Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:58

"Onları Qənimət Zahiddən qisas almaq üçün tutublar"- [Məhkəmə]


►“Kürəkənlərinin həbsilə hədələyiblər”

"Azadlıq" qəzetinin baş redaktoru, Fransada mühacirətdə olan Qənimət Zahidin qohumları - qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bu barədə qərar iyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Bu qərardan öncə bildirilib ki, artıq şahidlər dindirilib, sənədlərin tədqiqi mərhələsi başlayır. Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov deyib ki, iş materiallarındakı sənədlərin bir qismini elan edib. Onların arasında narkotiklə bağlı ekspert rəyləri də vardı.

Rövşən Zahidovun vəkili Tahir Xanəliyev ədalətli mühakimənin əsas prinsiplərindən birinin tərəflərin bərabərliyi olduğunu vurğulayıb. Ona görə də məhkəmə ittiham tərəfilə yanaşı, müdafiə tərəfinin də sübutlarını araşdırıb qiymət verməlidir.

"QOHUMLARIN HƏBSİLƏ HƏDƏLƏYİBLƏR"

"Hələ məhkəmənin hazırlıq iclasında biz vəsatət qaldırıb istintaq zamanı yol verilmiş pozuntuların araşdırılmasını, təqsirləndirilən şəxslərin günahsızlığını, əslində, şərləndiklərini təsdiqləyən sübutlara qiymət verilməsini istəmişdik. Lakin təəssüf ki, həmin vəsatətimiz rədd olundu", - deyə Tahir Xanəliyev bildirib.

Vəkil vurğulayıb ki, Rövşən Zahidov siyasi motivlə həbs olunub:

"O, əmisi oğlu Qənimət Zahidə təzyiq göstərmək, ondan qisas almaq məqsədilə tutulub və ona qarşı saxta, yolverilməz sübutlar əsasında ittiham irəli sürülüb".

____________________________________________________________

Bunlara da bax:
Ucardakı rus qəbiristanlığında nə baş verir?- [Fotolar]
"Məni də hədələdilər ki, görərsən, başına nələr gələcək”

____________________________________________________________

Müdafiəçi Rövşən Zahidov həbs olunarkən, həmçinin istintaqın gedişində yol verilmiş qanun pozuntularını bir daha məhkəmənin diqqətinə çatdırıb. Qeyd edib ki, Rövşən Zahidovu həyat yoldaşı və kürəkənlərinin də həbs olunacağı ilə hədələyiblər və bundan sonra o, polis rəisinin dediyi yalan ifadəni imzalamağa məcbur olub:

"Şamaxı rayon Polis Şöbəsində Rövşən Zahidovdan təzyiqlər vasitəsilə ifadə alındığından xahış edirəm, polis rəisi Habil Əmiraslanov şahid qismində dindirilsin. Bundan əlavə, Rövşən Zahidov inzibati həbsdə olan zaman onun yaxınları ilə əlaqə saxlayıb-saxlamamasının araşdırılması üçün Şamaxı Rayon Polis Şöbəsinə sorğu göndərilməsini vacib hesab edirik".

"TELEFON NÖMRƏSİLƏ BAĞLI ARAŞDIRMA APARILSIN"

Vəkilin daha bir vəsatəti Rövşən Zahidov həbs olunmamışdan əvvəl kənddən Şamaxı şəhərinə iş adı ilə çağrılarkən istifadə olunan telefon nömrəsilə bağlı araşdırma aparılması haqda olub.

Tahir Xanəliyev həmçinin istintaq zamanı yol verilən pozuntuların araşdırılması məqsədilə iş üzrə ibtidai istintaqı aparmış Səbail Rayon Polis İdarəsinin müstəntiqi İlqar Həmidovun şahid qismində dindirilməsi haqda vəsatət qaldırıb.

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

Bundan sonra məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə prosesi iyunun 10-da dövlət ittihamçısının çıxışı ilə davam edərək.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələrilə ittiham irəli sürülüb. Lakin onların hər ikisi ittihamın saxta olduğunu, narkotikin onların evinə və cibinə polislərin özləri tərəfindən qoyulduğunu bildirir.

Qənimət Zahid də qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu "Azərbaycan saatı" televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

XS
SM
MD
LG