Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:32

Ə.Həsənov: 'Kredit qaytarmaq daha da çətinləşəcək'


«Təbii ki, məzənnə qalxdıqca istər sahibkarların, istərsə də sıravi vətəndaşların dollarla götürdükləri kreditləri qaytarmalarında yaranan problemlər bir qədər də artacaq».

«Antikollektor» Birliyinin təsisçilərindən hüquqşünas Əkrəm Həsənov bunu AzadlıqRadiosuna dolların məzənnəsinin 1.6040 həddinə yüksəlməsini şərh edərkən deyib.

Hüquqşünas deyib ki, bu problem 2015-ci il fevralın 21-də manatın birinci devalvasiyası ilə yaranıb. Həmin il dekabrın 21-də baş verən ikinci devalvasiya ilə də yüksək həddə çatıb: «İkinci devalvasiyadan sonra bir çox sıravi vətəndaşlar və sahibkarlar kreditləri qaytara bilməyəcəklərini anladılar. Onlar kredit götürənlərin 50 faizindən çoxu deməkdir. İndi dolların məzənnəsinin qalxması kredit qaytara bilməyənlərin sayını daha da artıracaq».

Ekspertin deməsinə görə, bir ara dolların məzənnəsi 1.50-yə enəndə, banklar kreditlərin qaytarılmasının yolları ilə bağlı sahibkarlarla danışıqlar aparırdılar. Ə.Həsənovun fikrincə, dolların məzənnəsinin yenidən qalxması bu danışıqların pozulması ilə nəticələnəcək.

Buna da bax - Ev dəllalı: 'Çoxu evini kredit borcuna görə satır'

MƏHKƏMƏLƏR ÇOXALACAQ...

Ə.Həsənov vurğulayıb ki, daşınmaz əmlak da tədricən dəyərdən düşür. Bu da ekspertin fikrincə, borclu insanların vəziyyətini bir qədər də pisləşdirir: «Onsuz da sahibkar düşünür ki, borc qoyulan girovun qiymətindən bahadır. Odur ki, məhkəmə prosesləri çoxalacaq. Belə məhkəmələr 2-3 il çəkir».

Ə.Həsənov qeyd edib ki, fəaliyyətə başladıqları mart ayından bu yana 3 mindən çox vətəndaş «Antikollektor» Birliyinə müraciət edib. Onun deməsinə görə, son iki-üç ayda vətəndaşların müraciətləri azalıb: «Bu isə yay fəsli, bankların da, vətəndaşların da aktivliyinin azalması ilə bağlıdır. Həm də artıq əhali texnoloji vasitələrdən istifadə etməklə müraciətlərə üstünlük verirlər».

Ə.Həsənov deyib ki, onlara müraciət edənlərdən 50 nəfərin işi hazırda məhkəmədədir. Həmin şəxslərin sona kimi hüquqlarını müdafiə etməyi düşünürlər.

Bu ara ölkədə problemli kreditlərin artdığı da açıqlanıb. Mərkəzi Bankın (MB-nin) açıqladığı statistikada qeyd edilir ki, iyulun 1-də problemli kreditlərin həcmi 1 milyard 539.8 milyon manata çatıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. İyun ayında problemli kreditlərin 25.6 milyon manat artdığı söylənir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG