Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:05

Bu gün – noyabrın 25-i qadınlara zorakılıqla beynəlxalq mübarizə günüdür. BMT-nin bu günlə bağlı deklarasiyasında deyilir ki, indi də dünyada hər 3 qadından 1-i fiziki və ya cinsi zorakılığa məruz qalır və qadına zorakılığı çox vaxt (70%) cinsi partnyoru, həyat yoldaşı törədir.

43% PSİXOLOJİ ZORAKILIQ QURBANIDIR

BMT mütəxəssisləri zorakılıqla üzləşən qadınların daha çox aborta getdiyini, tez-tez depressiyaya düşdüyünü və HIV virusuna daha asanlıqla yoluxduğunu müəyyən ediblər.

Qadınların ən çox məruz qaldığı zorakılığın üçüncü növü psixoloji zorakılıqdır. Psixoloji zorakılıqla bağlı rəqəmlər mədəniyyətlərdən və ölkələrdən asılı olaraq fərqlidir. Hər halda Avropa Birliyinin 28 ölkəsində araşdırmalar qadınların 43%-nin psixoloji zorakılıqdan əziyyət çəkdiyini göstərib.

BMT bildirir ki, dünya ölkələrinin cəmi 2/3-də məişət zorakılığı qanunla yasaqlanıb. 32 ölkədə cinsi zorakılığı törədənlər öz qurbanlarıyla evləndikləri halda cinayət məsuliyyətindən azad edilirlər.

250 MİLYON 15-Ə YAŞA ÇATMAMIŞ AİLƏ QURUR

Bundan başqa, BMT bu gün dünyada 700 milyon qadının uşaq yaşlarında (18 yaşdan aşağı) ərə verildiyini müəyyən edib. Bu qadınların 1/3-i, yəni təxminən 250 milyonu yaşı 15-ə çatmamış ailə qurub. Mütəxəssislər erkən nikahların təhlükəli erkən hamiləliyə, eləcə də cinsi yolla keçən xəstəliklərə yoluxma hallarının artmasıyla sonuclandığını deyirlər.

Azərbaycan da, qanunla yasaqlansa da, qızların erkən nikaha girdiyi ölkələrdəndir.

Dünyada cinsi zorakılığa məruz qalan qızların sayı isə 120 milyona yaxındır. Bu da 10 qızdan 1-i deməkdir. Araşdırmalar göstərib ki, cinsi zorakılığı çox vaxt qadınların indiki və ya keçmiş həyat yoldaşı, yaxud cinsi partnyoru törədir.

BMT dünyada 200 milyon qadının qadın sünnətindən qaça bilmədiyini, bu adətin 30 ölkədə hələ də qaldığını vurğulayır. Tibbi əsasların yoxluğuna və uyğun bilgiləndirmə proqramlarına rəğmən, qadın sünnətinin ənənəyə çevrildiyi ölkələrin çoxunda qızlar 5 yaşa çatmamış sünnət olunurlar.

«DÜNYANI NARINCIYA BÜRÜYƏK»

İnsan qaçaqmalçılığı qurbanlarının 70%-i də qadınlar və qızlardır.

BMT-nin baş katibi Ban Ki-moon bu tarixlə bağlı müraciətində bildirib ki, qadınlara zorakılıqdan qadınlarla bərabər, ümumilikdə, ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir: «Zorakılıq qadınlara öz potensiallarından yararlanmağa imkan vermir, iqtisadi inkişafı məhdudlaşdırır».

BMT bu gündən dekabrın 10-a – İnsan Haqlarının müdafiəsi gününə qədərki dövrü gender zorakılığına qarşı fəaliyyət dövrü elan edib. «Dünyanı narıncıya bürüyək: Qadına və qızlara zorakılığa son qoymağa pul yığaq» adlı kampaniya qadın və qızlara qarşı zorakılığı bitirmək cəhdlərinin maliyyələrşdirilməsinin vacibliyini vurğulayır, dövlət başçılarının bu yöndə iradəsini gücləndirməyə, problemlə dünyanın hər yerində mübarizə aparmağa, resursları birləşdirməyə çağırır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG