Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:21

İki Heydər haqqında


-

Mayın 8-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


«HAKİMİYYƏT NİDA-ÇILARDAN QİSAS ALIR»

AXCP sədrinin müavini Gözəl Bayramlı «Azadlıq» qəzetinə müsahibəsində deyib:
«Həqiqətən də gənclər barəsində çıxarılan hökmü birbaşa hakimiyyətin qisasçılığı kimi dəyərləndirmək olar. Azərbaycan hakimiyyəti NİDA-çı gənclərə qarşı olduqca qəddar davrandı. Hakimiyyət indiyə qədər siyasi məhbuslarla bağlı yürütdüyü siyasəti davam etdirdi. Bütün Azərbaycan cəmiyyəti bilir ki, bu gənclərin heç bir günahı yoxdur. Gənclərin bir günahı var ki, onlar Azərbaycanda demokratik cəmiyyətin qurulmasını istəyirlər. Onlar haqlı olaraq hakimiyyətin avtoritarizm siyasətini tənqid edirlər. Hakimiyyət də bu gənclərdən qisas almaq məqsədilə haqsız olaraq onları həbs edib və sonda da onlar barəsində bu cür ağır qərar çıxardı. Gənclər ədalət fəryadı qopardılar. Bu gənclər 20 gün aclıq elan etdilər. Gənclərin günahsız olduqlarını Azərbaycan cəmiyyətinə, dünya ictimaiyyətinə çatdırmalarına baxmayaraq, iqtidar sübut etdi ki, bu ölkədə heç bir zaman haqq-ədalət olmayacaq. Hakimiyyət ona qarşı mübarizəyə qalxan bütün insanları cəzalandırılacağını deyir. NİDA-çılara kəsilən illər bunu göstərdi. Hakimiyyət hətta bununla da kifayətlənmədi. Məhkəmənin önünə gələn vətəndaşlarda hakimiyyətə qarşı bir qəzəb var idi. Hakimiyyət onu demək istəyir ki, bu hakimiyyəti tənqid edən bütün insanları həbsə atmağa hazırdır. Bu ölkədə artıq avtoritarizmdən totalitarizmə keçid yaşanır».

AZAD VƏ PLÜRALİST MEDİA
Əli Həsənov
Əli Həsənov

«Azərbaycan» qəzeti Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü Əli Həsənovun məqaləsini dərc edib. Müəllifin fikrincə, bu gün Azərbaycanda dünya standartlarına uyğun azad, plüralist media formalaşıb. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr olunur. 80-dən artıq elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini işıqlandıran və əyləncə xarakterli jurnal çıxır. Azərbaycanda 20-yə yaxın informasiya agentliyi ölkədə və dünyada baş verən hadisələrlə bağlı müntəzəm və çeşidli məlumat yayır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr olunur.

«...2009-cu ildən bəri jurnalistlərin insanları böhtan və təhqir etmə maddəsi ilə və ümumən yaradıcılıq fəaliyyəti ilə bağlı həbsə alınması faktı qeydə alınmayıb. Hazırkı şərait Azərbaycanda «difamasiya haqqında» yeni qanun layihəsinin müzakirəyə çıxarılması və qəbul olunmasını, jurnalistlərin fəaliyyətinin daha da asanlaşdırılması və təhlükəsizliyinin dolğun təmin olunmasını gündəmə gətirib. Ölkə rəsmiləri və mətbuat ictimaiyyəti hazırda inkişaf etmiş demokratik dövlətlərin bu sahədəki təcrübəsini öyrənərək Azərbaycanda tətbiqi üzərində birgə fəaliyyət göstərir».

«BURADA «KÖHNƏ QVARDiYA», «YENİ QVARDİYA» MƏSƏLƏSİ YOXDUR»

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov «Yeni Müsavat» qəzetinə müsahibə verib:

- Son günlər komanda daxilindəki proseslər, yeni təyinatlar «köhnə qvardiya»nın zəfəri kimi yozulur. Belədirmi?

- Burada «köhnə qvardiya», «yeni qvardiya» məsələsi yoxdur. Sadəcə olaraq, prezidentin səlahiyyətlərinə aid olan məsələlərdir. Prezident kimi istəyir təyin edir, kimi istəyir uzaqlaşdırır. Bu da onların işi, fəaliyyəti ilə bağlı olan məsələdir. Kim işinin öhdəsindən gəlirsə, yaxşı işləyirsə, daha yüksək vəzifələrə təyin olunur. İşinin öhdəsindən gəlməyən, yarıtmaz fəaliyyət göstərən şəxs isə tutduğu vəzifədən azad olunur...

AZƏRBAYCANDA DƏRMANLARIN 30-40%-İ SAXTADIR?


Eyyub Hüseynov
Eyyub Hüseynov
Bunu «Exo» qəzetinə Azad İstehlakçılar Birlyinin sədri Eyyub Hüseynov deyib.

«Hər gün birliyə istehlakçılar tərəfindən zənglər edilir, onlar bəzi apteklərdə dərmanların bahalığından şikayətlənirlər. Biz bu barədə Səhiyyə Nazirliyinin müvafiq strukturları ilə danışmışıq. Onlar vahid qiymət tətbiq olunacaq dərman preparatlarının siyahısını hazırlayırlar».

İKİ HEYDƏR HAQQINDA

ANSPRESS: «Ümummilli liderin ad günü ərəfəsində əməkdaşımız Mais Məmmədov «İki Heydər haqqında» başlıqlı kiçik bir məqalə yazıb:

Rusiyanın ən populyar qəzeti olan «Komsomolskaya pravda» bu günlərdə öz səhifələrində tanınmış televiziya elçisi, «Davay pojenimsya» proqramının aparıcısı Roza Sabitova ilə müsahibəni dərc edib.

O, qəzetin əməkdaşlarına qızı Ksyuşanı öz verilişinə niyə dəvət etməsindən danışıb. Sabitovanın sözlərinə görə o, gözəl, ağıllı, telegenikdir və əsl ulduz olacağına ümid verir. Aparıcı qadın qürrələnməyi də unutmayıb: «Bu yaxınlarda mənə dedilər ki, Ksyuşa Azərbaycan prezidentinin oğlu Heydərin çox xoşuna gəlib».

Bunun nə qədər gerçək olmasını söyləmək, əlbəttə ki, çətindir. Mənim fikrimcə, bu, sadəcə, övladını sevən ananın piar-gedişidir. Digər tərəfdən, 17 yaşda, məhz Heydərin də 17 yaşı var, oğlanın xoşuna çox qız gələ bilər. Amma mən əminəm ki, bu gənc insanın özü bəşəriyyətin ən zərif yarısı tərəfindən ciddi diqqət obyektinə çevrilib, yaşından çox ağıllı olan bu yaraşıqlı gəncin adı gələndə artıq neçə-neçə qızın qəlbi döyünməyə başlayır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG