Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:58

Polşa hökuməti keçmiş prezident Lech Kaczynski və Rusiyada qəzada ölmüş digər rəsmilərin meyitlərinin yarılmasına qərar verib.

Lech Kaczynski, onun xanımı və onlarla Polşa rəsmisi 2010-cu ildə Rusiya ərazisində təyyarə qəzasında həlak olmuşdu. İndi bu qəzanın təsadüfi faciə deyil, bir iyrənc oyunun hissəsi olması ehtimalları araşdırılır. Araşdırma haqda​«The Wall Street Journal» qəzeti yazır.

Əvvəlki administrasiya və Moskvadakı araşdırma komitəsi qəzanın qatı duman, eyni zamanda pilotun səhvi ucbatından baş verdiyini deyirdilər. Amma Polşada keçən il hakimiyyətə gələn mühafizəkarlar bu hesabatlara inanmır. Polşa mütəxəssislərinin hazırladığı hesabatda qəzaya görə həm də Rusiyanın köhnə və yararsız hava limanı, limanın uçuşlara nəzarət edən işçiləri günahlandırılır.

96 NƏFƏRDƏN 83-NÜN MEYİTİ YARILACAQ

Noyabrda Polşanın müdafiə naziri vəzifəsinə təyin olunan Antoni Macierewicz deyib ki, o, təyyarənin hələ havada ikən parçalandığına əmindir. Onun fikrincə, təyyarənin partladıldığını sübut edən dəlillər Rusiyada qalıb. Moskvadakı, eləcə də Varşavadakı araşdırma komitələri onun ittihamlarını rədd ediblər. Amma A.Macierewicz iş başına keçən kimi bu qəzanı yenidən araşdırmağa xüsusi komitə yaradıb. Komitədə müxtəlif sahələr üzrə mütəxəssislər çalışırlar.

Qəzaya uğrayan təyyarənin qalıqları

Qəzaya uğrayan təyyarənin qalıqları

Tədqiqatçılar qəzanın əsl səbəbini öyrənmək üçün meyitlərin yarılmasının vacibliyini bildiriblər. Qərara görə, həlak olan 96 nəfərdən 83-nün meyiti açılacaq. Bir il çəkəcək araşdırmalarda mütəxəssislər öncəki ekspertlərin qənaətinin səhv olub-olmadığını müəyyən etməyə çalışacaqlar.
Meyitlərin yarılması qərarı geniş mübahisələr yaradıb. Ölənlərin bəzilərinin ailələri buna qəti etiraz etdikləri halda, digərləri rusiyalı tədqiqatçıların məsələyə laqeyd yanaşdığını iddia edərək, həqiqətin üzə çıxarılmasına tərəfdar olduqlarını bildiriblər.

«ƏRİMİ LƏYAQƏTLƏ DƏFN EDƏCƏM»

Qəzada ölmüş Mədəniyyət naziri müavininin xanımı Magdalena Merta deyib ki, bu araşdırma ona basdırdığı adamın kim olduğunu öyrənmək şansı verəcək: «Mən həm də ərimi ləyaqətlə dəfn etmək fürsəti qazanacağam».

Hakim Qanun və Ədalət Partiyasının lideri və qəzada ölmüş prezidentin əkiztayı Jaroslaw Kaczynski də prokurorların planıyla razılaşdığını bildirib.
Qəzaya uğrayan təyyarədəki rəsmilər, eləcə də Polşa prezidenti Rusiyaya 1940-cı ildə Sovet əsgərlərinin güllələdiyi 20 mindən çox polşalının xatirəsini yad etməyə gedirdi.

Kabinədəki danışıqların audioyazısı qəzanın sui-qəsd olmadığını, heyətin dumanlı havaya görə narahatlıq keçirdiyini sübut edib.

Prezident və onun xanımının nəşi noyabrın axırında yenidən Krakov kilsəsindəki sərdabədə basdırılacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG