Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:42

Bakı-Şamaxı yolunun üstündəki 28 May qəsəbəsi Binəqədi rayonunun inzibati ərazisində yerləşir. Bu yeni yaşayış məntəqəsinin bir hissəsi əvvəllər Xocasən qəsəbəsinin inzibatı ərazisinə daxil imiş. 2004-cü ildə qəsəbə Xocasənin tərkibindən ayrılıb. Əhalisinin sayı 10 min nəfəri ötən qəsəbədə bir uşaq bağçası və bir orta məktəb fəaliyyət göstərir.

YOLSUZLUQ

Ancaq qəsəbə sakinlərinin AzadlıqRadiosuna göndərdikləri məktubdan görünür ki, qəsəbənin xirtdəkdən yuxarı problemi var. Sakinlər yazırlar ki, qəsəbənin əsas yolunun bir hissəsi yaşıl təpəciklərlə bəzədilib. Ancaq göz oxşayan mənzərənin arxasında başqa bir tablo gizlənir:

«... Yollarımızda heç vaxt asfalt olmayıb. Öz hesabımıza pis-yaxşı düzəltmişdik. Düzəltdiyimizi də iki il əvvəl dağıtdılar ki, guya yol çəkəcəklər. Ancaq hələ də dağıdılmış vəziyyətdə qalıb. Yağışda gölməçələrə çevrilən yollarımıza əncam çəkən yoxdur. Qəsəbənin məktəbi yüksəkdə yerləşdiyindən ora gedən yollar daha bərbaddır, hər gün o yolu gedən uşaqların, müəllimlərin, valideynlərin nə çəkdiyini bir özünüz düşünün. Yolsuzluq məktəblilərin dərsə davamiyyətinə də təsirini göstərir. Heç olmasa, məmurlarımız qışda bu kələ-kötür, yöndəmsiz yollarda yıxılıb qolunu-qıçını sındıran müəllimlərin, şagirdlərin halına acısın».

«AVTOBUSLARIN ARXASINCA BAXIRIQ»

Dərd bununla bitmir. Qəsəbədə ciddi nəqliyyat problem var. Eyni istiqamətdə yerləşən, əhalisinin sayı 60 min nəfəri aşan üç böyük yaşayış məntəqəsinə vur-tut bircə avtobus xətti açılıb. Günün istənilən vaxtı dayanacaqlarda sıxlıqdır və insanlar bu avtobuslara minib düşməkdən ötrü əməllicə mücadilə aparırlar. Yenə sakinlər yazır: «… Əvvəllər bu istiqamətdə işləyən 109 saylı marşrut xətti də hansısa pula həris məmurun qurbanına çevrildi, ləğv edildi. Hazırda pik saatlarında Bakıya gedən avtobuslar Müşfiq qəsəbəsindən bizə gələnə qədər sərnişinlə dolduğundan, sürücülər bizim dayanacaqlarda əyləmirlər, bizə yalnız o avtobusların arxasınca baxmaq qalır».

İŞIQSIZ XALQ

Bir də qəsəbənin ən yaralı yeri olan işıq… Ələlxüsus da payız yetişəndən ta yaza qədər sakinlər işığa həsrət qalır. Yazırlar ki, mərkəzin burnunun ucunda yerləşən qəsəbədəki bütün həyətlərdə ucqar kənd yerlərindəki kimi, odun saxlanc yeri var. Sakinlər qışa odunu ta yaydan alıb doğrayıb saxlayırlar: «…Biz enerji istehsal edən dövlətdə küləkli, yağışlı havada işıqsız qalan xalqıq. Məmurlar bunu bizə niyə yaşadır, anlaya bilmirik».

Sakinlərin yazdığına görə, qəsəbədə tibb məntəqəsi var, ancaq barmağı qanayan kimsə buraya üz tutsa, yaranı sarımağa məntəqədə pambıq da tapılmaz. Nə bir tibbi zəruri avadanlıq, nə də savadlı, xəstəyə can yandıran həkim var. Xəstələr Xocasəndəki Sağlamlıq Mərkəzinə getmək məcburiyyətində qalırlar.

İCRA HAKİMİYYƏTİ XƏBƏRDARDIR

Məktubda məktəb probleminə də toxunurlar. Yazırlar ki, bu boyda qəsəbədə cəmi bir məktəb var. Şagirdlərin sayı çox, sinif otaqları azdır. Sıxlığın aradan qaldırılması məqsədilə dərslər üç növbəlidir. Müəllimlər otağı yerli-dibli yoxdur, gün ərzində gərgin çalışan müəllimlər tənəffüs zamanı nəfəs dərməkdən ötrü oturmağa yer tapmırlar.

Sakinlər sadaladıqları problemlərin həllini tələb edirlər. Binəqədi rayonu İcra Hakimiyyəti isə bu tələblərdən xəbərdardır. Qurumdan «Qaynar xətt»ə bildirilib ki, qəsəbədə yolların asfaltlanması ilə bağlı ilkin hazırlıq işləri görülüb. Yaxın vaxtlarda yol problemi aradan qaldırılacaq. Qurumdan bildirilib ki, qəsəbədə sakinlərin sayı artdığından ikinci məktəb tikintisi də plandadır. Nəqliyyat probleminə görə əvvəllər də müraciət etmiş sakinlərə bu məsələ ilə məşğul olan müvafiq quruma üz tutmaları tövsiyə olunub. İşıqların tez-tez sönməsinə gəlincə, qurumdan deyilib ki, problem havalar soyuyanda sakinlərin elektrik qızdırıcılardan daha çox istifadə etməsiylə naqilləri yükləmələrindədir.

Sakinlərsə qəsəbənin sosial problemlərinin həllindən ötrü daha bir məktubu ölkə başçısına göndəriblər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG