Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:33

Qadınların Qarabağ xatirələri: "Öz yaralarım yadıma düşmürdü"


Novrəstə Yusifova ortada

Novrəstə Yusifova ortada

►“Yeni müdafiə naziri gələndən yemək bişirənlər ancaq qadınlardır. Kişinin bişirdiyi yemək nə olar?"

“Dedim “atıcılığı bilirəm, tibdən az-çox başım çıxır, maşın sürə bilirəm, idmanla məşğul olmuşam”. 1992-ci il martın 17-də orduya yazıldım. Əmr gəldi ki, bəs, “ilk qadın snayperçi kimi döyüşə gedirsiniz...””

Növrəstə Yusifova 1992-ci ildə orduya könüllü kimi gedəndə 40 yaşında idi. 1994-cü ilə qədər orduda xidmət edib. Döyüş yolu Şuşadan başlayıb:

“Sonra Tərtər, Goranboy, Ağdam... Ağdamın elə kəndləri olmayıb ki, orda döyüşlərdə iştirak etməyim. Elə qan-qada görmüşəm ki, öz yaralarım yadıma düşməyib”.

Növrəstə Yusifova

Növrəstə Yusifova

Növrəstə Yusifova 2 il cəbhədə olub. 1994-cü ilin mayında tərxis edilib. İndi ikinci qrup əlildir. Deyir, mayın 5-də Müdafiə Nazirliyinin qadınların da könüllü orduya gedə biləcəyi haqqında məlumatını oxuyanda sevinib. Hərbi paltarını götürüb səliqəyə də salıb. Ancaq bir iş var ki, Növrəstə Yusifova indi 64 yaşındadır. Müdafiə Nazirliyinin xəbərində isə 19-40 yaşlı qadınların orduya gedə biləcəyi bildirilir:

“Mən bu yaşımda da orduya gedə bilərəm, özümdə o gücü, enerjini hiss edirəm. Əlil olsam da, gözüm görür, əl-ayağım işləyir, çevikəm. Nə lazımdırsa, edə bilərəm”.

“Ən yaxşı ana-bacılar elə tibb bacılarıdır”

90-cı illərdə Azərbaycan ordusundakı hərbçi qadınların çoxu tibb işçiləri olub. Onlardan biri, baş gizir İradə Abbasova orduya 29 yaşında yazılıb.

1992-ci ildən 2001-ci ilə qədər hərbi xidmət keçib. 1992-95-ci illərdə cəbhə bölgəsində - Ağdam, Şuşa, Tərtərdəki hərbi səhra hospitallarında işləyib. Hazırda ehtiyatda və istefada olan tibb xidməti giziridir. Deyir, günü bu gün də orduya yazılmaq istəyər:

“Orduda əsgərlərə bir ana, bir bacı da lazımdır. Ən yaxşı ana-bacılar da elə tibb bacılarıdır. Hər halda 19 yaşında yeni başlayanlardan daha yaxşı işləyərəm”.

Qazandakı küftələr də partlayarmış

Xaçın Sultanova isə 1992-93-cü illərdə orduda aşpazlıq edib. Həyat yoldaşı Tərtər-Ağdam bölgələrində döyüşlərdə olub, özü isə aşpaz çadırlarını qurub, özü demiş, bir orduya yemək hazırlayırmış. Deyir, cəbhədə məzəli hadisələrlə də qarşılaşırmış:

“Bir gün küftə bişirirdim, bir də gördüm, başımın üstündən güllə vıyıldayıb getdi, top da atırdılar. Sonra da bizim korpusun qabağına mərmi düşdü. Dedim “aaa, elə bildim qazandakı küftələr düşüb partladı (gülür)”.

“Tarixdə də Tomris, Həcər olub”

Azərbaycanın hərb tarixinin araşdırıçısı, publisist Şəmistan Nəzirli deyir ki, ölkə qadınlarının yaxın tarixdə orduda iştirakı, əsasən, İkinci Dünya Müharibəsindən başlayıb. 1-ci Dünya Müharibəsində isə general Əliağa Şıxlınskinin həyat yoldaşı Nigar Şıxlınskaya orduda hərbi həkimlik edib:

“İndi zabit kimi xidmət eləyənlər çoxdur. Həkimlər, aşpazlar da var. Əvvəllər orduda əsgər və zabitlər yemək bişirirdi. Yeni müdafiə naziri gələndən sonra yemək bişirənlər ancaq qadınlardır. Kişinin bişirdiyi yemək nə olar? İndi hamı yeməklərdən razıdır. Tarixdə də Tomris, Həcər olub. Qadınların orduda iştirakı gənclərə, hətta ordudan yayınanlara da müsbət təsir göstərə bilir”.

Orduda qadınların sayı açıqlanmasa da, Müdafiə Nazirliyinin məlumatına görə, son dövrlərdə Silahlı Qüvvələrin bütün sahələrində qadın hərbi qulluqçuların sayı artır. Qadınlar, əsasən, rabitə, tibb, tədris və kadr, eləcə də artilleriya, beynəlxalq hərbi əməkdaşlıq və arxa cəbhədə xidmət keçirlər.

DINLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun Radio proqramında (10 may)

Qadın döyüşçülərin Qarabağ xatirələri
Qafqazın ilk Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun ölümündə doğrudanmı Mircəfər Bağırovun əli olub?

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (10 may)

Müəllimlərin maaşı yeni qayda ilə hesablanacaq

Günün bütün mövzuları

XS
SM
MD
LG