Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:33

Azərbaycan Vergilər Nazirliyinin internet saytında vergi borclarına görə ölkədən çıxışına qadağan qoyulmuş şəxslərin və şirkət rəhbərlərinin siyahıları dərc edilib.

Bir sıra hüquqşünaslar hər hansı bir şəxsin hərəkət azadlığına məhdudiyyət qoyulmasının konstitusiyaya zidd olduğunu deyirlər.

Lakin nazirlik bildirir ki, bu adamların ölkədən çıxışına məhkəmə qərarları ilə qadağan qoyulub. Bəzi hüquqşünaslar hətta bu halda da məsələnin xeyli ziddiyyətli olduğunu söyləyirlər.

Iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Vergilər Nazirliyinin vergi borcu olan sahibkarlara ölkədən çıxış məhdudiyyəti ilə bağlı qoyduğu bu qadağa Konstitutsiyaya ziddir. Ekspertin sözlərinə görə, həmin qadağa iş adamlarının xaricdəki əlaqələrinə, həmçinin biznes və gəlirlərinə də ciddi ziyan vura bilər.

Hüquqşünas Elçin Qəmbərov da deyir ki, vergi borcu olan sahibkarlara ölkədən çıxış məhdudiyyəti tətbiq olunması qanuna ziddir.

Hüquqşünas bildirir ki, bununçün mütləq şəkildə məhkəmə qərarı olmalıdır. Elçin Qəmbərov həmçinin deyir ki, bu cür addımlar sahibkarların fəaliyyətinə problemlər yaradır. Sahibkarın isə fəaliyyəti olmalıdır ki, vergisini ödəyə bilsin.

Hüquqşünas Əkrəm Həsənov isə deyir ki, vergi borcunu ödəməyən sahibkarlara bu cür məhdudiyyətlərin tətbiqi bir çox ölkələrdə də mövcuddur. Onun sözlərinə görə, Azərbaycanda da qanunvericilik bazası buna tam imkan verir və bu cür məhdudiyyətlərin tətbiqi tam qanunidir.

Vergilər Nazirliyinin Analitik İnformasiya şöbəsinin əməkdaşı Şahin Məmmədov isə deyir ki, vergi borcunu ödəməyən sahibkarlar haqda ölkədən çıxış barədə məhdudlaşdırma qərarını vergi orqanları vermir. Belə qərarlar məhkəmə orqanları qarşısında qaldırılan iddia əsasında verilir.

Şahin Məmmədov deyir ki, 2016-cı ilin yanvar ayından vergi məcəlləsinə edilən dəyişikliyə görə vergi orqanlarına birbaşa məhkəmələrə müraciət etmək səlahiyyəti verilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG