Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:33

►Rahim Hacıyev: “Azadlıq qəzeti 3 ildir ki, hökumət yardımından məhrum olub”

Prezident İlham Əliyev Milli Mətbuat Günü öncəsində Azərbaycanda nəşr olunan qəzetlərə ümumilikdə 1 milyon manat birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb.

Sərəncamın ölkədə nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə verildiyi qeyd edilir.

Sərəncama əsasən, prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılacaq.

Həmin vəsait qəzetlərə birdəfəlik maliyyə yardımı göstərilməsinə sərf edilməlidir.

Müxalif mövqeli “Azadlıq ” qəzetinin redaktor əvəzi Rahim Hacıyev deyib ki, ölkə başçısının qəzetlərə yardımını nəzərdə tutan sərəncamının onlara aidiyyəti yoxdur. O, qeyd edib ki, artıq 3 ildir, “Azadlıq” qəzeti hökumət yardımından məhrum olub.

Onun deməsinə görə, “Azadlıq” qəzeti Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə 2013-cü ilədək əməkdaşlıq edib. Ancaq həmin il fond qəzetə maliyyə ayırmaqdan imtina edib.

Rahim Hacıyev hazırda qəzetin maliyyə durumunun çox ağır olduğunu ifadə edib.

Buna da bax: 'Reklam pulları qlamur jurnallara axır'

“Təkcə nəşriyyata olan borcumuz 20 min manatı ötüb. Yayım firması isə 100 min manata yaxın vəsaitimizi hələ də ödəmək istəmir”, R.Hacıyev bildirib.

O, ölkə başçısının sərəncamı ilə ayrılan vəsaitin bölgüsü zamanı “Azadlıq” qəzetinin də nəzərə alınacağı təqdirdə, həmin pulu elə “Azərbaycan” nəşriyyatına ödəyəcəklərini qeyd edib.

İyulun 21-də prezident həmçinin, mətbuat işçilərinə yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılmasından ötrü inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon manat ayrılıb.

Bundan əvvəl, dövlət vəsaiti hesabına bir bina da tikilərək bəzi jurnalistlərin istifadəsinə verilib.

Ancaq bəzi müstəqil jurnalistlər dövlətdən ev almağı düzgün saymırlar. Onların fikrincə, Azərbaycan kimi azadlıqların boğulduğu ölkədə bu jurnalistləri hakimiyyətdən asılı vəziyyətə salır.

Hər il iyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. 141 il əvvəl həmin gün Azərbaycanda ilk müstəqil qəzet “Əkinçi” işıq üzü görüb.

Buna da bax: Bakı sakinləri ANS TV-nin bağlanması barədə

Günün bütün mövzuları

XS
SM
MD
LG