Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:26

“Tələbələr Qafqaz universitetini tərk edir”

“Biz çox narahatıq, 5 ildir oxuyuruq, amma indi bəlli olur ki, diplomumuz Türkiyədə tanınmayacaq”. Qafqaz universitetinin adının çəkilməsini istəməyən 5-ci kurs tələbəsi deyir ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra universitet üzərində gəzən qara buludlar addım-addım tələbələri izləyir.

“Ola bilsin, buranı bitirən heç də hər kəs Türkiyəyə getməyəcək, amma bu universitet ödənişli olsa da, Azərbaycanda ən yaxşı təhsil verən bir ali təhsil müəssisəsi kimi tanınırdı. İndi “Qafqaz”ın diplomunun tanınmaması söhbəti psixoloji bir problem də yaradır. Biz universitet rəhbərliyindən də doğru-dürüst məlumat ala bilmirik”.

Azərbaycan vətəndaşı olan müsahibimiz bu qərardan əsasən, Türkiyə vətəndaşı olan tələbələrin daha çox narahat olduğunu deyir: “Çoxu Xəzər Universitetinə köçürülmək istəyir. Çünki bu diplomda ölkələrində işləyə biləcəklərinə artıq inanmırlar”.

Buna da bax:​ Xarici ölkələrdəki "Gülən məktəbləri" nin taleyi

“Tələbələrin bəzisi təhsili yarımçıq buraxdı”

Universitetin beynəlxalq münasibətlər fakültəsinin 5-ci kurs tələbəsi Hazal Apaydın da bunları təsdiqləyir. Onun sözlərinə görə, diplomun taleyi ilə bağlı narahatlıqlar hələ dövlət çevrilişindən əvvəl ortaya çıxmışdı: “Mən o vaxt Qafqaz Universitetinə qəbul olunarkən hansı fakültə üzrə verilən diplomun Türkiyədə tanınmasını soruşmuşdum. 5 fakültə üzrə diplom tanındığından beynəlxalq münasibətləri seçmişdim. Son illərdə məlum oldu ki, Qafqaz universitetinin tələbələri diplomlarını Türkiyədə tanıtmaq üçün imtahan verməlidir. Biz buna razı idik, problem görmürdük. Ancaq indi məlum olur ki, artıq bu imkan da aradan qaldırılıb, diplomlar tanınmayacaq”.

Hazal Apaydın deyir ki, buna görə də universitetin Türkiyə vətəndaşı olan tələbələri ya təhsili yarımçıq buraxmalı olublar, ya da başqa ali məktəbə keçiblər: “Bəzisi təhsili buraxdı, axı hər il təhsil haqqı ödəməlidir. Fikirləşdilər ki, əgər diplom tanınmayacaqsa, niyə boş yerə pul ödəsinlər? İndi qayıdıb Türkiyədə işləyənlər var, bəzisi də Azərbaycandakı başqa universitetlərə keçdi ki, aldığı diplomla Türkiyədə iş tapa bilsin”.

Hazal Apaydın özü də bu məsələdən əndişələnib, amma ailəsi Azərbaycanda yaşadığından düşünür ki, gələcək karyerasına elə burda başlasın, o üzdən də Qafqaz Universitetində təhsilinə davam etməyə qərar verib.

Buna da bax:​ Qafqaz Universitetində yalnız yerli müəllimlər qalıb

“Tələbələr narahat olmasınlar”

Qafqaz Universitetinin rektoru Havar Məmmədov ali məktəbin diplomunun Türkiyədə tanınmayacağı ilə bağlı onlarda qonşu ölkə rəsmilərinin qərarı olmadığını deyir. “Lent.az” portalına müsahibəsində rektor bildirib ki, Türkiyə Təhsil Şurası belə bir qərar qəbul edə bilər, ancaq onlar qərarla hələ tanış olmayıblar: “Ancaq qərara baxmayaraq, bütün dünyada diplomların, ixtisasların tanınması qaydaları, şərtləri var. Bizim də universiteti bitirən bütün tələbələrin diplomları Türkiyədə, eləcə də digər xarici ölkələrdə tanınacaq. Universitetimizin bakalavrlarının Türkiyədə magistr təhsili ala bilməyəcəkləri barədə xəbərə gəldikdə isə, onu deyim ki, bizim tələbələr xaricdə təhsil almaq hüququndan əvvəl olduğu kimi yararlana biləcəklər”, rektor açıqlamasında vurğulayıb və əlavə edib ki, universitet hər zaman “tələbələrin arxasındadır”.

Məsələyə aydınlıq gətirməkdən ötrü Türkiyənin Təhsil Şurasının (YÖK) rəsmi saytında yerləşdirilən telefon nömrələrindən yetkili şəxsləri axtardıq. Ancaq iki gün boyunca bu zənglərə heç kim cavab vermədi.

Türkiyədə iyuldakı uğursuz dövlət çevrilişi cəhdindən sonra qonşu ölkədə Fətullah Gülen hərəkatını dəstəkləməkdə ittiham edilən minlərlə təhsil işçisi vəzifəsindən çıxarıldı və ya həbs edildi.

Buna da bax:​ 50 müəllim Qafqaz Universitetindən xaric edildi

Türkiyə dövlət çevrilişində Fətullah Gülen-nin əli olduğunu düşünür və ona bağlılığı olan hər bir şəxsə və ya quruma qarşı hücuma keçib. Gülen-ə bağlı olduğu iddia edilən Qafqaz Universitetinin bağlanması tələbinin Erdoğan hakimiyyətindən gəldiyi bildirilirdi. Universitet SOCAR-ın himayəsində olan Bakı Neft Ali Məktəbinin idarəçiliyinə verildi http://www.azadliq.org/a/qafqaz-universiteti-baglanir/27869152.html, bundan sonra universitetin rəhbərliyi dəyişdi, Türkiyə müəllimləri universitetdən çıxarıldı.

“Rektora yaxın düşmək olmur”

Universitetin adının çəkilməsini istəməyən tələbəsi AzadlıqRadiosu-na müsahibəsində deyir ki, universitetdə hər şey dəyişib: “Tələbələrlə rəftardan tutmuş “qayıb” limitinə qədər hər şey dəyişib. Rektor universitetdə iki cangüdənlə gəzir, ona yaxın düşmək belə olmur. Arada rektorluq bağlı olur, amma əvvəllər belə deyil. Müəllimlərin münasibəti fərqlidir”.

Müsahibimiz deyir ki, təhsil sistemində də bəzi dəyişikliklər olub, məsələn, tələbələrə əlavə bal verən məcburi tapşırıqlar ləğv edilib, “qayıb” limiti azaldılıb: “Tutalım, bir fənndən 15 “qayıb” limitimiz vardısa, 7-yə endirilib”.

Müsahibimiz türkiyəli müəllimlərin yerinə gələn kadrların da peşəkar səviyyələrinin tələbələri qane etmədiyini düşünür: “Bilgi cəhətdən geri qalırlar, tələbələrlə də münasibətləri demokratik deyil" .

Türkiyəli tələbələrin universiteti tərk etmələri və digər məsələlərlə bağlı münasibətini öyrənmək üçün rektor Havar Məmmədovla əlaqə saxladıq. O, müşavirədə olduğunu bildirdi, sonradan isə telefon zənglərinə cavab vermədi.

Buna da bax:​ Qafqaz Universitetində yeni rektor

“Nazirləri Kabinetinin qaydaları var”

Azərbaycan universitetlərinin diplomlarının xaricdə tanınması və əksinə, xarici universitetlərin Azərbaycanda tanınması məsələsinə gəlincə, Təhsil Nazirliyindən AzadlıqRadiosu-na bildiriblər ki, xarici ölkə diplomların tanınması Nazirlər Kabinetinin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərinə uyğun həyata keçirilir: “Qaydaların 2.3-cü bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların tanınması üçün ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması zəruridir”, nazirlik açıqlayıb.

Təhsil Nazirliyi bildirir ki, həmçinin xaricdə təhsil almaq istəyənlər seçəcəyi ali təhsil müəssisəsinin dövlət və ya beynəlxalq akkreditasiya qurumları tərəfindən tanınıb-tanınmadığını əvvəlcədən araşdırmalıdırlar: “Bunun üçün Enic-Naric (İnformasiya Mərkəzlərinin Avropa Şəbəkəsi, Akademik Tanınma üzrə Milli Mərkəzləri) onlayn şəbəkəsindən (www.enic-naric.net) istifadə etməklə müvafiq ölkə üzrə tanınan ali təhsil müəssisələri haqqında məlumat əldə etmək olar”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG