Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:46

►Polisin sözlərinə görə, Rüfət Zahidov deyib ki, bükülüdə heroindir və onu Yasamal bazarından alıb

"Azadlıq" qəzetinin baş redaktoru, hazırda mühacirətdə olan Qənimət Zahidin qohumları - qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun məhkəməsində şahidlərin dindirilməsi mərhələsidir.

“BAZARI DAĞIDAYDINIZ DA...”

Bakı Ağır Cinayətlər Məhkəməsində mayın 24-də keçirilən iclasda Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Qasım Hüseynov dindirilib.

O bildirib ki, keçən il iyulun 20-də Rüfət Zahidovu kafedən çıxarkən saxlayıb idarəyə gətiriblər. İdarədə hal şahidlərinin iştirakı ilə Rüfət Zahidovun üzərindən və şirkətə məxsus onun idarə etdiyi maşından bükülü tapıblar. Polisin sözlərinə görə, Rüfət deyib ki, bükülüdə heroindir və onu Yasamal bazarından alıb.

Bu zaman Rüfət Zahidovun zalda olan anası şahidin yalan danışdığını bildirib:

"Ondansa, bazarı dağıdaydınız da...".

Dindirmə zamanı polis əməkdaşının vəkil Bəhruz Bayramovun sualına "Əşşi, mən burada imtahan verməyə gəlməmişəm" cavabı müdafiəçini əsəbiləşdirib: "Əşşi sən özünsən".

“BURADA MADDƏ SAYMALIYAM?”

Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov vəkilə irad bildirib: "Mübahisə açmayın".

Hakimin bu cür münasibəti vəkili daha da əsəbiləşdirib:

– Bu adam mənə "əşşi" deyir. Keçən məhkəmə iclasında da həmkarımı təhqir edib. Yaxşı ki, mən olmamışam onda, yoxsa cavabını verərdim. Mən ona "siz" deyə müraciət edirəm, o da mənə "əşşi" deyir. Mən onun üçün küçə adamı deyiləm!

Şahid polis:

– Mən burada durub maddə saymalıyam?

– Suallara cavab verməlisən.

____________________________________________________________

Bunlara da bax:
Məhkəmə Xədicənin vəkilinə "yox" dedi
Sabiq rəisin məhkəməsi başlanır

____________________________________________________________

“BU İNSAN VƏKİLƏ TƏZYİQ GÖSTƏRİB”

Qənimət Zahid

Qənimət Zahid

Rövşən Zahidovun vəkili Tahir Xanəliyev Qasım Hüseynovun barəsində xüsusi qərardad çıxarılması haqda vəsatət qaldırıb:

"Bu şahid keçən prosesə gəlməmişdi, təxirə salındı, ondan əvvəlki prosesdə məni təhqir edirdi. Məhkəmənin həyətində - konvoylar olan yerdə mənə ağzına gələni deyirdi. Bu insan vəkilə təzyiq göstərib. Öz vəzifə funksiyasını yerinə yetirən vəkilə təzyiq göstərməklə, hədə-qorxu gəlməklə maneçilik yaradıb. Xahiş edirəm, barəsində xüsusi qərardad çıxarasınız".

Hakim isə bildirib ki, həmin hadisə məhkəmə zalından kənarda baş verdiyindən bununla bağlı xüsusi qərardad çıxarıla bilməz.

Məhkəmə prosesi iyunun 3-də davam edəcək.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu "Azərbaycan saatı" televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG