Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:12

Putinin baş motosikletçisi sovet tarixini bilmirmiş


Putin tərəfdarı olan «Gecə canavarları» motosiklet klubunun lideri Aleksandr Zaldostanov
Putin tərəfdarı olan «Gecə canavarları» motosiklet klubunun lideri Aleksandr Zaldostanov

.

Rusiya prezidenti Vladimir Putinin tərəfdarları illərlə yorulmadan Qərbin II Dünya müharibəsinin tarixini «təhrif etməyə» çalışdığını, sovet xalqının Hitler Almaniyasına qarşı mübarizədə verdiyi qurbanlara qiymət vermədiyini təkrar edirlər.

Mayın 1-də müstəqil «Belsat» kanalının müxbiri Putin tərəfdarı olan «Gecə canavarları» motosiklet klubunun lideri Aleksandr Zaldostanovun müharibənin əvvəlində Stalin SSRİ-sinin Hitler Almaniyası ilə müttəfiq olması faktına münasibətini öyrənmək istəyib.

«SSRİ Hitlerlə müttəfiq olub!» deyə Zaldostanov heyrətlə cavab verib. «Görürsünüz bu oğlanın başı necə xarab olub. Bu, bəzi adamların başının necə xarab olduğunu göstərir. O mənə deyir ki, SSRİ Hitlerlə müttəfiq olub. O ya şüursuzdur, ya da trolluq edir. Mən daha nə deyə bilərəm?»

Aleksandr Zaldostanov suallara belə cavab verir:

Jurnalistin təkid etdiyini görən Zaldostanov onu kənara itələyib və növbəti suala keçib.

İşin maraqlı tərəfi odur ki, hadisə Belarusun Brest şəhərində baş verib. 1939-cu ildə hələ Polşanın tərkibində olan bu şəhər məşhur Molotov-Ribbentrop Paktının gizli protokoluna görə SSRİ ilə nasist Almaniyası arasında çəkilmiş yeni sərhədin düz üzərində yerləşirdi. 1939-cu il sentyabrın 1-də Nasist Almaniyası Polşaya qərbdən hücum etdisə SSRİ də sentyabrın 16-da ona şərqdən hücum etdi.

Nasist-sovet paradı

Cəmi bir neçə gün içində Polşa hərbi məğlubiyyətə uğradıldı və iki ölkənin orduları sentyabrın 22-də Brestdə hərbi parad keçirdilər.

Bu parad Almaniya ilə SSRİ arasında hələ 1920-ci illərdən bəri davam edən hərbi və iqtisadi əməkdaşlığın ən nəzərəçarpan anı idi. Bu əməkdaşlığa yalnız 1941-ci il iyunun 21-də nasistlər SSRİ-yə hücum etdiyi zaman son qoyuldu.

Hər iki ölkə I Dünya müharibəsinin sonunda bağlanmış sülh razılaşmasının şərtlərindən narazı idilər və onları pozmaqda maraqlı idilər.

Nasist-sovet paradından görüntülər:

Britaniyalı tarixçi John Erickson 2001-ci ildə nəşr etdirdiyi «SSRİ-nin Ali Komandanlığı» kitabında yazır ki, hələ 1920-ci illərdə sovet diplomatları bir neçə dəfə Polşanın bölünməsi ilə bağlı alman həmkarlarına müraciət ediblər.

Versal müqaviləsinin şərtlərinə görə Almaniyanın hərbi hava qüvvələrinə malik olması qadağan olunsa da «Junkers» şirkəti Moskva ətrafında zavod tikmişdi. Luftwaffe-nin pilotları isə Lipetsk yaxınlığında təlim keçirdilər. Almanlar «Blitzkrieg»in («ildırım sürətli müharibə») məşqini də Kazandakı tank məktəbində edirdilər. Qadağan olunmuş kimyəvi silahları isə Samara vilayətində istehsal edirdilər. Almanlar öz sualtı qayıqlarını Versal müfəttişlərindən gizlətmək üçün Murmansk yaxınlığında saxlayırdılar.

Bundan başqa Stalin 1920-ci illərdə sovetlərin təsiri altında olan Almaniya Kommunist Partiyasının solçu Sosial-Demokrat Partiyası ilə əməkdaşlığına imkan vermədi. Onun bu siyasəti Hitlerin hakimiyyətə gedən yolunu daha da hamarlaşdırdı.

Hitlerin hakimiyyətə gəlməsindən sonra onların münasibətləri xeyli soyudu ki, bu da Hitlerin antikommunist və slavyanlara qarşı yönəlmiş irqçi çıxışları ilə bağlı idi. 1930-cu illər ərzində Avropada dövlətlər arasında get-gedə artmaqda olan qarşılıqlı inamsızlıq hökm sürürdü. Bütün ölkələr öz təhlükəsizliklərini gücləndirməyə çalışırdılar. Bir çox kollektiv təhlükəsizlik müqavilələri, habelə Qərbin Hitleri sakitləşdirmək siyasəti uğursuzluğa düçar oldu.

Stalinlə nasist Almaniyası arasında 1939-cu ilin yayında başlamış danışıqlar avqust ayında Molotov-Ribbentrop Paktı ilə nəticələndi. Bu sənədlə demək olar ki, eyni vaxtda alman-sovet ticarət razılaşması da imzalandı. Bu sazişə görə SSRİ Hitler rejiminə külli miqdarda xammal verməyə razılıq verirdi.

Hücum etməmək barədə paktın gizli protokollarında isə iki rejim Mərkəzi Avropanı bölmək barədə razılığa gəlmişdi: SSRİ şərqi Polşanı, üç Baltik dövlətini və Rumıniyanın Bessarabiya bölgəsini öz nəzarətinə götürürdü. 1990-cı illərə qədər əvvəlcə sovet, daha sonra Rusiya hökuməti gizli Molotov-Ribbentrop protokollarının mövcud olduğunu dandı.

Paktın imzalanmasından cəmi bir həftə sonra Hitler, onun hücumundan iki həftə keçmiş SSRİ Polşaya hücum etdi. Sentyabrın sonları - oktyabrın əvvəllərində SSRİ Baltik dövlətlərini işğal etdi. 1940-cı ilin oktyabrında Almaniya ilə SSRİ bir müddət Sovet İttifaqının Almaniya, Yaponiya və İtaliya ilə müttəfiq olması barədə müqavilə layihəsini müzakirə etdilər. Ancaq o vaxta qədər Hitler artıq SSRİ-yə hücum etmək qərarını dəqiqləşdirmişdi.

Motosikletçi Zaldostanovun Stalinin Hitlerlə əməkdaşlığı barədə təsəvvürü unikal deyil. Ötən həftə Rusiyanın Müdafiə Naziri Şoyqunun (Shoigu red.) köməkçisi general Aleksandr Kirilin Rusiya radiosuna müsahibəsində Polşa hökumətinin müharibə abidələri ilə bağlı siyasətini sərt tənqid edib. «[Bu], nasist Almaniyası tərəfindən işğal edilmiş və Sovet İttifaqının köməyi olmasa nasist işğalından qurtula bilməyən bir Avropa dövlətinə uyğun [hərəkət] deyil», deyə Kirilin bildirib.

«Bizim beyinlərimizə yeritmək istəyirlər ki, biz onları işğal etmişik», deyə o əlavə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG