Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:19

Putin neftin qiymətini ‘qaldırdı’, amma ekspertlər ‘çox çəkməz’ deyirlər


Foto-arxiv

Foto-arxiv

Rusiya prezidenti Vladimir Putin OPEC təşkilatının neft hasilatını azaltmaq barədə təklifini qəbul etməyə hazır olduğunu bəyan edən kimi, neftin qiyməti bu il ərzində görünməmiş səviyyəyə qalxıb.

‘Yaranmış hazırkı vəziyyətdə biz hesab edirik ki, neft hasilatının dondurulması və hətta azaldılması bütün dünya energetikasının dayanıqlığını qoruyub saxlamaq üçün yeganə düzgün qərardır’ – deyib Rusiya prezidenti İstanbulda keçirilən beynəlxalq enerji konfransında.Putin ümid etdiyini bildirib ki, noyabr ayında keçiriləcək görüşdə OPEC ölkələri müvafiq kvotalar barədə razılığa gələcəklər.

Putinin bu bəyanatından dərhal sonra neftin bir barrelinin qiyməti birdən birə dollar yarım qalxaraq 53, 5 dollar olub. Bu, ötən ilin 9 oktyabrından bəri neftin ən yüksək qiymətidir.

Bununla belə, Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih xəbərdarlıq edib ki, məhdudlaşdırıcı tədbirlər çox da sərt olmamalıdır.

‘Biz bazara yanlış siqnallar verməkdən çəkinməliyik’ – deyib nazir.

Rusiya və Səudiyyə Ərəbistanı birlikdə dünya neftinin beşdə birini hasil edirlər və bu il hər ikisi hasilatı rekord həddə artırıblar.

Məhz buna görə də ekspertlər bu iki ölkənin niyyət bəyanatlarına ehtiyatla yanaşırlar.

Onlar bu qənaətdədirlər ki, Moskva və Riyad bu bəyanatları neft qiymətlərinin daha da düşməməsi üçün səsləndirirlər.

Bundan başqa Qərb təhlilçiləri, hətta Rusiya OPEC-in səylərinə qoşulsa belə, bunun neft bazarına ciddi təsiri olacağını düşünmürlər.

Goldman Sachs analitikləri deyirlər ki, OPEC-in mümkün kvota dəyişikliyinin səyləri Liviya, Nigeriya və İraq nefti hasilatının artması ilə heçə endirilə bilər.

Goldman xəbərdarlıq edir ki, Rusiya və OPEC arasında hasilata dair razılaşma əldə edilsə belə, bunun neft qiymətlərini yüksəltmək niyyəti onların özünə ziyan vura bilər.

Təhlilçilər bunu da bildirirlər ki, 2017-ci ilin bazarında tələb-təklif balansının qeyri-müəyyənliyi aydın proqnoz vermək imkanı yaratmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG