

– Şahbaz bəy, REAL-ın bəyanatından sonra düşünürsən ki, bomba axtarışı İlqar Məmmədovla bağlıymış. Elədirmi?

– Bu da bir ehtimaldır. Götürülənlər arasında İlqar Məmmədovun flayerləri də olub. Amma, ola bilsin, başqa şeylər də var. Bu flayerlər İlqar Məmmədova dostlarının hədiyyəsidir.

– Orda diqqətçəkən nəsə vardı?

– Sadəcə, İlqar Məmmədovun bioqrafiyası idi. Hər hansı çağırış, şüar, hər hansı niyyət yoxdur.

– Müsadirə edilənlər arasında başqa nələr vardı? Yəni hər hansı ehtimala yol açacaq çap məhsullarından söhbət gedə bilərmi?

– Mətbəə birinci qatdadır, nəşriyyatdan fərqli strukturdur. Nəşriyyatda axtarış mənim gözümün qabağında olub. Amma mətbəədə axtarış prosesində olmamışam. O zaman paralel olaraq mənim otağımda da axtarış gedirdi. Ordan götürülənlər də yarımfabrikat məhsullar kimi qeydiyyata alınıb. Yəni dəmir lövhələr, onların diqqətini cəlb edən materiallar götürülüb. Konkret daha nələrin götürülməsindən xəbərimiz yoxdur. Təhqiqat gedir. Yəqin sonra məlumat verərlər. O məlumat da REAL tərəfindən yayılıb. Mən də sonra dəqiqiləşdirdim, mətbəədən dedilər ki, “bəli, İlqar Məmmədovla bağlı yarımçap məhsulu, dəmir təbəqələr də götürülüb”. (Ardı aşağıda)

– Şahbaz bəy, polis bomba axtarışına gəlir, ancaq əlində buna görə hər hansı qərar yoxdur. Daha sonra sənəd üçün gedir, aradan yarım gün keçir və yenidən qayıdıraq axtarış aparır. Bu dəfə bomba yerinə dəmir təbəqələri, çap məhsullarını götürüb gedir. Polis doğrudanmı, bomba axtarırdı?

– Burda bir şey var. Bunlarda mətbəədə hər hansı materialın hazırlanması haqqında məlumat vardısa, birbaşa mətbəəyə girə bilərdilər. Amma birbaşa nəşriyyata gəliblər, axtarış aparıblar, sonra mətbəəyə giriblər. Mətbəəyə getməyə də bilərdilər. Bilmirəm bunlarda hansı məlumat olub. Bu gün ora gələn polislərin bəziləri ilə əlaqəm olub.İlqar Məmmədovun şəklini göstərmişəm ki, “bunu tanıyırsınızmı?” Deyiblər: “Yox”.O mənada inanmıram ki, İlqar Məmmədova görə gəlsinlər. Əgər ona görə gəliblərsə, niyə əvvəldən adına “bomba” deyirdilər? Deyə bilərdilər ki, “sizdə qanunsuz işlər görülür” və ya “nəsə çap edilir”, o zaman da rahatca mətbəəyə girmək imkanları olardı. İkincisi, mən mətbəə ilə də danışdım, flayerlərlə bağlı sifariş var, müqavilə var, burda gizli heç nə yoxdur. İlqar Məmmədov çapı qadağan olunmuş şəxs də deyil. Bir də, siyasi fəsil də deyil, onun təbliğatı siyasi hakimiyyətə təhlükə yaratsın. Mənə elə gəlir, bu, elə bomba axtarışına oxşayır.

____________________________________________________________

Bunlara da bax:
REAL: 'Qanun'da axtarılan 'bomba' bu imiş
Sel Tovuzda 4 kəndlə əlaqəni kəsdi

____________________________________________________________

– İlkin ehtimallardan biri beləydi ki, hazırda mühacirətdə yaşayan, polis generalı Şəkinskinin ailəsinin ölkədən çıxarılmasına şərait yaratdığı üçün axtarışa verilən qardaşınız Əlövsət Əliyevə görə sizə təzyiq göstərilir. Yarıaşkar, yarıgizlin səslənən bu ehtimalda həqiqət payı varmı?

– Əlövsətə cəza verilib, əslində. Onun həbs təhlükəsi vardı, ölkədən gedib. O yaşda başqa ölkədə yaşamaq, başqa mədəniyyətə adaptasiya olunmaq asan deyil. İkincisi, heç kəs başqasının məsuliyyətini paylaşmamalıdır... Bu işdə şəxsi intiqamçılıq məsələsi hiss olunur. Niyə? Çünki bomba axtarışına gələn fərqli qurumdur. Cinayət əməliyyat axtarışı idarəsi belə məsələlərə gəlmir. İctimai təhlükəsizliklə başqa qurum məşğul olur. Amma birdən-birə bomba axtarmağa bu qurum gəlir. Bunların arasında bombanı zərərsizləşdirən hər hansı mütəxəssis də yoxdur. Bu mənada fikirləşirsən ki, “niyə bu qurum nəşriyyata gəlir?” Burda, əlbəttə, şəxsi intiqamçılıq elementləri görünür. Biz nə qədər “yox” desək də, fakt belədir. O idarədən bizim ailə ilə bağlı baş verə biləcək hər hansı hadisənin arxasında qərəz var, bu qaçılmazdır. Bizdən intiqam almaq istəyəcəklər.

– O zaman növbəti mərhələdə nə gözləyirsiz?

– Hər halda, bazar günü bu axtarışın ictimai diqqət altında keçirilməsi, jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin prosesi əvvəldən axıra kimi izləməsi, ola bilsin, vəziyyətidəyişdi. Hər şey başqa cür də ola bilərdi. Və yaxud gecə ora girsəydilər, başqa şey baş verə bilərdi. Bu məsələ yetərincə ictimailəşəndən sonra polis içəri girdi, bu da vəziyyəti dəyişdi. Mənə elə gəlir, əks halda, onlar orda bomba olmasa da, ən azı əl qumbarası, bombaya bənzər partlayıcı qurğu tapa bilərdilər.

– O zaman təhlükə sovuşdu?

– “Təhlükə sovuşdu” deyə bilmərik. Binanın açarı gecə onlarda olub. Gecə orda, faktiki, nəsə yerləşdirə bilərdilər. Həmin şey nədisə sonradan başqa bir təşkilatın ora gəlməsinə səbəb ola bilər. Eyni zamanda, təhqiqat davam edir. Təhqiqat hansı istiqamətdə inkişaf edəcək, bilmirik, yəni cinayət işi açılacaq, istintaq olacaqmı, bilmirik. Bizim bina iki gün polis nəzarətində olub, bizə mənəvi zərbə dəyib. Bir dövlət qurumunun nəşriyyatda bomba olması haqda təşviş yaratması, bu qurum, orda çalışanlar, onların yaxınları üçün böyük mənəvi sarsıntıdır. Bu sarsıntının kompensasiyasını tələb edəcəyik. Bir də mülkiyyət hüququnun pozulması ilə bağlı məhkəməyə üz tutacağıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG