Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:41

Strasburq İ.Məmmədovun azadlığını tələb edir


İlqar Məmmədov
İlqar Məmmədov

-

Avropa Şurasının Nazirlər Komitəsi REAL Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovla bağlı yenidən Azərbaycan hökumətinə çağırış edib. Komitə İ.Məmmədovun dərhal azad edilməsini tələb edir.

Bu tələb Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı qərarlarının icrası haqqında 144 saylı qətnaməsində yer alıb. Qətnamə Avropa Şurasının saytında yayımlanıb.

Qətnamədə qeyd edilir ki, Avropa Konvensiyanın 46-cı maddəsi Avropa Şurası Nazirlər Komitəsinə AİHM-nin qərarlarının icrasını izləməkdən ötrü müstəsna hüquq verir.

Nazirlər Komitəsi hesab edir ki, İ.Məmmədov hökuməti tənqid etdiyinə görə cəzalandırılmaq məqsədilə, hələ də, həbsdə saxlanılır.

Qətnamədə xatırladılır ki, hökumətin Avropa Məhkəməsinin qərarlarına riayət etmək öhdəliyi qeyd-şərtsizdir. Cavabdeh ölkənin yüksək dövlət orqanları İ.Məmmədovu bəhanəsiz, dərhal azad etməkdən ötrü bütün zəruri tədbirlər görməlidir.

Sənəddə qeyd edilir ki, İ.Məmmədov azad edilənədək Nazirlər Komitəsinin bütün iclaslarında iş üzrə vəziyyət izlənəcək.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb. Avropa Şurasının Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Məhkəmə bu il aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.

XS
SM
MD
LG