Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:32

Azərbaycanda çox sayda, ümumi və qəribə adı olan publiklər yaradılır. Konkret deyilsə, hökumət əvvəllər dövlət tərəfindən maliyyələşdirilən bir sıra təşkilatların maliyyə məsuliyyətini həmin təşkilatların öz üzərinə yükləməyi planlaşdırır, hərçənd onlara nəzarəti qəti şəkildə əldən vermək niyyətində deyildir. Məsələn elə AzərTac kimi…

Bir çox müstəqil ekspertlər bildirirlər ki, nə qədər “idarəçiliyin təkmilləşdirilməsi” donu geyindirilsə də bu proses ən ümdəsi bir həqiqətdən xəbər verir: Hökumət pulsuzlayıb. Bunu bilməyən və başa düşməyən azdır. Əsas sual bundan ibarətdir ki, “publik” deyilən bu qurumların işində vətəndaşlara aid olan nə dəyişəcək? Ümumiyyətlə, bu dəyişikliklərin sadə vətəndaşlara təsiri varmı, yoxsa bu qurumlarda əvvəllər əslində pulsuz olmalı olan xidmətlər indi tam qanuni şəkildə pullu olacaq? Məsələn Tələbə Qəbulu Dövlət Komitəsi kimi?

İqtisadçı ekspert Sabit Bağırov bu qərarı təqdirəlayiq hesab edir. Onun fikrincə, bu qərar həmin strukturların səmərəliliyini artıracaq.

Ekspert deyir ki, səmərəliliyin artması isə həm yüksək ixtisaslı mütəxəssislərin cəlbinə, həm də keyfiyyət baxımından müsbət dəyişikliklərə gətirib çıxaracaq.

İqtisadçı ekspert Natiq Cəfərli isə düşünür ki, dövlət idarəetməsində ciddi problemlər olduğuna görə idarəetmənin optimallaşdırılması üçün bu cür addımların atılması qaçılmazdır.

Ekspertin fikrincə, atılan addımlar islahat proqramının tərkib hissəsi olsaydı ciddi effektlər verə bilərdi.

Natiq Cəfərli deyir ki, hökumət indiki dövrdə büdcənin yükünü azaltmağı düşünür, amma sağlamlaşdırıcı addımlar atmaqdan çəkinir. Ekspert bunu qeyri-effektiv yol hesab edir.

Digər iqtisadçı Vüqar Bayramov deyir ki, bu addımlar büdcə vəsaitinə qənaət etmək məqsədi ilə atılır. Onun sözlərinə görə dövlət qurumlarının publik hüquqi şəxsə çevrilməsindən daha çox, bəzi qurumların birləşdirilməsinə ehtiyac var. Ekspert deyir ki, dövlət qurumlarını publik hüquqi şəxsə çevirmək struktur islahatlarının bir elementidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG