Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:22

Şeyxülislamın müavini: “Onda konstitusiya dəyişməlidir”


Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Allahşükür Paşazadə

►“Onlar Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycanın müstəqilliyi üçün gördüyü işləri bundan sonra min il yaşasalar da, edə bilməzlər”

"Qafqaz Müsəlmanları İdarəsi bağlansın!"

Bu təkliflə mətbuatda ilk dəfə Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, sonra ilahiyyatçı Elşad Miri çıxış edib. Hər ikisi də hesab edir ki, sovetdənqalma qurumun dindarlara faydası yoxdur, üstəlik də qurumun səlahiyyətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməlidir.

Elşad Miri AzadlıqRadiosuna deyir:

“Türkiyədə dini məsələlərlə məşğul olan Dəyanət İşləri Başqanlığı baş bakanlığa bağlı qurum kimi fəaliyyət göstərir. Bu ölkədə ikinci belə qurum yoxdur.Azərbaycanda da QMİ –nin səlahiyyətləri Dini Komitəyə verilə bilər. Bu qurum da ləğv edilməlidir. Unutmayaq ki, Türkiyə də sekulyar dövlətdir”.

Buna da bax: Xərçəng xəstəsi olan uşaq müalicə pulunu belə qazanır

QMİ: “ONDA KONSTİTUSİYA DƏYİŞMƏLİDİR Kİ...”

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev AzadlıqRadiosuna açıqlamasında bu təşəbbüsü düzgün saymadığını bildirib. O deyir ki, Konstitusiyaya görə, din dövlətdən ayrıdır:

“Ona görə də Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətləri dövlət qurumuna necə verilə bilər? Onda Konstitusiya dəyişməlidir ki... İkincisi, bu idarəni o danışanlar seçiblər? Hansı biri məscidə gedib? Hansı birinin məscidlə ünsiyyəti var? Getsinlər, öz qanunlarını düzəltsinlər. Bizim hansı qanunumuzu düzəltmək istəyirlər və ya nail olmaq istəyirlər?”

“BU QURUM ÖMRÜNÜ BAŞA VURUB”

Elşad Miri

Elşad Miri

Elşad Miri AzadlıqRadiosuna müsahibəsində deyir ki, dərmanın belə istifadə müddəti var, bu qurum da istifadə müddətini başa vurub:

“Sovet İttifaqından qalan Milli Təhlükəsizlik Nazirliyi də ləğv edildi, yerinə iki qurum yaradıldı. Ləğv edilməli qurumlardan biri də Qafqaz Müsəlmanlari İdarəsidir. Ancaq bu qurumun özəlliyi ondadır ki, dövlət idarəsi deyil. Sadəcə, ictimai əsaslarla idarə edildiyi bildirilən qurumdur. O, çar Rusiyası dövründə müəyyən məqsədlər üçün yaradılıb”.

Elşad Mirinin sözlərinə görə, QMİ-nin Azərbaycana xeyrindən çox zərəri var. O, misal da gətirir:

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin indiki sədri Mübariz Qurbanlı ehsan məsələləri ilə bağlı açıqlama vermişdi. Amma buna etiraz edən, qarşı çıxan həmin o qurumun axund və imamları oldu. Həmin imamlar, axundlar tapşırıq gəlməsə, heç vaxt özbaşına açıqlama vermirlər. İnsanların xeyrinə olacaq bu ehsan məsələsi din adı altında biznes kimi davam etdirildi. Komitənin ehsanla bağlı təşəbbüsü də bununla gündəmdən çıxmış oldu. Başqa bir misal, – bir bu idarənin rəhbərinin haqqında yazılan kitabların sayına baxın, bir də qurumun dinlə, imanla bağlı nəşr etdirdiyi kitabların sayına”.

Buna da bax: İlqar Məmmədov: «Demək məni buraxmaq fikirləri yoxdur...»

“BUNUN NƏTİCƏSİNDƏ NARDARAN KİMİ HADİSƏLƏR BAŞ VERİR”

Elşad Miri Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti ilə bağlı başqa iradlarını da söyləyir:

“Bu gün adıçəkilən qurumun sədri başqa ölkənin – İranın ali dini liderini özünə dini lider kimi qəbul edirsə, bu gün hansı azərbaycanlı onu özünə dini rəhbər saya bilər? Bu qurumun sədrinin bircə xütbəsinə, moizəsinə qulaq asmışıqmı? Ona görə də insanlar dinlə bağlı suallarına cavabı bu qurumdan yox, başqa yerdən almağa çalışırlar. Bunun nəticəsində də Nardaran kimi hadisələr baş verir. Məsələlərə siyasi yöndən yanaşırlar”.

“MİN İL YAŞASALAR DA...”

“Onların hesabı özünə görədir. İdarə ömrünü başa vurub-vurmayıb, bunu məscidlər bilər, məscidə gələnlər bilər. Onlara dəxli yoxdur. Bu idarəni məscidlər seçir, məscidə gələn dindarlar seçir. Onlar kimdir? Onlar öz əqidələrini, kimə işlədiklərin bilmirlər”.

Bunu da Salman Musayev deyir.

Dini qurumun sədrinin başqa dövlətin dini liderinə biət etməsi haqda deyilənlərəsə Salman Musayev belə münasibət bildirdi:

“Onlar çox şey deyə bilərlər. O dedikləri bəyəm... Onların iç üzləri ilə dedikləri arasında böyük fərq var. Öz içlərini düzəldib sonra danışsınlar. Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan üçün, Azərbaycanın müstəqilliyi üçün gördüyü işləri bundan sonra min il yaşasalar da, edə bilməzlər”.

AzadlıqRadiosunun “Bu hansı işlərdir?” sualı isə QMİ sədrinin müavinini əsəbiləşdirib:

“Bunu deməyə ehtiyac yoxdur. Azərbaycanda yaşayan hər kəs bunu yaxşı bilir, uzatmağa nə ehtiyac. Başqa da suala cavab verməyəcəyik”.

Şərhləri göstər

XS
SM
MD
LG