Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:52

50 müəllim Qafqaz Universitetindən xaric edildi


Qafqaz Universitetindən 50-yə yaxın Türkiyə vətəndaşı olan müəllimin göndərildiyi bildirilir.

«Qafqazinfo» xəbər verir ki, bu barədə universitetin müvəqqəti rektoru Elmar Qasımov əmr imzalayıb. Xəbərdə qeyd edilir, E.Qasımov «Qafqazinfo»ya açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, türk müəllimlərlə bağlanmış əmək müqaviləsinin müddəti bitib və müqavilə uzadılmayıb: «Onların arasında professorlar, kafedra müdirləri, dekanlar var. Həmin müəllimlər bu ayın sonuna kimi ölkələrinə qayıdacaqlar. Müqaviləsinə xitam verilən müəllimlərin yerinə yerli kadrlar təyin olunub».

Bu il iyulun 20-də təsisçilərinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin nəzarətinə verilib və E.Qasımov hər iki tədris müəssisəsinin rektoru funksiyasını yerinə yetirir.

Ölkə mətbuatı Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinə verilməsini bu təhsil ocağının Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişi cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-ə bağlı olması ilə izah edirlər.

Bu il iyulun 20-nə kimi bu universitetin rektoru vəzifəsini Prof. Dr. Ahmet Saniç icra edirdi. Hazırda universitetdə 5 mindən çox tələbə təhsil alır.

Universitetin təsisçiliyi 2013-cü ildən etibarən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə keçib. İctimai Birlik sayılan mərkəzin əsas təsisçisi SOCAR hesab olunur. Mərkəz «Çağ Öyrətim İşlətmələri» şirkəti ilə birgə təsisçilik əsasında yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG