Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:09

Prorektorun yarım milyonunu öz əmisi oğlu oğurlatdırıb?


Seyf
Seyf

«Odlar Yurdu» Universitetinin prorektoru Munir Vəliyevin seyfindən 429 min manatlıq oğurluqla bağlı məhkəmədə yeni ayrıntılar ortaya çıxıb.

Munir Vəliyev universitetin rektoru, keçmiş deputat Əhməd Vəliyevin oğludur.
Oğurluğa görə 7 nəfər mühakimə olunur, amma ikisi – Mirsənan Seyidov və Fərahim Baxşıyev həbsdə deyil. Onlar oğurluqda yox, CM-in 194-cü (cinayət yolu ilə əldə edildiyini bilə-bilə, pul və ya digər əmlakı əldə etmə) maddəsi ilə suçlanır.

«TƏXMİNƏN 120 MİN MANAT VARDI»

Həbsdə olanlardan ikisi – Sübhan Əkbərovla Vüqar Vəliyev yeznə-qayındırlar. Sübhanın bacısının həyat yoldaşı olan Vüqar Vəliyev «Odlar Yurdu»nun hərbi və mülki müdafiə şöbəsinin müdiri olub. Ən əsası, o, Əhməd Vəliyevin qardaşı oğludur.

İttihama görə, seyfi Sübhan Əkbərov aparıb. Oğurluğa gedəndə tanışları Pərviz, Ramin və Həzrət də ona kömək edib. İçində 429 min 172 manat pul olan seyfi götürüb, gəldikləri maşınla Hökməli qəsəbəsinə qayıdıblar. Orada seyfi açıb, pulun bir hissəsini də Vüqara ayırıblar.

Amma Sübhan Əkbərov məhkəmədə deyib ki, seyfdə təxminən 120 min manat pul var idi.

Sübhan seyfi oğurladığını təsdiqləyir. Amma deyir ki, oğurluq ideyası bacısının ərinin – rektorun qardaşı oğlunun olub: «Əvvəl Vüqar haqqında danışmaq istəmirdim. İstintaqda da onun əleyhinə ifadə verməmişəm. Amma indi burada hər şeyi olduğu kimi danışacağam. Mən Rostovda işləyirdim, Vüqar zəng eləyib dedi ki, «bir seyf var, onu aparmağa məsləhətli adam lazımdır». Dedim ki, özüm gəlib, o işi görəcəyəm».

Buna da bax-Qız qaçırmağa gəlmişdilər, əvəzində seyf qaçırdılar...

«İMTAHAN DÖVRÜNDƏ SEYFDƏ YAXŞI PUL OLAR»

Sübhan Əkbərovun dediyinə görə, oğurluq sxemini Vüqar öz evində çəkib, ona verib. Orada seyfin yeri, kameraların yerləşdiyi otaq və s. hamısı göstərilib. Elə seyfi aparmamışdan öncə kameraların yaddaş kartını götürüblər: «Mənə demişdi ki, semestr imtahanları dövründə seyfdə yaxşı pul olur. Yoxsa mən haradan bilirdim? Mənim nəinki ali təhsilim, ümumiyyətlə, təhsilim yoxdur, heç bilmirəm semestr imtahanları nə vaxt olur».

Manat
Manat

Sübhan Əkbərov qeyd edir ki, pulların yerini heç Əhməd Vəliyev də bilmirdi, hamısı da Munir Vəliyevin idi.

Plana görə, oğurluq ərəfəsində yeznə-qayın ölkəni tərk etməliymiş. Amma plan baş tutmayıb: «Vüqarla İrana gedəcəkdik ki, hadisə vaxtı ölkədə olmadığımız görüntüsü yaransın. Sonra mən qaçaq yolla ölkəyə qayıdıb, seyfi aparandan sonra birbaşa Rusiyaya getməliydim. Amma getmək məqamında Vüqar dedi ki, «işim çıxdı, gedə bilmirəm». Özüm getdim, Astarada sərhəddə saxladılar. Məlum oldu ki, Cəlilabad polisi ölkədən çıxışıma «stop» qoyub. Məni 2-3 saat Astara polisində saxlayıb araşdırma apardılar, aydınlaşdı ki, səhvən «stop» qoyublar, məni başqa adamla qarışdırıblar. Polisdən çıxandan sonra getmək fikrindən daşındım, Bakıya gəldim».

«TƏMİZ İŞ GÖRMÜŞDÜM»

Sübhan əməlinin üstünün açılmasına və həbsinə görə də Vüqar Vəliyevi günahlandırır: «Açığı, mən təmiz iş görmüşdüm, heç bir iz buraxmamışdım. Mənim yeganə izim Vüqar oldu. Onunla iş görməklə səhv elədim. Seyfi aparandan bir gün sonra evə zəng elədim, anam dedi ki, atamı polislər aparıb. Öyrəndim ki, oğurluğu mənim elədiyimi Vüqar gedib əmisi Əhməd Vəliyevə və oğlu Munirə deyib».

Vüqar Vəliyev isə sualları cavablandırarkən ünvanına səslənən ittihamları qəbul etməyib. Deyib ki, Sübhan dəfələrlə universitetə onun yanına gəlib-gedib, orada nəyin harada olduğunu özü bilirdi: «Biz onunla plan qurmaq məqsədilə görüşməmişik».

Vüqar Vəliyev əlavə edib ki, Əhməd Vəliyev bu işin ictimailəşməsini, məlumatın yayılmasını istəmirdi.

Məhkəmə dekabrın 13-də davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG