Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:41

Keçmiş vergi işçisi prezidentə 43 məktubda nədən yazıb


Vergi.
Vergi.

-

«Vergilər Nazirliyinin kadr idarəsinin rəisi Faiq Şahbazov və nazirin müavini Sahir Məmmədxanov barəsində prezidentə 43 dəfə məktub yollamışam. Ancaq məktublar elə şikayətçi olduğum Vergilər Nazirliyinə qayıdır, orda da ört-basdır olunur».

Namiq Məmmədov Qəbələnin Bum kəndində yaşayır. 6 il əvvələdək elə həmin rayonun vergi idarəsində işləyib. Deməsinə görə, qərəzli şəkildə işdən çıxarılıb:

«Özüm YAP üzvüyəm. 40 illik iş stajım var. Bunun 10 ilini vergilər idarəsində işləmişəm. Ancaq əmək kitabçama qərəzli olaraq 70-ci maddənin «c» bəndini vurmaqla, bütün əmək fəaliyyətimin üstündən xətt çəkiblər. Vicdanla çalışmışam, rüşvətə qarşı çıxmışam. Çətinliklə 6 uşaq böyütdüyüm bir vaxtda məni qərəzli şəkildə işsiz qoyublar».

«500 MANAT OĞURLAYAN 5 MANAT OĞURLAYANIN KİTABINI BAĞLAYIR»

Keçmiş vergi işçisi iddia edir ki, Attestasiya Komissiyasının sədri Sahir Məmmədxanov araşdırma aparmadan onun vəzifəyə uyğun olmadığını qeyd edib:

«İşdən kənarlaşdırılmağımın sifarişi birbaşa Sahir Məmmədxanovdan gəlib. Səbəbini özü də yaxşı bilir. Mən demişəm ki, «Sahir Məmmədxanov nə qədər əməkhaqqı alır ki, İsmayıllı rayonunun İstisu kəndində o boyda villa tikdirir, kafe, bar saxlayır. Bunu hansı maaşla edir?». Bu adamların büdcəyə topladıqları vəsait aldıqları paketləri bağlamır. Bu adamların çoxu biri-birinin satqınıdır. 500 manat oğurlayan 5 manat oğurlayanın kitabını bağlayır. Mən bunlara son verilməsini tələb etmişəm. Məktublarım Prezident Administrasiyasından dolanıb gedib girir Vergilər Nazirliyinə, orda da oxuyub məsxərəyə qoyurlar».

Namiq Məmmədov onun iştirakı ilə 6 il əvvəl keçirilmiş attestasiyanın 10 saylı Ərazi Vergilər İdarəsinə aid olan hissəsinə yenidən baxılmasını tələb edir. Düşünür ki, əgər məsələyə ədalətlə yanaşılsa, kimin doğru, kimin yalan olduğu üzə çıxacaq.

«20 SUALDAN 7-Nİ CAVABLANDIRIB»

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən «Qaynar xətt»ə bildirilib ki, Namiq Məmmədov 2000-ci ilin sentyabrından 2010-cu ilin iyulunadək qurumun 10 saylı Ərazi Vergilər İdarəsinin Koordinasiya bölməsində böyük mütəxəssis vəzifəsində işləyib. Vergi orqanı əməkdaşlarının növbəti attestasiyası zamanı 20 sualdan yalnız 7-sini cavablandırdığından Attestasiya Komissiyasının rəyi əsasında tutduğu vəzifəyə uyğun hesab olunmayıb. Nazirin əmri ilə işdən azad edilib: «Nazirlikdə işə qəbul, işçilərin attestasiyası tam şəffaf şəkildə keçirilir, bütün materiallar, o cümlədən, prosesin video-çəkilişi nazirlikdə saxlanılır. Namiq Məmmədov işdən azad edildikdən sonra işə bərpa olunmaqla əlaqədar dəfələrlə nazirliyə müraciət edib. Nazirliyin müvafiq vəzifəli şəxslərinin qəbulunda olub. Onun bütün müraciətləri qanunauyğun qaydada cavablandırılıb. İşə bərpa olunmasından ötrü hüquqi əsas olmadığı barədə ona ətraflı məlumat verilib. Bu ilin fevralında çoxsaylı müraciətləri nəzərə alınaraq Namiq Məmmədova 10 saylı Ərazi Vergilər İdarəsində fond hesabına müfəttiş vəzifəsində iş təklif olunub. Ancaq o, təkliflə razılaşmayıb».

Şöbədən o da bildirilib ki, Namiq Məmmədovun müraciətindəki digər məsələlərin də heç bir əsası yoxdur.

XS
SM
MD
LG