Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:42

Qalmaqallı rəssam 42 min dollardan məhrum edilib


Pyotr Pavlensky-nin "Təhlükə" adlı qalmaqallı performansı (noyabr, 2015)

Pyotr Pavlensky-nin "Təhlükə" adlı qalmaqallı performansı (noyabr, 2015)

Mayın 25-də qalmaqallı rus konseptual rəssamı Pyotr Pavlensky Vaclav Havel adına Beynəlxalq Kreativ Müxalifət Mükafatına layiq görülmüşdü. Ancaq rəssam 42000 dollarlıq mükafat pulunu Rusiyanın Uzaq Şərqində polisi öldürməkdə ittiham olunan şəxslərin hüquqi müdafiəsinə yönəldəcəyini bəyan edəndən sonra mükafat geri alınıb. Pavlensky də təşkilatçıları "polis terrorunu dəstəkləməkdə" günahlandırıb. O həmçinin təşkilatçıları "totalitar" adlandırıb. "Onlar cəmiyyət üzərində dövlət terroruna rəsmi dəstək veriblər", 32 yaşlı rəssam bildirib. Pavlensky İnsan Hüquqları Fondunun (HRF) bu mükafatına noyabrda göstərdiyi "Təhlükə" adlı qalmaqallı performansa görə layiq görülmüşdü. Bu performansda o, gecə vaxtı Rusiya Federal Təhlükəsizlik Xidmətinin baş qərargahının qapısını yandıraraq onun qarşısında görünmüşdü. Performansın videosu qısa zamanda İnternetdə yayılmışdı. Pavlensky demişdi ki, bununla o, təhlükəsizlik xidmətinin Rusiyanı idarə etmək üçün "terrordan" istifadə etməsinə qarşı çıxır. İyulun 8-də Pavlensky Azadlıq Radiosuna deyib ki, HRF prezidenti Thor Halvorssen ona e-mail yazaraq ona verilmiş mükafatın ləğv edildiyini bildirib. Bununla da mükafat komitəsində bir aydan çox davam edən mübahisələrə son qoyulub. Məktubda deyilir ki, HRF bu "xoş olmayan, presedentsiz" qərara görə təəssüf edir, lakin mükafatın seçim meyarları "hökumətin təzyiqinə qarşı mübarizə metodu kimi zorakılıqdan istifadəni təbliğ edənlərin" mükafatlandırılmasına imkan vermir. Halvorssen RFE/RL-ə deyib ki, təmsil etdiyi təşkilatın məktubun mətnindən əlavə deməyə sözü yoxdur. Pavlenskynin sevgilisi Oksana Shalygina bir Facebook postunda "Primorski partizanları" adlanan qrupa dəstək ifadə edib.

Bir neçə il əvvəl Rusiyanın Uzaq Şərqində altı nəfər yeniyetmə polis işçilərinə qarşı silsilə hücumlar təşkil ediblər. Özlərini "Primorski partizanları" adlandıran dəstə korrupsiya və qanunsuzluğa etiraz etmək üçün hüquq mühafizə orqanlarının işçilərinə qarşı partizan müharibəsi elan ediblər. 2010-cu ildə həbs edilmiş dəstə üzvlərinə uzunmüddətə azadlıqdan məhrum edilmə cəzaları verilib. Onlar üç polis işçisinin öldürülməsində, qarət və oğurluqda ittiham ediliblər. Shalygina mayın 25-də Havel mükafatının təqdim edilmə mərasimində Pavlenskynin nümayəndəsi kimi iştirak edirdi. Belə ki, həmin vaxt Pavlensky "Təhlükə" performansına görə həbsdə idi və hökmü gözləyirdi. O, iyunun 8-də qəfildən azadlığa buraxılmışdı. Pavlensky HRF-in qərarından sonra yazdığı məqalədə bildirib ki, mükafatın nəzərdə tutduğu məbləği "terrorçu" FSB-yə bağışlamaq "məntiqli" qəbul olunardı. Pavlensky ilk dəfə 2012-ci ildə üç "Pussy Riot" fəalının həbsinə etiraz olaraq ağzını tikməsi ilə ictimaiyyətin diqqətini cəlb etmişdi. Bundan sonra o öz çılpaq bədənini tikanlı məftillərlə sarıyıb, qulağının bir hissəsini kəsib və 2014-cü ildə Peterburqda bir körpünün üzərində Avromaydan səhnələrini canlandırıb. 2016-cı ilin Havel Mükafatı Pavlensky-dən başqa iranlı karikaturaçı rəssam Atena Farghadani və özbək fotojurnalisti Umida Akhmedovaya da təqdim edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG