Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:18

►Azərbaycan qadını fəal xanımların gözü ilə

“3-4 il əvvəl idi, axşam 8-9 arası olardı. Bakının Elmlər Akademiyası metrostansiyasının yaxınlığında bir adam mənə hücum etdi. Heç nə söyləmədən məni vurmağa başladı. Məni dəhşətə gətirən adamın döyməsindən çox, ətrafa yığışan onlarla kişidən birinin də yaxına gəlib məni onun əlindən almaması oldu”.

Bunu hazırda Türkiyədə təhsil alan, vaxtilə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda (RATİ) çalışmış Vəfa Nağı deyir. 8 mart Beynəlxalq Qadınlar bayramı günündə Vəfa Nağı başına gələn bu əhvalatı xatırlayır, deyir ki, bir il sonra da paytaxtın 20 yanvar metrostansiyası yaxınlığında hücumla üzləşib:

“Bu hücumların siyasi sifariş olub-olmadığını deyə bilmərəm, əlimdə heç bir sübutum yoxdur. Birinci vuran adamı polis tutdu, o da dedi ki, “səhv olub”. Amma səhv, ya doğru, yəni döyürlər və yan-yörədəki onlarla kişidən, qadından biri köməyə gəlmir. Bu münasibətdən çox sarsılmışdım”.

“Qızsan, nə səsini başına atmısan?”

Vəfa Nağıyeva

Vəfa Nağıyeva

Vəfa Nağı deyir ki, Azərbaycanda fərqli görünmək istəyən qızlara münasibət dərhal dəyişir, əgər bir qədər fərqli geyinirsənsə, düşünürlər ki, sənə hər cür təklif edə bilərlər:

“Azərbaycanda qadınlara ayrıseçkilik hər bir halda özünü göstərir, bunu açıq-aşkar görə bilirik. Adicə, evdə, məsələn, bərk qışqıranda valideynlər deyir ki, “qızsan, səsini başına atma”. Bu hal cəmiyyətdə də əksini tapır – hardasa haqqını tələb edəndə deyirlər ki, “qadınsan, səsini başına atmısan”.

Son vaxtlar Azərbaycanda qadınların hüquqları barədə silsilə yazılar yazan Vəfa Nağının fikrincə, ölkədə qadın azadlığı yoxdur:

“Mentalitetin də təsiri var. Bir dəfə bir verilişdə sual verildi ki, kişi qadını döyməlidirmi? Zalda əyləşən, əksəriyyəti qadın olan tamaşaçılar dedilər ki, yaxşı qadın özünü döydürməz. Hətta belə fikirlər də səsləndi ki, kişi evin dirəyidir, qadını döyər də, sevər də. Təəssüf ki, cəmiyyətimiz belə bir düşüncəyə hakimdir”.

“Zahirən heç bir problem yoxdur”

Zümrüd Yağmur

Zümrüd Yağmur

Yazar Zümrüd Yağmur düşünür ki, zahirən Azərbaycan qadınının özünü realizə eləməsinə heç bir problem yoxdur, istədiyi yerdə təhsil ala, işləyə bilər. “Qanunvericilik bunlara imkan verir, ancaq reallıq fərqli şərtlər diktə edir”, o söyləyir. Yazarın fikrincə, toplumun qadına münasibəti dəyişməyib, üstəlik, qadının özünü təqdim etməsində də problemlər var:

“Qadın kiminsə anasıdır, bacısıdır, qızıdır, arvadıdır. Qadın şəxsiyyətinə görə deyil, cinsinə görə dəyərləndirilir”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Yazarın sözlərinə görə, Azərbaycan qadınının qarşısında bu gün realizə imkanları açıldığı bir vaxtda yenə də özünü şəxsiyyət kimi təqdim edə bilmir:

“Məsələn, elə bu gün sosial şəbəkələrdə bayram təbriklərinə baxıram, kişilərin təbriklərinin əsas məzmunu bu idi: “Gözəl olun, cavan qalın”. Heç yazıçı-şair olanların belə təbrikində görmədim yazsınlar ki, “şəxsiyyətinizlə, ləyaqətinizlə öndə olun”. Ən qorxulusu odur ki, qadına tərif deyəndə “kişi qeyrətli qadın” deyirlər. Heç qadınlar da buna etiraz etmir. Halbuki, qadının ləyaqət göstəricisini əks cinslə bərabərləşdirmək, eyniləşdirmək düzgün deyil”.

“Nə qədər ki, qızla oğlan arasında fərq qoyulur…”

Zümrüd Yağmur hər iki cins üçün keçərli olsa da, namus, əxlaq məsələsinin daha çox qadına şamil edilməsini elə ən çox da xanımların dəstəkləməsindən şikayətçidir. Onun sözlərinə görə, ictimai-siyasi durum da qadınların fəallığına maneə yaradır: “İctimai-siyasi həyatda xanımlarımız aktiv deyil, özlərini qırağa çəkirlər. Buna görə də idarəçilikdə yeniləşmənin şahidi olmuruq”.

Müsahibimizin fikrincə, nə qədər ki, ailələrdə qız uşağı ilə oğlan arasında fərq qoyulacaq və ikinciyə üstünlük veriləcək, cəmiyyətdə proqressiv dəyişikliklər gecikəcək.

“Qadınlara həm kişilər, həm də siyasi rejim mane olur”

Mehriban Vəzir

Mehriban Vəzir

Yazıçı-publisist Mehriban Vəzir də Azərbaycanda qadınlara qarşı ayrıseçkilik görənlərdəndir. Onun fikrincə, bu, yalnız idarəetmədə deyil, həm də ictimai şüurdadır:

“İdarəetmə də ictimai şüurdan irəli gedə bilmir, çünki idarəetmədə mütərəqqi təmsilçilər yoxdur. Daha mühüm olan isə budur ki, idarəetmənin qadına qayğısı yoxdur”.

Mehriban Vəzir deyir ki, ayrıseçkilik stereotiplərdən, idarəetmənin mütərəqqi, qadınların iddialı və mübariz olmamasından, haqq davası çəkməmələrindən doğur:

“Qadınlara həm kişilər, həm də siyasi rejim mane olur. Ölkəmizin ən özündən deyən kişiləri belə qadına qarşı ənənəvi stereotiplərin daşıyıcısıdır. Demokratdırlar, liberaldırlar sanki, amma şüuraltı vəziyyət çox dərin ənənələrə bağlıdır. Bu, təbiidir. Bu, kökdür, əsildir. Lakin indiki zaman üçün artıq qüsurdur. Bu qüsuru aradan götürəcək yeganə qüvvə var ki, onun adı qadındır. Qadın da zəifdir. Çünki onu həm ənənəvi şüur, həm də idarəetmə əzir. Nəticədə qadın meydanda iki qladiatorla tək qalır”.

“Dövlət qadını kişiyə rəqib kimi yetişdirməlidir”

Müsahibimiz deyir ki, bu yerdə dövlətin üzərinə böyük məsuliyyət düşür, gərək qadını gücləndirsin, onu kişiyə rəqib kimi yetişdirsin.

“Daha doğrusu, onu rəqabətə dözümlü hala gətirsin. Bundan ötrü isə, dediyim kimi, mütərəqqi və hədəfli idarəetmə olmalıdır. İdarəetməni isə yenə qadınlar özləri bu işə təhrik etməlidirlər. Güclü cəmiyyət, güclü qadın, mütərəqqi idarəetmə… bunlar bir-birinə sıx bağlı məsələlərdir”, - Mehriban Vəzir deyir.

O əlavə edir ki, vətəndaş cəmiyyəti fəaliyyətini ciddiləşdirməlidir. Yazıçının sözlərinə görə, hakimiyyət ictimai təşəbbüslərə meydan açmalı və ideyaları səmimi şəkildə dəyərləndirməlidir: “Qadınlar təşkilatlanmalıdırlar. Ən vacibi – könüllü fədakarlar olmalıdır. Ömründən, günündən, vaxtından, sevgisindən, qiymətlisindən keçməyən insan yığını heç nə əldə edə bilməz”.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG