Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:16

Q.Zahidin qohumlarının məhkəməsində dava


Kübra Zahidova
Kübra Zahidova

►"Gözümün qabağında polis hal şahidinə narkotik verdi"

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları - qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun məhkəməsində dava düşüb.

““QURAN”I GƏTİRİN”

Zahidovların işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsidir.

Aprelin 19-da keçirilən məhkəmə iclasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis baş leytenantı Surxay Əliyev ifadə verib. O, Rüfət Zahidovu həbs edənlərdən biridir.

Surxay Əliyev ifadəsinə başlamamışdan əvvəl Rüfət Zahidovun məhkəmə zalında olan anası Kübra Zahidova şahiddən and içib düzgün ifadə verməsini istəyib: “"Quran”ı gətirim, əlini qoy “Quran”ın üstünə ki, düzünü danışacaqsan..."

Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov ona irad bildirib: "Xanım, elə şey olmaz. Sakit durun".

İLDIRIM SÜRƏTİ

Polis əməkdaşı ifadəsində Rüfət Zahidovun üzərindən narkotik tapıldığını deyib:

"2015-ci il iyulun 20-də Rüfət Zahidovu “Şəki” kafesindən çıxarkən saxlamışıq, hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirmişik, üzərindən və maşınından sellofanda heroin aşkarlamışıq. Sellofana qoyub qablaşdırmışıq, sənədləşdirmişik".

Bu zaman Rüfət Zahidovun anası "Yalansa, üzünə lənət"- deyə şahidin yalan danışdığını bildirib.

Rüfət Zahidov özü də polisin yalan danışdığını deyib.

Surxay Əliyev vəkillərin suallarını cavablandırarkən məlum olub ki, Rüfət Zahidovun saxlanılması, üzərindən narkotik tapılması, onun ekspertizaya göndərilməsi, rəy alınması cəmi 1 saat 10 dəqiqə çəkib. Vəkil Bəhruz Bayramov məhkəmənin nəzərinə çatdırıb ki, bu qədər qısa müddətdə bütün bu addımların atılması mümkün deyil:

"Belə çıxır ki, ya hava sürəti ilə olub, ya da ildırım sürəti ilə..."

Surxay Əliyev Rüfət Zahidovun saxlanılarkən tək olduğunu desə də, o, polisin bu məsələdə də yalan danışdığını bildirib:

"Yanımda bir xanım da var idi, şirkətin əməkdaşı. Gördü ki, məni tutub aparırlar, çığırıb-bağırırdı".

“POLİSİN ŞTATLARI ADAMLARIDIR”

Rüfət Zahidov qeyd edib ki, hal şahidlərinin təsadüfi adamlar olması barədə də polisin dedikləri yalandır:

"Hal şahidləri polislərin ştatlı adamlarıdır. Polislər əl eləyib onları çağırdılar. Otaqda gözümün qabağında həmin bu Surxay hal şahidinə narkotik verdi. O, bundan istədi, bu da verdi. Yəni hal şahidlərinin özləri narkoman idilər".

___________________________________________________________

Bunlara da bax:
Cəbhə xətti - Talış kəndindən yeni görüntülər
Azərbaycanlılar sərhəddə 12 kilo qızılla tutuldular

___________________________________________________________

Hakim Eldar Mikayılov polis əməkdaşından bu barədə deyilənləri təsdiq edib-etmədiyini soruşub. Surxay Əliyev deyib ki, həqiqətə uyğun deyil.

Bu zaman Rövşən Zahidovun yerindən belə bir replikası olub: "Nə deyəcəkdi ki?! Əlbəttə, deyəcəkdi ki, təsdiq eləmir də..."

Qənimət Zahid
Qənimət Zahid

Kübra Zahidova polisi yalan danışdığına görə kəskin ifadələrlə qınayıb. Bu zaman polislə Rüfət Zahidov və anası arasında mübahisə yaranıb. Hər üç şəxs bir-birini təhqir ediblər. Hakimlər aranı sakitləşdirə bilməyib. Bu səbəbdən məhkəmə aprelin 29-na qədər təxirə salınıb.

“AÇIQ DESİNLƏR”

Kübra Zahidova AzadlıqRadiosuna bildirib ki, oğlunun narkotiklə ittiham olunmasını qəbul edə bilmir:

"Bu şər-böhtanı qəbul edə bilmirəm. Mən yalnız o halda səssiz qalaram ki, açıq desinlər, bu adam narkotikə görə yox, "Azərbaycan saatı"na görə həbs olunub. Onun ailəsi, dost-tanışı var, övladı böyüyür. Mən elə tərbiyə verməmişəm ki, üstünə belə damğa qoyulsun".

Kübra Zahidova onu da qeyd edib ki, oğlunun siyasətlə, "Azərbaycan saatı" proqramı ilə heç bir əlaqəsi yoxdur:

"Mənim oğlum siyasətçi deyil, adi sürücüdür. Əgər o verilişə bircə kadr çəkib göndərsəydi, ana kimi deyərdim ki, “ay oğul, bu işdə əlin olub, indi cəzanı çək”. Mənim uşağımın heç bir günahı yoxdur. Heç çox vaxt o verilişə də baxmayıb".

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu "Azərbaycan saatı" televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun Radio proqramında

Lavrov yenə Qarabağa görə gəlir, bu dəfə nə gətirir?
Azərbaycan nə istehsal etməlidir ki, iqtisadiyyat dirçəlsin?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

Əliyevlər "Panama Papers"də.... (DETALLAR, VİDEO)
XS
SM
MD
LG