Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 19:41

►Etibar Əliyev: “Repetitora pul tapan valideyn imtahana da tapacaq”

“Qəbul imtahanı pullu olacaq? Niyə?”

Abituriyent Nəzakət Əliyevanın “Ali məktəblərə qəbul imtahanı pullu ola bilər” dediyimizdə cavabı belə oldu, daha doğrusu, suala sualla cavab verdi.

Pərt halda anasına baxdı. 17 yaşlı Nəzakət ali məktəbə bu il imtahan verəcək, ancaq hökumət, hələlik, Dövlət İmtahan Mərkəzinin təklifinə baxmayıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Trend-ə deyib ki, dövlət qulluğu, buraxılış imtahanları, attestasiya pulsuz, qalan imtahanlar pullu olmalıdır.

“İmtahanların keçirilməsi üçün hər bir şəxsə görə çəkilən xərc bizə dövlət büdcəsindən verilir. İndi isə verilməyəcək, hər bir şəxs pulu özü ödəyəcək”, - Şura sədri bildirib.

Onun sözlərinə görə, müəyyən imtahanlarda dövlət bir şəxsə 25 manat, bəzi imtahanlarda daha çox pul xərcləyir.

VURĞUN ƏYYUB: “XƏRCİ ABİTİRİYENT ÖDƏMƏMƏLİDİR”

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

DİM-dən gələn təklif birmənalı qarşılanmayıb. Mütəxəssislər bir ağızdan deyirlər ki, bilikləri qiymətləndirən qurum hökumətdən asılı olmamalıdır, o, öz-özünü maliyyələşdirməlidir, amma...

Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri Vurğun Əyyub bununla bağlı ayrı-ayrı ölkələrdə fərqli təcrübələrin olduğunu söyləyir. O, bəzi ölkələrdə xərci qiymətləndirmədə iştirak edən şəxsin özünün ödədiyini, bəzi ölkələrdəsəqiymətləndirməni sifariş edən qurumların ödədiyini bildirir. Mütəxəssis Azərbaycanda ikinci variantın keçərli olduğunu düşünür.

“Məleykə xanım hesab edir ki, bu xərci abituriyent ödəməlidir, mən düşünürəm, bu, yanlış addım olar. Bizim vətəndaşlarımızın maddi imkanlarını nəzərə almış olsaq, bu, valideynə zərbədir. Amma prinsipcə, pul ödənilməlidir. Valideyn tərəfindən yox, qiymətləndirməni sifariş edən qurum tərəfindən. Təhsil Nazirliyi abituriyentlərinin biliyini yoxlamaq istəyirsə, onların pulunu ödəməlidir və ya hansısa nazirlik özünə işçi götürmək niyyətindədirsə, sifarişin pulunu o ödəməlidir. Çünki qiymətləndirməyə pul xərclənir. Mexanizm bu cür olmalıdır. Amma Azərbaycan vətəndaşlarının gəlirini nəzərə almış olsaq, bu vəsaiti ona yükləmək düz deyil. Vətəndaşın gəliri o qədər də çox deyil. Üstəlik, yenə deyirəm, bu, ona zərbə olar”.

“REPETİTORA PUL VERƏN VALİDEYN 25-50 MANATI DA TAPACAQ”

Etibar Əliyev

Etibar Əliyev

“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev belə düşünür. Amma hesab edir ki, bu məbləğ 100 manatı ötməməlidir, əks halda, bu vətəndaşın təhsil almaq hüququnu poza bilər:

“İndinin özündə də qəbul imtahanlarında iştirak etməkdən ötrü telefon xidmətlərindən istifadə edilir, kod-şifrə alınır, düzdür, bunlar kiçik vəsaitlərdir.

Hər halda, bu qurumun saxlanılması üçün abituriyentdən pul alına bilər. Amma böyük məbləğ olmamalıdır. Hər il 100-120 min məzunun 70-80 faizi qəbul imtahanında iştirak edir. Rasional məbləğ seçilməlidir. Valideyn bir aya repetitora 1000 manata xərcləyirsə, qəbul imtahanında da 25-30 manat, 50 manat xərcləyə bilər”.

“BƏS DÖVLƏTİN HUMANİZMİ HARDA QALIR?”

Vurğun Əyyub Etibar Əliyevin məntiqlə doğru düşündüyünü deyir, ancaq əlavə edir:

“Vətəndaş susub, bu xərcləri öz həyat səviyyəsini yaxşılaşdırmaq əvəzinə boğazından kəsib ödəməyə sərf edirsə, bu ədalətli deyil. Bəs onda dövlətin humanizmi, dövlətin sosial müdafiəsi harda qalır? Etibar bəyin dediyi məntiqi baxımdan doğrudur, ancaq faktiki baxımdan vətəndaşa zərbədir”.

“BU PULSUZ TƏHSİL OLMADI Kİ...”

Abituriyent Nəzakət Əliyevanın anası Qumru Əliyeva sual edir:

“Bunun nəyi pulsuz təhsil oldu ki? 9-cu sinifdən qızım müəllim yanına gedir, müəllimin pulu, kitabların pulu, yol pulu... Əlimizdə-ovcumuzda olan ona gedir, indi də imtahan pullu olacaq?”

Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə imtahanlardan əlavə bəzi xidmətlərin də pullu olacağına işarə edib. Amma konkret hansı xidmətdən söhbət getdiyini dəqiqləşdirməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG