Keçid linkləri

Təcili xəbərlər

Qafqazda qaz savaşı. Qalib kim olacaq?


Qaz paylayıcı şəbəkə.
Qaz paylayıcı şəbəkə.

-

SİYASƏTİ DƏ İNSANLAR YARADIR...

Bir bəsit deyimlə sözə başlayım: siyasət çox qəliz məsələdir. Amma siyasətin guya «insanların iradə və istəyindən üstün obyektiv qanunları var» deyənlər böyük yanlışlığa yol verirlər. Bunu anlamaq üçün K.Popper olmaq tələb olunmur. Yetər ki bircə həqiqəti qəbul edəsən – siyasəti insanlar yaradır! O üzdən, son nəticədə ən qəliz durumlar da «insan dili»nə çevriləndə anlaşılır. Sonda həmişə bu və ya digər hərəkətin motivini anlamaq mümkündür. Yetər ki ayrı-ayrı siyasi aktyorların arzu və istəklərini biləsən. Yetər ki bu və ya digər məsələnin nədən meydana çıxdığını anlayasan. Anlayasan ki bunun belə olmağını kimsə və ya kimlərsə istəyir...

GÜRCÜSTAN NİYƏ VURNUXUR?

Bunları niyə deyirəm? Bir müddət idi ki, Gürcüstan israrla Azərbaycan qazına alternativ axtarırdı. Son günlər bu mövzuya maraq bir qədər səngisə və telekanallar onu daha baş xəbərə çevirməsələr də, hələ nöqtə qoyulmayıb və problem birdəfəlik gündəmdən çıxmayıb...

Qərəz, keçirəm mətləbə. Azərbaycan Gürcüstana qazı baha qiymətə təklif etsəydi, bunu anlamaq asan olardı. Gürcüstan İran və ya Rusiya qazına alternativ axtarsaydı, bu da anlaşılan idi. Düşünərdik ki, ölkə İrandan və ya Rusiyadan asılı olmaq istəmir, çünki bu dövlətlər böyük və iddialıdır və onlar Gürcüstanın qaza ehtiyacından yararlanıb, onun siyasətini nəzarətsə saxlamaq, bu və ya digər istiqamətə yönəltmək istəyirlər...

Təbii ki, Azərbaycan da Gürcüstana münasibətində tam təmənnasız deyil. Amma bu təmənna Gürcüstandan Avropaya açılan bir qapı kimi faydalanmaq arzusundan o yana getmir. Gürcüstan tamamilə Rusiyanın nəzarətində olsaydı və yaxud birmənalı şəkildə bu nəzarətə can atsaydı, bu halda da məsələni anlamaq olardı – düşünərdik ki, buyruq Rusiyadan gəlir, hədəf də Azərbaycanın Qərbə qapısını bağlamaqdır. Bəli, bu, indikindən çox anlaşıqlı olardı, çünki rusiyalı strateqlər dəfələrlə bildiriblər ki, Azərbaycana toxunmaq lazım deyil, yetər ki Gürcüstanı götürəsən, onda rəsmi Bakı iki gündən sonra Kremlin qapısında növbə tutacaq...

Amma indi bunların heç biri yoxdur. Əvvəlkindən bir qədər isti münasibət yaransa da, nə Gürcüstan Rusiyanın qucağına atılmağa hazırlaşır, nə də qonşu Azərbaycan bu ölkədən sərfəli əməkdaşlıqdan savayı bir şey umur.

Bəs onda problem nədədir? Demək, problem ondadır ki, kimsə və ya kimlərsə belə istəyir.

«Gazprom»
«Gazprom»

İndi Gürcüstanın 11 milyon kubmetrlik illik qaz ehtiyacının 9 milyonunu Azərbaycan təmin edir. Qalan iki milyon isə Ermənistana tranzitin müqabilində Rusiyadan alınır. Nə olub? Bəlkə Gürcüstanın əlavə həcmlərə ehtiyacı var? Azərbaycan prezidentinin göstərişiylə hətta Gürcüstandakı bütün dini məkanlar Azərbaycanın hesabına qazlapulsuz təmin edilirsə, o zaman problem nədədir?

«XAÇ ATASI»NIN İDDİALARI...

Bu vaxtadək müşahidəçi və ya araşdırıcılar iki ehtimal irəli sürüblər. Biri budur ki, indiki hakimiyyətin «xaç atası» B.Ivanishvili «Gazprom»da pay sahibidir, o üzdən həmin qurumun Gürcüstana yolunu açmaq istəyir. Digər ehtimalsa odur ki, «SOCAR-Georgia» səhmlərinin önəmli hissəsi keçmiş prezident M.Saakashvili-yə yaxın adamların əlindədir və bu vəziyyət heç cür Gürcüstanın indiki hakimiyyətini, özəlliklə B.Ivanishvili-ni razı sala bilməz. Bu ehtimalların hansının həqiqətə daha yaxın olduğunu demək çətindir, amma bir məsələ aydındır: Gürcüstan bu gün ona görə Rusiya ilə İran arasında vurnuxur ki, bunu onun hakimiyyəti istəyir...

AZƏRBAYCANIN RAHATSIZLIĞI...

Amma bu da məsələnin gerçək məğzi deyil. Azərbaycan ilk gündən bəyan edib ki, Gürcüstan əlavə qaz almaq istəyirsə, bunu hər zaman edə bilər və bu məsələdə rəsmi Bakının ona heç bir iradı yoxdur. Narahatlıq tam başqa bir detalın üzərindədir. Azərbaycanı bu prosesdə razı salmayan bircə məqam var – o da Ermənistanın, kiçicik də olsa, tranzit ölkəsinə çevrilmək perspektividir...

Azərbaycanı qane etməyən budur. Maraqlıdır ki, Tehran rəsmilərinin bir qismi bütün bu söz-söhbətlərin jurnalistlərdən qaynaqlandığını və ortalıqda, hələ ki, heç bir sənədin olmadığını söyləsə də, digər mənbələr Gürcüstana qaz satmaqda və bunu Ermənistandan keçməklə etməkdə məhz İranın israrı barədə xəbərlər yayırlar...

İran bu məsələdə təkcə Rusiyanın razılığını almaq istəyir, axı tranzit infrastrukturu Rusiyaya məxsusdur. Azərbaycana gəlincə, İran öz «dindaş»ının rəyini soruşmağa cəhd belə göstərmir. Halbuki qazı Gürcüstana Azərbaycan üzərindən də ötürmək olardı...

İlham Əliyev və Hassan Rouhani
İlham Əliyev və Hassan Rouhani

İ.ƏLİYEV MƏSƏLƏNİ YOLUNA QOYA BİLƏCƏKMİ?

Bəli, problem budur. Ona görə də bir ara belə xəbərlər yayıldı ki, ola bilər, fevralın sonlarında İ.Əliyev İrana səfər etsin. İndi bu səfər gerçəkləşir (bu səfərin fevralın 23-də baş tutacağı açıqlanıb – red.) və çox keçməz sular durulmağa başlar...

...Düzdür, İran Ermənistanı həmişə işğalçı dövlət kimi tanıyıb, amma bu ona həmin dövlətlə geniş əlaqələr saxlamağa heç vaxt mane olmayıb. Əvvəl deyirdilər ki, biz sanksiyalara məruz qalmışıq, əməkdaşlıq üçün tərəf və ölkə seçmək imkanlarımız çox məhduddur. İndi nə baş verir? İndi ki sanksiyalar, demək olar, götürülüb və hamı İranla əməkdaşlığa can atır. Hər halda bu sualın da cavabı tapılmalı, İranın bölgədəki siyasəti daha aydın və kristallaşmış olmalıdır...

Güman edirəm ki, prezident İ.Əliyevin Tehrana səfəri bu məsələyə də aydınlıq gətirəcək və özəllikləİranın Azərbaycana gerçək münasibəti də bilinəcək. Sabaha çox qalmayıb...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG