Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:42

Putin bir daha dedi ki, onu Erdoğanla Nazarbayev barışdırıb


Nursultan Nazarbayev (solda) və Vladimir Putin

Nursultan Nazarbayev (solda) və Vladimir Putin

Rusiya mediası xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan lideri Nursultan Nazarbayev Soçi şəhərində görüşüblər.

Xəbərlərdə deyilir ki, onlar iki ölkə arasında “regional və aktual məsələləri” müzakirə ediblər.

Bunların arasında Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında interqrasiya proseslərinin dərinləşdirilməsi, iqtisadi-ticari, habelə mədəni-humanitar əlaqələrin genişləndirilməsi məsələsi olub.

İki lider həmçinin bir sıra mühüm beynəlxalq məsələləri müzakirə ediblər.

Lakin medianın bu görüşdə ən çox diqqəti Vladimir Putinin Nazarbayevə onu Türkiyə prezidenti Recep Tayyip Erdoğanla barışdırdığına görə xüsusi təşəkkürünü bildiməsinə yönəlib.

Rusiyanın dövlət telekanalları məhz bu məqamı xüsusilə vurğulayırlar.

“Siz Rusiya-Türkiyə münasibətlərinin bərpa olunmasından danışdınız, - deyib Putin, - Bununla əlaqədar sizə, göstərdiyiniz səylərə, vasitəçilik missiyanıza görə təşəkürümüzü bildiririk”.

Nazarbayevin qasıdləri

Rusiyanın RBK agentliyi xatırladır ki, bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Nazarbayevin adını bir neçə “vasitəçidən” biri kimi çəkmişdi.

RBK yazır ki, Kalın digər vasitəçilərin adlarını çəkməyib və Nazarbayevin missiyasının təfərrüatlarına aydınlıq gətirməyib.

Lakin bu məsələ istər Rusiya, istərsə Türkiyə mətbuatında aparıcı mövzulardan biri olaraq qalır.

Barışıq missiyasında Nazarbayevə Dağıstan lideri Ramazan Abdulatipovun kömək etdiyi bildirilir

Barışıq missiyasında Nazarbayevə Dağıstan lideri Ramazan Abdulatipovun kömək etdiyi bildirilir

“Komsomolskaya Pravda” Hurriyet Daily News və Meduza portalına istinadən yazır ki, barışdıma missiyasının texniki tərəfində Nazarbayevə türkiyəli biznesmen Cavit Çağlar kömək edib.

Belə düşünülür ki, Erdoğanın Putinə məktubunu Nazarbayevə məhz Çağlar çatdırıb.

Çağların Rusiyada böyük biznes maraqları var və o Dağıstandakı “Nergiz” investisiya holdinqinin baş icraçı direktorudur.

Onun Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovla yaxın münasibətləri var.

Xəbərlərdə deyilir ki, öz tərəfindən Abdulatipov Putinin köməkçisi Yuri Uşakovla əlaqə yaradıb.

“Prostite” ilə “izvinite”nin fərqi

Hurriyet Daily News və Meduza xəbər verir ki, ötən mayda və iyunun əvvəllərində Erdoğanın Putinə məktubunun redaktəsinə başlanıb.

Bu məktuba həm türk, həm də rus redaktorların düzəlişləri əlavə olunub.

Məsələn, düzəlişlərdən birinə görə “bağışlayın” (prostite) sözü emosional baxımdan daha güclü “üzr istəyirik” (izvinite) ifadəsi ilə dəyişdirilib.

Sankt Peterburdakı Konstantin sarayının iclas zalı

Sankt Peterburdakı Konstantin sarayının iclas zalı

Rusiya mediası hesab edir ki, “üzr istəyirik” ifadəsində günahın etirafı daha güclüdür.

Rusiya mediasına görə iyunun axırlarında Nursultan Nazarbayev Qazaxıstanın Ankaradakı səfiri vasitəsilə mətbuat katibi Kalına “müştuluq” verib ki, Putin...məktubu qəbul etməyə razıdır.

Məktubun son redaktəsinin də Nazarbayev tərəfindən edildiyi, daha sonra Yuri Uşakova göndərildiyi deyilir.

Rusiya mediası yazır ki, bu hadisə iyunun 24-də Daşkənddə, Şanxay qrupunun sammiti zamanı baş verib.

Uşakov tezliklə Türkiyə nümayəndə heyətinə yaxınlaşaraq bidirib ki, Putin məktubu oxuyub və razı qalıb.

Rusiya mediası Bloomberg saytında dərc olunmuş təhlil məqaləsinə istinadən yazır ki, missiya uğurla başa çatsa da, Erdoğan və Putin nəhayət görüşsə də, Moskva bu görüşün rejissor quruluşu ilə Ankaraya müəyyən mesajlar verib.

İki lider görüş zamanı üstündə bir-birini sıxan iki əl şəkli olan qablardan yesələr də, naharın özü Sankt Peterburqda Konstantin sarayının “yunan qonaq salonunda” keçirilirdi.

Versala oxşayan saray

“Komsomolskaya Pravda” hesab edir ki, görüş yeri üçün Konstantin sarayının və onun “qədim yunan tematikalı” zalının seçilməsi təsadüf sayılmamalıdır.

Bu saray Birinci Pyotr tərəfindəmn inşa edlib və sonralar 1-ci Pavelin oğlu Konstantinə verilib.

Qəzet xatırladır ki, bununla da Türkiyənin Yunanıstanla tarixən gərgin münasibətlərinə bir növ işarə edilib.

“Komsomolskaya Pravda” yazır ki, Erdoğanın Rusiya prezidentinə müraciətlə 4 dəfə “əziz dostum hörmətli Vladimir” deməsinə baxmayaraq, Putin bircə dəfə də olsun belə bir iltifat göstərməyib

Bundan başqa Pyotr bu sarayı Fransadakı məşhur Versal sarayını kölgədə qoymaq məqsədilə ilə tikdirmişdi.

Versal sarayının tarixində ən əlamətdar hadisə isə Birinci Dünya Müharibəsindən sonra burada Almaniyanın kapitulyasiya sənədini imzalamasıdır.

“Komsomolskaya Pravda” belə bir məqama da diqqət yetirib ki, görüş vaxtı Erdoğanın Rusiya prezidentinə müraciətlə 4 dəfə “əziz dostum hörmətli Vladimir” deməsinə baxmayaraq, Putin bircə dəfə də olsun belə bir iltifat göstərməyib.

Azərbaycanda bir sıra medialar Putinlə Erdoğanın barışmasında prezident İlham Əliyevin xüsusi rolunun olduğunu bildirirlər.

Bu xəbərlər Rusiya mediasında öz əksini tapmır.

XS
SM
MD
LG