Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:16

«The Wall Street Journal» qəzeti Rusiya hərbi təyyarələrinin ötən iki gündə Hələbi və Suriyada digər obyektləri hədəfə almasından yazır. Düzdür, bu xəbərdə yeni bir şey yoxdur. Yeni olan odur ki, təyyarələr İranın qərbindəki hava bazasından havaya qalxır.

«Bunlar Moskvayla Tehranın strateji əlaqələri gücləndirdiyini göstərir. Bu proses, özəlliklə, prezident Obama-nın İranla nüvə sazişi bağlamasından sonra gedir. Kreml ötən il mollalara «S-300» sistemləri satmağa razılaşıb. Elə Rusiyada ehtiyatda olan general Evgeny Buzhinsky də deyir ki, İranla Rusiyanın əməkdaşlığı yüksəlir, hərbi əməkdaşlıq isə lap başda gəlir».

Buna da bax - ABŞ Rusiya təyyarələrinin İrandakı bazadan istifadə etməsini pisləyib

MÜHARİBƏ HƏLƏ ÇOX ÇƏKƏCƏK

Qəzet yazır ki, Suriyaya Rusiya-İran zərbələri Hələbdə müxalifətin son uğurlarının bədəlidir. Rusiya prezidenti Vladimir Putin və Suriya diktatoru Bashar Assad həftələrdir Hələbin şərqindəki 300 min nəfəri mühasirəyə alıb. Qərb də cavabında Kremllə daha uzunmüddətli atəşkəs danışıqlarına məcbur olub ki, əhaliyə ərzaq və dərman çatdırılsın. Amma bu ayın əvvəlində mühasirə yarılıb, şəhərə təchizat xətti yenidən açılıb.

«Müxalifətin irəliləməsi Assad ordusunun zəifliyini göstərir. Burada cəmi 20 min döyüşə hazır əsgəri var. Onlar Putin-in havadan, İranın və şiə «Hizbullah» qruplaşmasının qurudan dəstəyinə baxmayaraq, Hələbi geri ala bilmirlər», - yazan qəzet Suriya müharibəsinin hələ çox çəkəcəyini vurğulayır. Nə Assad, nə də müxalifət geri çəkilən deyil. Müharibə getdikcə sabitsizlik, qaçqın axını da artacaq, hakimiyyət boşluğunu isə cihadçılar dolduracaq.

«Bu durum Rusiya və İran kimi çağrılmamış qonaqların maraqlarına cavab verir. Onlar Hələbdə dinc sakinlərin çəkdiyi əziyyətə görə azacıq gözyaşı axıdacaq, ancaq eyni zamanda nüfuz dairələrini genişləndirəcəklər. Bütün bunlar ABŞ-ın və ya Qərbin maraqlarına nə dərəcədə uyğundur, bu sualı Amerikanın növbəti prezidenti nəzərdən keçirməli olacaq».

İrandan qalxan Rusiya təyyarələri Suriyanı bombaladı

TRUMP, YOXSA OBAMA

«The Wall Street Journal»da «Putin-in Ağ Evdəki dostu» adlı məqalədə müəllif Sohrab Ahmari Obama administrasiyası siyasətinin Rusiyaya necə yardım etməsindən söz açır.

Respublikaçıların prezidentliyə namizədi Donald Trump-ın Rusiya prezidenti Vladimir Putin-ə xoş münasibəti heç kəsə sirr deyil. Qərb jurnalistləri buna görə Trump-ı topa tutur. Müəllif yazır ki, bu yaxşıdır, amma həmin adamlar son 8 ildə haradaydı? Axı Obama administrasiyası Moskvanın hegemon ambisiyalarının metastaz verməsinə şərait yaradırdı.

«Hər halda, 2014-cü ildə ABŞ strateji arsenalında əməlli ixtisar aparan cənab Trump deyildi… cənab Obama idi. Kiyevdə demokratik hökuməti müdafiə silahları verməkdən imtina edən də Trump deyildi. Ağ Ev, hələ də, Kiyevi gərəkən silahlarla təmin etmir, halbuki Putin bu ölkəni daha artıq təcavüzlə hədələməkdədir. Ukraynaya xəyanət edən Trump deyildi».

VAŞİNQTON AUTSAYDERƏ ÇEVRİLİR

Müəllif yazır ki, ABŞ-ın Suriyada hərəkətsizliyi Moskvaya Vaşinqtonu çıxdaş etməyə, ABŞ-ın Yaxın Şərqdəki nüfuzunu azaltmağa fürsət verdi. Suriya vətəndaş müharibəsi humanitar fəlakət yaradıb, yüz minlərlə insan həlak olub, milyonlarla qaçqın yaranıb. Avropanı qaçqın basıb, Türkiyədə sabitsizlik yaranıb.

Strateji qazanc əldə edənsə Moskva və İrandır, hərbi əlaqələri dərinləşdiriblər, Rusiya Suriyadakı üsyançıları vurmaqdan ötrü İran hərbi bazasından istifadə edir.

«Cənab Putin-in məqsədi Vaşinqtonu Yaxın Şərqdən kənarlaşdırmaqdır və buna da nail olur. Amerikanın regiondan geri çəkilməsi planı heç də Trump Qülləsində hazırlanmayıb. Rəy sorğuları özünü doğruldarsa, Donald Trump noyabrda məğlub olacaq, bunun bir səbəbi Rusiya diktatoruyla açıq-aşkar yaxınlığıdır. Amma bu baş versə belə, Barack Obama dönəmində ABŞ-Rusiya münasibətlərinə mətbuatın xəyanətini və yaddaşsızlığını bağışlamaq olmaz», - müəllif yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG