Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:40

-

«Qadınları xəstəxanaya çatdıra bilmirik. 1-2 ilin söhbətidir – bir qadın elə «pereval»da doğdu… Kənddə birinin burnu qanasa, birinin başı ağrısa, ilkin tibbi yardım göstərməyə belə bir həkim yoxdur. Tibb məntəqəsindəki tibb bacısı isə heç təzyiq də ölçə bilmir».

Şəmkirin Dağ Cəyir kəndi Cəyir çayının (Kür çayının qolu) sahilində, dağlıq ərazidə yerləşir. Bu kəndin elə dağ boyda dərdi var. Kənd sakini Fərman Namazov deyir, insanların çeşidli xəstəliklərlə yoluxduğu bir vaxtda kəndin tibb məntəqəsinin quru adı var. Ona görə də xəstəsi, yaralısı olan onu rayon mərkəzinə çatdırmağa can atır. Ancaq dağdan aşağı 27 kilometr yolu 2-3 saata qət etdikləri üçün bəzən xəstə yollarda canını tapşırır.

«ÇAYIN ORTASINDACA CANINI TAPŞIRDI»

Fərman Namazov: «Qışın soyuğunda, şaxtasında yolun ortasında bir də görürsən, eşidirik ki, filankəsi xəstəxanaya çatdıra bilmədilər, uşaq oldu, öldü. Bir qohumu xəstəxanaya aparanda istədik yolu qısa edək, çaydan keçirək, elə çayın ortasındaca canını tapşırdı. Bir qonşunu maşın vurdu, xəstəxanaya çatdıra bilmədilər».

Kənd heyvandarlıq və əkinçiliklə dolanır. Dağlıq kənddə yaşayanın əlindən başqa nə gələr ki… Ancaq kənd sakini Murad Əliyev gileylənir ki, yolların bərbad olması kəndlilərin məhsulu heç rayon mərkəzinə çatdırmalarına imkan vermir: «Əkin bir əzab, suvarma, məhsulu yığma da ondan betər əzablı. Sonra da məhsulu qarşımıza qoyub düşünürük ki, bunu kimə sataq…».

«SOYUQDAN CİYƏRLƏRİMİZ SIRADAN ÇIXIR»

Sakinlərin sözlərinə görə, ötən il kəndə qaz xətti çəkilib. Ancaq bu qışı elə odunla keçiriblər: «Deyirlər, ağac qırmaq olmaz, cinayətdir. Bəs adamları soyuqdan qırmaq olar? Bu, cinayət deyil? Bütün qışı dağın başında soyuqdan ciyərlərimiz sıradan çıxır. Uşaqlarımız xəstə böyüyür, qocalarımız davam gətirmir».

Kənd sakinlərinin məmurlardan başqa tələbi isə kənd məktəbi ilə bağlıdır. Onlar məktəbin istismara yararsız olduğunu deyirlər. Sınıq-salxaq tavanlı-döşəməli, pəncərəsiz, soyuq, ləvazimatsız təhsil ocağını elə ocaqla qızdıran kəndlilər kənddə müasir məktəb tikilməsini tələb edirlər.

Şəmkir rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, Dağ Cəyir kəndinin yollarına vaxtaşırı yerli bələdiyyə tərəfindən çınqıl tökülür. Kəndə qaz xətti çəkilib. Qışda kəndlilər təbii qazdan istifadə ediblər. Məktəbdə əsaslı olmasa da, vaxtaşırı təmir işləri görülür. Kəndin sosial durumunun yaxşılaşdırılması üçün layihələr mərhələli qaydada həyata keçirilir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG