Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:39

Tbilisidə Qarabağ söhbəti, «rus təbliğatı» narahatçılığı


Giorgi Margvelashvili
Giorgi Margvelashvili

-

Tbilisidə «NATO həftəliyi» çərçivəsində Xalq Diplomatlarının Forumu davam edir.

Gürcüstan prezidenti Giorgi Margvelashvili öz çıxışında daha çox Qarabağdakı münaqişədən bəhs edib.

Forumda müzakirə olunan əsas mövzulardan biri də rus təbliğatıdır. Gürcüstan rəhbərliyi onun ölkədəki gücünə diqqət yönəldib.

Gürcüstanın birinci şəxsi tədbirin ikinci günündə Forumun əsas qonağı olub. Forum iştirakçıları qarşısında çıxış edən G.Margvelashvili Dağlıq Qarabağda baş verən son hadisələrdən danışıb.

«Qafqazdakı qonşularımızı yaranmış mürəkkəb vəziyyətdən sülhlə çıxmaq üçün bütün güclərini səfərbər etməyə çağırıram. Münaqişə ocağı bizdən cəmi bir neçə 100 km aralıdadır. Münaqişə sülh yolu ilə çözülməlidir. Beynəlxalq tərəfdaşlar və yerli qüvvələrlə münaqişəni neytrallaşdırmaq və gərginliyi azaltmaq lazımdır», - G.Margvelashvili deyib.

Forumun əsas mövzusuna toxunan prezident bildirib ki, Gürcüstan avroatlantik kursundan dönməyib və bu strateji seçiminə sadiqdir. G.Margvelashvili NATO-nu «təhlükəsizlik çətiri» ilə müqayisə edib.

Ketevan Tsikhelashvili
Ketevan Tsikhelashvili

«GÖZƏGÖRÜNMƏZ ƏNGƏLLƏRLƏ ÜZ-ÜZƏYİK»

NATO-ya inteqrasiyada maneələrdən biri- rus təbliğatı da Forumun aktiv müzakirə mövzusu olub.

Barışıq və vətəndaş bərabərliyi nazirinin müavini Ketevan Tsikhelashvili diqqəti Gürcüstanda və onun hüdudlarından kənarda rus təbliğatına çəkib.

«Biz tank, tikanlı məftil kimi gözlə görünən maneələrdən başqa, həm də görünməyən əngəllərlə toqquşuruq. Bu, düşmən obrazı yaradan, antiqərb əhval-ruhiyyəsini gücləndirən rus təbliğatıdır. Bu planda, əsasən, zəif yer milli azlıqların kompakt yaşadığı işğal olunmuş ərazilər və regionlardır. Onlar üçün əsas informasiya mənbəyi Rusiya KİV-ləridir. Bu insanları Gürcüstanda və regionda gedən siyasi proseslərlə bağlı gerçək və obyektiv məlumatlarla təmin etmək lazımdır», - K.Tsikhelashvili deyib. Əlavə edib ki, Gürcüstan hökuməti bu məsələnin üzərində işləyir.

Aleko Kvakhadze
Aleko Kvakhadze

«GÜRCÜ HAKİMİYYƏTİ... ONLARA KÖMƏK EDİR»

Qafqaz məsələləri üzrə ekspert Aleko Kvakhadze Gürcüstan hakimiyyətinin diqqətini cəmləşdirməli olduğu istiqamətləri sadalayır: Bu, informasiya sahəsi və Gürcüstanda Rusiya və Avropa tərəfdarı olan QHT-lərinin fəallığıdır.

«Təəssüf ki, Gürcüstan hakimiyyəti Rusiya təbliğatının qarşısında durmaqdansa, əksinə, hətta bəzi hallarda onlara yardım edir. Məsələn, belə bir təşəbbüs var: Gürcüstanda ölkə ərazisinin bütövlüyünü tanımayan telekanalların yayımını dayandırmaq. Ancaq nədənsə hökumət o dəqiqə söz azadlığı barədə düşündü və bu azadlığa əl aparmaq istəmədi. Və bu himayə sayəsində anti-dövlət kursunu tutan qeyri-hökumət təşkilatları da rahatca fəaliyyət göstərir», - A.Kvakhadze bildirib.

Zaal Anjaparidze
Zaal Anjaparidze

«QANUNLARI POZMURSA, QADAĞAYA NECƏ DON GEYİNDİRƏCƏKSƏN?»

Müstəqil ekspert Zaal Anjaparidze isə hesab edir ki, Konstitusiya normalarını pozmayandan sonra Rusiya telekanallarının ölkədə yayımı problem deyil: «Əgər Rusiya informasiya fəallığının artması dövlətin təhlükəsizliyini təhlükə altına alırsa, əlbəttə, hansısa ölçülər götürülməlidir. Yox, əgər bizim Konstitusiyamızın, qanunlarımızın çərçivəsindən kənara çıxmırlarsa, hakimiyyət qadağanı nə ilə əsaslandırsın? Əlbəttə, bunu eləmək olar, ancaq bu, Rusiya ilə münasibətləri gərginləşdirəcək», - o deyib.

Z. Anjaparidze-nin fikrincə, Gürcüstanda Rusiya təbliğatı barədə deyilənlər bir qədər şişirdilib. O əlavə edir ki, bu barədə narahatçılıq əvvəllər də ən yüksək səviyyələrdə dilə gətirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG