Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:16

İlham Əliyev oyunu axıra qədər izləmədi


İlham Əliyev və Mehriban Əliyeva nəvələri ilə birlikdə oyunu izləməyə gəliblər
İlham Əliyev və Mehriban Əliyeva nəvələri ilə birlikdə oyunu izləməyə gəliblər

-

Mayın 5-də Bakıda 17 yaşadək gənclər arasında futbol üzrə Avropa Çempionatının final mərhələsi başlayıb. Yarışlarda 16 komanda iştirak edir. Qrup mərhələsində matçlar mayın 5-dən 12-dək davam edəcək. Hər qrupdan iki ən yaxşı komanda 1/4 finala çıxacaq. Final qarşılaşması isə mayın 21-də keçiriləcək.

*Youtube Kanalımıza abunə ol - Ölkədəki hadisələrdən xəbərin olsun

Mayın 5-də Bakı Olimpiya stadionunda çempionatın təntənəli açılışından sonra A qrupunda yer alan Azərbaycan yığması Portuqaliya millisinə 5:0 hesabı ilə məğlub oldu. Çoxları bu çempionata təşkilatçı kimi düşən Azərbaycan yığmasından məğlubiyyət gözləsə də, 5:0 hesabını «biabırçılıq» adlandırır.

Futbol+ qəzetinin redaktoru Kənan Həsənov da AzadlıqRadiosu-na millinin dünənki oyunu, hazırlıq səviyyəsi və məğlubiyyət səbəbləri haqqında danışır:

– Bu, 17 yaşlı oğlanlar arasında Azərbaycanda keçirilən ilk turnirdir. Məhz buna görə, Azərbaycan yığması, təşkilatçı ölkə kimi, seçmə mərhələləri keçmədən, çempionatda avtomatik iştirak hüququ qazanır. Ev sahibliyi məqamı Azərbaycan yığmasının birbaşa final mərhələsində oynamasına şərait yaratdı. Əksinə olsaydı, yəni, Avropa Çempionatının final mərhələsi başqa bir ölkədə keçirilsəydi, yığmamızın ora düşmək perspektivi haqda müsbət fikirlər söyləmək çox çətin olardı. Çünki indiyə kimi düşməmişdi.

– İki gün əvvəl isə yığmanın baş məşqçisi meydana qələbə üçün çıxacaqlarını demişdi.

– Yəqin baş məşqçi Təbriz Həsənov doğma meydan amilini, azarkeşlərin dəstəyini nəzərə almışdı. Komandanın ilk debüt oyunu idi, baş məşqçi də nəyəsə ümid edirdi. Tək baş məşqçi yox, oyun öncəsi açıq məşqdə futbolçular da belə iddialı çıxışlar etmişdilər. Hətta biri demişdi ki, «iştahamız çox böyükdür, hətta Avropa çempionluğuna iddialıyıq». Ancaq bu iddialar meydanda yaşananlara üst-üstə düşmədi. Məğlubiyyət gözlənilirdi, amma darmadağını gözləmirdik. Hamı minimal hesablı məğlubiyyət proqnozlaşdırırdı. Bu, həm də erkən buraxılan qolla bağlı idi. Elə bil, komanda bundan sonra şoka düşdü. Bundan sonra çox kobud, biabırçı səhvlərlə qollar buraxıldı. Komanda oyunundan əsər-əlamət yox idi. Yığma meydana nə üçün çıxmışdı, nə etmək istəyirdi, məlum deyildi.

– Hazırda 17 yaşlılardan ibarət yığmada 6 legioner çıxış edir. Artıq neçə illərdir futbol rəsmiləri, mütəxəssislər Azərbaycan futbolunun inkişafını yerli futbol məktəblərindən çıxan azyaşlı futbolçularda görürlər. Hətta bununla bağlı dövlət proqramı da var. 17 yaş –yəni ondan əvvəlki və hazırkı yaş elə yetişdirilmə dövrüdür. Bəs, niyə yenə yığmaya legionerlər gətirilir?

– Avropa Çempionatı üçün açıqlanan 18 nəfərlik siyahı var. Bu siyahıdakı 6 əcnəbi müxtəlif xarici komandalarda çıxış edən türk futbolçulardır. Onların yığmaya gətirilməsi futbol mütəxəssisləri, jurnalistlər arasında da ajiotaja səbəb olmuşdu. Bu bir daha onu göstərir ki, Azərbaycan futbolunda aşağı yaş qruplarında normal, sistemli iş getmir. Normal iş getsəydi, peşəkar yanaşma olsaydı, bu gün 17 yaşlılardan ibarət yığmaya xaricdən əcnəbi gətirilməzdi. Bir nəfər gətir, iki nəfər gətir, 6 nəfər yox. Bunun özü çox biabırçı faktdır. Onların meydanda sərgilədiyi oyun da göstərdi ki, bizim futbolçulardan ciddi fərqlənmirlər. Adətən deyirik ki, kənardan gətirilən futbolçu yerlidən ən azı bir baş üstün olmalıdır. Ancaq meydanda biz onu görmədik. Düzdür, 2005-15-ci illərdə futbolun inkişafı ilə bağlı ölkə prezidentinin imzaladığı dövlət proqramı olub. Belə çıxır, bu illər ərzində papağı günə yandırmışıq. Heç bir ciddi iş görülməyib.

– Elə dünənki oyunu prezident də izləyirdi...

– Bəli, prezident xanımı, nəvələri ilə gəlmişdi. Oyunu izləyirdi. Bizim oyundakı jurnalistlərin müşahidələrinə görə, prezident birinci hissədən sonra çıxıb gedib, heç ikinci hissəyə baxmayıb.

– Bu tip turnirlər keçiriləndə həmin turnirin büdcəsi də jurnalistləri maraqlandıran amillərdən olur. Bu dəfə də rəsmilər büdcəni açıqlamır. Sizdə bu barədə məlumat varmı?

– Hansısa turnirin final mərhələsindən söhbət gedirsə, istər Avropa, istərsə də dünya miqyaslı olsun, hər halda belə böyük turnirlər qəpik-quruş hesabına başa gəlmir, böyük pullar xərclənir. Amma hələ ki, AFFA indiyə qədər bu məbləği açıqlamayıb. Ola bilsin ki, çempionat yekunlaşandan, bütün hesablamalar başa çatandan sonra ictimaiyyətə açıqlama verilsin.

– Bu cür turnirlərin təşkilatçılıq hüququ əvvəldən verilsə də, iqtisadi böhrana görə bunu vacib saymayanlar olur, hətta imtina çağırışları səslənir. Yəni, bu turnir Azərbaycana nəyə görə lazımdır?

– Bəli, təşkilatçı ölkənin adı öncədən açıqlanır və öhdəlikləri olur. Yəni bu məsələ çoxdan həll edilib. Azərbaycanın bunda qazancı nədir? Bizdə 17 yaşlı futbolçu qızlar arasında da dünya çempionatı keçirildi, gələcəkdə böyüklər arasında Avropa

«Normal iş getsəydi, peşəkar yanaşma olsaydı, bu gün 17 yaşlılardan ibarət yığmaya xaricdən əcnəbi gətirilməzdi»

Çempionatının final mərhələsi olacaq. Azərbaycan təşkilatçılıq baxımından, bir növ, yüksələn xətt üzrə gedir. Dünyaya göstərmək istəyirik ki, bu yükü götürmək gücündəyik. Potensialımız var. Sadəcə, bu potensialla yanaşı, həmin yarışda oynaya biləcək, özünü göstərə biləcək, başqa komandalara qarşı rəqabət apara biləcək komandamız olmalıdır. Ancaq təəssüf ki, bu yoxdur.

– Sonda yenə komandaya qayıdaq. Sizcə, ilk oyunda ağır məğlubiyyətlə üzləşən yığma qrupdan çıxa biləcəkmi?

– Birinci oyundan sonra ümidli danışmaq çox çətindir. Ancaq Şotlandiya ilə oyuna ümid qalır. Bu cür yığmanın qrupdan çıxması isə möcüzə olar. Buna inanmıram.

Həmçinin baxın - Yeni hazırlanmış videoları izləyin:

XS
SM
MD
LG