Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

Putin-in Peterburqdakı dost klanı arasında Kolbin ən sirli biznesmenlərdən biri sayılır. “Forbes” jurnalına görə, onun varidatı yarım milyard dollardır...

Deyilənə görə, o, Putin-lə uşaqlıq dostudur

Rusiyanın "Dojd" telekanalı araşdırb-öyrənib ki, "Gunvor" neft treydinqi (alış-verişi – red.) şirkətinin sahiblərindən biri olan peterburqlu işadamı Pyotr Kolbin öz nəhəng varidatını daha çox Rusiya prezidenti Vladimir Putin-lə şəxsi tanışlığı sayəsində qazanıb.

Sirli biznesmen?

Putin-in Peterburqdakı dost klanı arasında Kolbin ən sirli biznesmenlərdən biri sayılır. “Forbes” jurnalına görə, onun varidatı yarım milyard dollardır. Kolbin işadamına bənzəmir. Sadə həyat sürür və jurnalistlərlə ünsiyyətə girmir. Deyilənə görə, o, Putinlə uşaqlıqdan dostdur. Ancaq Putin-in tələbə yoldaşı Leonid Polokhov AzadlıqRadiosuna bu adı heç vaxt eşitmədiyini söyləyib.

Buna da bax:​ Putin yenə də birinci oldu

2009-cu ildə Korrupsiya və Mütəşəkkil Cinayətkarlığı Araşdırma Mərkəzinin (OCCRP) redaktoru, "Novaya qazeta"nın jurnalisti Roman Shleynov "Gunvor" treyding şirkətinin sahibləri haqda araşdırma apararkən Pyotr Kolbin-i üzə çıxarıb:

“O, iri biznesmenə bənzəmirdi”

"Rusiya prezidentinin yaxın tanışı Gennadiy Timchenko-nun biznesini araşdırarkən, gördüm ki, onun Pyotr Kolbin adında maraqlı tərəfdaşı var. O, iri biznesmen təsiri bağışlamırdı... Onun xaricə iri həcmdə neft və neft məhsulları satan "Surgutex" şirkətində də payı vardı. Bu, məni maraqlandırdı və onun daha kimlərlə işlədiyini araşdırmağa başladım. Məndə belə təəssürat yarandı ki, o, "Gunvor"un sahiblərindən biridir. Doğrudan da, 2012-ci ildə, "Vedomosti" qəzetində işləyəndə, Kolbin bunu təsdiqlədi. Tanışlarından onun Gennadiy Timchenko-nun köhnə dostu olduğunu da öyrəndik. "Gunvor"da çalışan adamlar bizə dedilər ki, Timchenko onu uşaqlıqdan tanıyır. Onların hər ikisinin valideynləri ovaxtkı Almaniya Demokratik Respublikasında işləyirlərmiş. Timchenko hətta şirkət səhmlərinin 10 faizini ona ayırıb. Ancaq biz Kolbin-in kimliyini araşdırmağa başlayanda məlum oldu ki, o, işadamı deyil".

Təbii sual

Bu halda sual doğur: "Gunvor"un səhmlərinin 10 faizinə, "Surguteks"də paya və çox gözəl bir qaz yatağına nəzarət edən Kolbin işadamı deyilsə, onun arxasında kim dayanır?

Jurnalistlər Kolbin-lə Putin arasında bağlantını tapıblar. Məlum olur ki, Kolbin, sadəcə, Timchenko-nun deyil, həm də prezidentin köhnə tanışı ola və beləliklə, pullar ondan keçməklə Putinə çata bilər. Bir neçə ay əvvəl Panama sənədləri iri işadamı olmayan musiqiçi Sergey Roldugin-in şirkətindən milyardlarla dolların keçib getdiyini üzə çıxarmış və onun da Putin-in yaxın dostu olduğu bilinmişdi. Sual doğur: Görəsən, bu pullar Rusiya prezidentinə çatmır?

Buna da bax:​ Bankir: 'Putin-in nə maşını, nə də pulu var'

“Heç kəs dəqiq deyə bilməz ki...”

"Axı sənədlərdə kimisə sahibkar kimi göstərmək, pulları kiməsə köçürmək lazımdır. Məntiqlə... belə bir adam kim ola bilər? Bu funksiyanı yerinə yetirməyə isveçrəli vəkil yaramır. Xüsusi adamlar var - isveçrəli vəkillər, kiprli menecerlər, ancaq onlar xaricdədirlər. Özü də istənilən vaxt hüquq mühafizə orqanlarının nümayəndələri yaxınlaşıb onları sorğu-suala tuta bilər. Onlar da, gec-tez, hər şeyi danışacaqlar. Ancaq Rusiyada yaşayan öz adamının olması başqa məsələ. O, sənin çoxdankı şəxsi tanışın olduğundan, heç vaxt səni satmaz. Bəlkə də bu adamlar Putin-in əmlakını qoruyan vasitəçilərdir... Heç kəs dəqiqliklə deyə bilməz ki, bu, Putin-in sərvətidir. Axı o, kağızlarda, bank köçürmələrində iz buraxmayıb. Nə qədər olmasa da, keçmiş “KQB” əməkdaşı ağılsız deyil..."

“Biz – II Nikolayıq...”

Bu baxımdan, Putin-in mətbuat katibi tam haqlıdır. O deyir ki, ittihamları sübut edə biləcək heç bir sənəd yoxdur. “VTB” (bankının) rəhbəri cənab Kostin-sə deyir ki, Putinin varidatı, milyardları yoxdur, siz onları heç vaxt tapmayacaqsınız. Əlbəttə, onları heç kim, heç vaxt tapmayacaq, çünki bu insan sənədlərə imzasını qoymur", - jurnalist belə deyir və sözünə davam edir:

"Bu insanlar özlərinə olan tənqidi bütün ölkəyə tənqid sayırlar. Bu, çox maraqlı düşüncə tərzidir. Düşünürlər ki, onların şəxsi maraqları ölkənin... maraqlarıdır. Düşünürlər ki, "Biz - II Nikolayıq, bizim iradəmiz və maraqlarımızsa bütün dövlətin maraqlarıdır!" Düşünürlər ki, bizim şəxsi maraqlarımıza qarşı çıxan Rusiyanın düşmənidir. Bax, Putinin ətrafındakı bəzi adamlar belə düşünür".

Günün bütün mövzuları

XS
SM
MD
LG