Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:18

Prezident niyə Lələtəpəylə hədələyir?


İlham Əliyev, cəbhə bölgəsi 12.11.2016

İlham Əliyev, cəbhə bölgəsi 12.11.2016

“İndi də hər iki ölkə rəhbərliyi bir-birlərinə güclərini göstərməklə bağlı polemika aparırlar”

“İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə kimi bir çox uğurlu əməliyyatlar olacaq”.

Bu bəyanatla prezident İlham Əliyev noyabrın 12-də Füzuli rayonunda, hərbçilər qarşısında çıxış edib.

“Cəsarətli bəyanat deyil”

Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev yada salır ki, aprel döyüşlərindən sonra Azərbaycan tərəfində tezliklə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ümidlər yaranmışdı. Erməni tərəfinin Putinlə görüşü, özünü münaqişənin həllinə yaxın göstərməsi bu ümidləri daha da artırmışdı:

Elxan Mehdiyev

Elxan Mehdiyev

“Ancaq Vyana və Sankt-Peterburq görüşündən sonra bəlli oldu ki, Ermənistan Rusiyadan müasir silahlar almaq və cəbhə xəttindəki mövqelərini möhkəmləndirməyə vaxt qazanmağa çalışıb. İndi erməni tərəfi, ümumiyyətlə, danışıqlara gəlmir, əksinə, onlar hələ psixoloji üstünlük dönəmi yaşayır və Azərbaycana qarşı son vaxtlar yenidən hədə-qorxu siyasəti aparır. İlham Əliyevin son bəyanatları da buna hesablanıb ki, danışıqlar bir nəticə verməsə, Lələtəpə kimi əməliyyatlar yenə ola bilər”.

Elxan Mehdiyev deyir ki, ancaq bu bəyanatlar cəsarətli səslənmir: “Prezidentinbu bəyanatı sərt, cəsarətli deyil, Azərbaycan torpaqlarının azad edilməsinə yönəlməyib. Daha çox mülayim şəkildə verilən tutqun bəyanatdır".

“Ermənistana verilən sərt cavabdır”

Millət vəkili Rasim Musabəyov isə bir müddət öncə erməni tərəfinin Azərbaycanın işğal olunmuş torpaqlarında genişmiqyaslı hərbi təlimlər keçirdiyini yada salır. Prezidentin bəyanatını Ermənistana verilən sərt cavab kimi qiymətləndirir:

Rasim Musabəyov

Rasim Musabəyov

“Onlar ağızdolusu “İskander” nümayiş etdirirlər, deyirlər ki, “cəbhə xəttini möhkəmləndirmişik”. Cənab prezident də buna cavab verir. Həmsədrlər isə deyir ki, indiki vəziyyəti qoruyub saxlayaq. Bilmirəm, dekabrda xarici işlər nazirlərinin görüşü baş tutacaq, ya yox, ancaq Ermənistanın bu günkü mövqeyinə baxanda, o görüşlərin də heç bir faydası yoxdur. Cənab prezident də deyir ki, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına razılıq verməyəcəyik. Məcburiyyət qarşısında qoyulanda torpaqlarımızı güc yolu azad etməyə hazırıq. Əlbəttə, danışıqlarda irəliləyiş olmazsa, torpaqlarımız hərbi yolla azad edilməlidir”.

“Hərə özünün aldığı silahın gücünə uyğun ritorikanın sərtləşdirir”

Münaqişələr üzrə ekspert Əvəz Həsənov-un sözlərinə görə, indi həm Ermənistanda, həm də Azərbaycanda aprel ritorikasından da sərt ritorika başlayıb.Bu, özəlliklə, Ermənistanda güclüdür:

Əvəz Həsənov

Əvəz Həsənov

“Ermənilər “İskander”i alandan sonra Azərbaycanda da İsraildən “dəmi çətir” tipli hərbi qurğunun alınması xəbərləri yayılmağa başladı. İndi də hər iki ölkə rəhbərliyi bir-birlərinə güclərini göstərməklə bağlı polemika aparırlar. Azərbaycanda əmindirlər ki, Ermənistanın Rusiyadan aldığı silahlar onun karına çatmayacaq. Ermənistanda da əmindirlər ki, Azərbaycanın indiyədək aldığı silahlar Rusiyadan alınanlarla müqayisədə o qədər güclü deyil. Ona görə hərə özünün aldığı silahın gücünə uyğun ritorikanı sərtləşdirir”.

“Azərbaycan heç vaxt özbaşına hərbi əməliyyatlar keçirə bilməz”

Hərbi ekspert Telman Əbilov-un fikrincə, bu cür bəyanatlar daxili auditoriyaya hesablanıb:

“Azərbaycan heç vaxt özbaşına hərbi əməliyyatlar keçirə bilməz. Heç aprel əməliyyatını da özü keçirmədi. Bu, Rusiyanın bir oyunu idi. Ermənistan da, Azərbaycan da bu oyuna cəlb olunub. Rusiyanın razılığı olmadan Azərbaycan heç bir əməliyyat keçirə bilməz”.

“Həm də güc göstəricisidir”

Azərbaycanın noyabrın 12-də genişmiqyaslı döyüş təlimlərinə başlamasına gəlincə, politoloq Elxan Mehdiyev deyir ki, hərbi təlimlərin sayı və miqyası artırılmalıdır:

“Bu təlimlər ordunun döyüş qabiliyyətinin artırılmasına xidmət edir. Yeni müdafiə nazirinin hərbi təlimlərlə bağlı addımları cəmiyyətdə müsbət qarşılanır. Həm güc göstəricisidir, həm də döyüş hazırlığının artırılmasına görədir. Müharibə vəziyyətində olan, torpaqları işğal edilmiş ölkədə bu cür təlimlərin sayı daha çox olmalıdır”.

Azərbaycan ordusunun hərbi texnikası

Azərbaycan ordusunun hərbi texnikası

Telman Əbilov düşünür ki, döyüş təlimləri hər 6 aydan bir keçirilməlidir:

“Ancaq həm Azərbaycanda, həm də Ermənistanda son təlimlər də ictimai rəyə hesablanıb”.

Ekspertlər onu da əlavə edirlər ki, müharibə əhval-ruhiyyəli bəyanatlara baxmayaraq, həm Ermənistan, həm də Azərbaycan tərəfi danışıqlardan qaça bilməyəcəklər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG