Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:31

Qafqazda "işğalçı" rus generallarının abidələri artır


Çərkəzi geyinmiş uşaq

Çərkəzi geyinmiş uşaq

Krasnodarda Qafqaz müharibəsində iştirak etmiş daha bir rus generalının abidəsi qoyulub. Bu dəfə bu şərəfə Qara dəniz kazak qoşunlarının qərargah rəisi, general-leytenant, ataman Rashpil layiq görülüb.

Abidə 4 metrlik sütundan və ataman Rashpilin onun üzərində quraşdırılmış 3 metrlik bürünc heykəlindən ibarətdir.

Buna da bax:​ Rusiya Qafqazda niyə irəliləyə bilməz

“BU ADAMLARA ABİDƏ QOYMAQ OLMAZ”

Yerli hökumət bildirir ki, "Kuban vilayətinin görkəmli xadimlərinin xatirəsi əbədiləşdirilir". Abidəni şəhərin mərkəzi hissəsində, Rashpilin adını daşıyan küçədə qoyublar. Gelencik şəhərində də Rashpil küçəsi var.

Bu şəxs çərkəzlərin tarixində qanlı iz qoyub. 1801 - 1871-ci illərdə yaşamış kazak atamanı Rashpil dağlılarla vuruşub, onları Rusiyaya sədaqət andı içməyə məcbur etməyə çalışıb. O, öz fəaliyyətinə görə orden və medallarla təltif olunub. Onların arasında 4-cü dərəcəli Müqəddəs Georgiy ordeni (1846), 1-ci dərəcəli Müqəddəs Stanislav ordeni (1847) və 1-ci dərəcəli Müqəddəs Anna ordeni (1849) də var.

Çərkəz fəallar iddia edirlər ki, Şimali Qafqazda dağlılarla vuruşmuş rus generallarına və siyasi xadimlərinə qoyulmuş abidələrin sayı ildən-ilə artır. İctimai xadimlər deyirlər ki, çərkəz və digər Qafqaz xalqlarının məhvində əli olan adamlara abidə qoymaq olmaz. Onların sözlərinə görə, bu büstlərin özləri "imperiya və şovinizmin rəmzləridir".

Buna da bax: "Stratfor" Cənubi Qafqazda hərbi təlimlərdən yazır

“SƏSLƏRİNİ ÇATDIRA BİLMİRLƏR”

Qafqaz müharibəsində iştirak etmiş rus generallarına ən çox Krasnodar diyarında abidə qoyulub. 2003-cü ildə Armavirdə "çərkəz kəllələrini toplaması" ilə adı çıxaran general Grigoriy Zassın abidəsi ucaldılıb. "Qafqaz fatehi" kimi tanınan general Aleksei Yermolova da çox sayda heykəl qoyulub: Mineralniye Vodı, Pyatiqorsk, Oryol, Moskva və s. yerlərdə. 2010-cu ildə çərkəz ictimai fəallarının etirazlarına baxmayaraq, Adıgeydə böyük knyaz Mikhail Romanovun abidəsi yüksəlib.

Xoşagəlməz hərbi fiqurlara abidələrin qoyulması çərkəz cəmiyyətində mənfi reaksiya doğurub. Fəallar heykəlləri yığışdırmağa və "çərkəz xalqının qatillərinin tərənnümü yoluyla xalqı təhqir etməməyə" çağırırlar. Ancaq onlar öz səslərini federal hökumətə çatdıra bilmirlər.

"Müraciətlərin heç biri nəticə verməyib. Görünür, ona görə ki, müraciət etdiyimiz şəxslər də heykəllərin qoyulmasının təşəbbüskarları ilə eyni mövqedədirlər", – Kabarda-Balkardan çərkəz fəal Aslan Beshto deyir.

Buna da bax: 'Cənubi Qafqazın buzu əriyir' - Foreign Affairs

QAFQAZI YERLİ ƏHALİDƏN TƏMİZLƏYƏNLƏR...

Beshto deyir ki, "bu vəhşi diyarı ram etmiş... kazaklara" abidələr ucaldılır və bu tədbirlərə rəsmi şəxslər qatılır. O qeyd edir ki, "qəddarlıqda və qaniçənlikdə ən çox seçilən, Qərbi Qafqazın yerli əhalidən təmizlənməsində özünü ən fəal göstərmiş şəxslərin qəhrəmanlaşdırılması baş verir".

Beshtonun sözlərinə görə, vaxtilə məhv etdikləri adamların nəvə-nəticələrində ən çox ikrah doğuran generallara abidə ucaldılır.

"Bu və ya digər işğalçı bizdə nə qədər ikrah yaradırsa, hakim dairələrin fikrincə, onun adı əbədiləşdirilməyə daha çox layiqdir", deyə o əlavə edir.

Beshto deyir ki, qafqazlılara qarşı humanizm, yaxud da sadəcə, rəhm göstərmiş general və zabitlərdən birinə də abidə qoyulmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG